Ağabacı Rzayeva. Parlaq zəka
Mənə müharibə illərində Ü. Hacıbəyovun sinfində oxumaq nəsib olmuşdur. Onun öz təhsil üsulu vardı: bizə, musiqi məktəbi və konservatoriyanın tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi. Hər gün bizi bir növ imtahana çəkirdi. Sovet məlumat bürosunun xəbərlərindən nə öyrənmişik, qəzetlərdə nə oxumuşuq? Biz də bir-birimizin sözünü kəsə-kəsə nəql edərdik.
"Hə, indi düşmən üzərinə hücuma keçən döyüşçülərin marşını yazın", - deyə Üzeyir bəy təklif edirdi. Biz də ixtisas fənni, harmoniya, polifoniya üzrə öyrəndiyimiz bütün biliklərə isnad edərək həvəslə marş bəstələməyə başlardıq. Sonra bu əsərləri sinifdə ətraflı müzakirə edərdik. Müəllimimiz özünə xas olan təmkinlə bu müzakirəni elə aparardı ki, nöqsanlardan belə danışarkən heç kəs inciməzdi.
Ü. Hacıbəyovun çox qiymətli bir xüsusiyyətini də qeyd etmək istərdim. O bizim nəinki yaradıcılıq inkişafımıza nəzər yetirir, həmçinin həyatımızla, səhhətimizlə də maraqlanırdı. Sinfə girəndə hamını nəzərdən keçirir (axı müharibə vaxtı idi!), bir narahatlıq hiss edən kimi hökmən soruşurdu:
- Bura bax, nə isə gözümə yaxşı görünmürsən, dərsdən sonra bir yanıma gəl.
Müəllimimiz, dostumuz, gözəl insan çoxdandır ki, yoxdur. Ancaq onun xatirəsi qəlbimizdə daim yaşayır.
Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 331-332.
