Üzeyir Hacıbəyli

Ordan-burdan

Rusiyanın hal-hazırda mövcud övza və əhvali rus "ər"lərinə xoş gəlmir. Bu iğtişaşə bir nəhayət olacaqmı? Haçan Rusiya kəsbi sükunət edəcək? - suallarını virdi-zəban edərək, təngə gəldiklərini izhar edirlər. "Zülm, cəbr, zor lazımdır! Öldürmək, yandırmaq, qırmaq lazımdır!" - deyə bunlar hökumətə "əlac" və "əncam" göstərirdilər. Lakin zülm, cəbr, zor, öldürmək, yandırmaq, qırmaq, dağıtmaq - bunlar Rusiyanın sükunəti üçün bir "əlac" və rahatlıq üçün "əncam" olmadı və olmur.
Bəs nə etməli? Daha "əlac" yoxdurmu? "Novoye vremya"çı cənab Menşikov deyir ki, "əlac" var - yaponlar ilə ikinci dəfə müharibə etməlidir və yaponları nə tövr olursa olsun basmalıdır. O halda, Rusiyanın içi düzələr. Bu sözləri eşidib, Rusiyanın sair balaları deyirlər ki, binəva Menşikov sərsəm azarına mübtəla olubdur... Allah şəfa versin.

                                                                                                                                                    Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 196.