Erməni-müsəlman sülh məclisinə dair
Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də erməni- müsəlman davası oldu.
Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar - sörün açığı - elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə çatmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin - müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədri- imkan sərfi-müsai edərlər.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 178-179.
