Üzeyir Hacıbəyli

Rövşən Əşrəf bəyin şərəfinə ziyafət

Keçən günki axşam şəhərimizin üdəba və ziyalıları tərəfindən Bakıda müsafirtab olunan türk ədibi və şairi-şəhir Rövşən Əşrəf bəy həzrətlərinin şərəfinə yay klubunun böyük zalında gözəl bir ziyafət verildi. Daha bir-iki sənə əvvəl xəyalımıza gələ bilməyən və yuxumuza girməyən “əcaib” qəbilindən idi ki, əksəriyyən müsəlmanlara qarşı qapısı bağlı olub da məhz qeyri-müsəlmanların təvərrüc və istirahət yeri olan bu zalda qəhrəman türk ordusunun bir tərəfdə musiqi orkestri guruldayıb, digər tərəfdə də genə o nəcib millətin incə saz taqımı tərənnümsaz olmaqla yerli müsəlmanların qəlbini zövq və şövq ilə doldururdu. Bu tərəfdən dəxi natiqlər möhtərəm qonağımızın şərəfinə badənuş olaraq gözəl-gözəl nitq söyləyirdilər. 

Cavan şairimiz cavan əfəndinin doğra öz nitqində olaraq bizi düşmən əlindən xilas edib, istiqlalımızı özümüzə qaytaran qəhrəman türk ordusunun əqəbincə türk irfan ordusu gələcəyini və möhtərəm Rövşən Əşrəf əfəndinin o ordunun müqəddimətül-ceyşi mənzərəsində olduğunu qeyd etdi.

Unudulmaz Azərbaycan ədəbiyyatını yenidən yada salmaq və bu ədəbiyyatın varlığını isbata yetirmək haqqında çalışmaqda olan möhtərəm Firidun bəy Köçərli' cənabları Azərbaycan şivəsinə gözəl bir nitq söyləyib, bizim də ədib və şairlərimizin hal və zaman iqtizası ilə daim türk üdəbasını təqib etdiklərini bəyan qıldılar.

Azərbaycan dram nəfislərindən möhtərəm Nəcəf bəy Vəzirov cənabları söylədilər ki, biz Azərbaycan türkləri dilcə “piyadəyiz”, ba-şımızdakı fikirləri və qəlbimizdəki hissiyatı bəyan ctməgə dilimizdəki sözlər kifayət etmiyor. Çünki əsirlərdən bəri bizi öz dilimizi unutmağa məcbur edirdilər. Maarif naziri müavini Həmid bəy Şax-taxtinski cənablarının nitqi dəxi bu yolda olub, dil tərəfdən məzur tutulacağımızın səbəbini bəyan etdilər. Allaha minlərcə şükr olsun ki, bu gün öz dilimizi azad və sərbəst bir surətdə yenidən ögrənməyə məmaniət yoxdur. 

Əziz qonağımız möhtərəm Rövşən Əşrəf bəy cənabları natiqlərimizə cavab olaraq, səlis və bəliğ bir nitq ilə məclis əhlini feyziyab etdilər. Ədib əfəndi bizim Bakida özünü ikinci bir İstanbulda zənn edi-yormuş. Təvazö edərək söyliyordı ki, bən bu şərəfə və bu ehtirama layiq deyiləm, özüm də buraya Azərbaycan qardaşlarımı ziyarət qəsdilə gəlib, dərvişanə bir surətdə dönüb-dolaşmaq istərdim. Əmma Azərbaycan türkləri bizim üçün o dərəcədə susamışsınız ki, bəni möhtərəm bir türk hesab edib də haqqımda bu qədər canfəşanlıq göstəriyorsunuz. Ədib əfəndi vədə verdi ki, İstanbula övdət edib də Azərbaycan türkləri haqqında var qüvvəsilə çalışacaqdır, ədəbiyyatımızdan əxlaq və adətlərimizdən arzu və amallarımızdan bəhslə biz türkləri İstanbula tanıtdıracaqdır və İstanbul ilə Azərbaycan arasında hər bir cəhətcə mətin bir rabitə təşkilinə bütün səy və qüvvətini sərf edəcəkdirlər. 

Əziz qonağımızın gözəl nitqi sürətli alqışlar ilə qarşılandı. 

Məclis əhli qəhrəman türk ordusu zabitani-möhtərəməsindən Asim bəy cənablarının da əskərcəsinə söylədiyi bəliğ nitqini dinləyib feyziyab oldular. Müzəffər türk ordusu şərəfinə dəxi bir çox nitqlər söyləyib, yaşasın türk ordusu deyə alqışladılar. 

Bədə Azərbaycan mücxahidlərindən məşhur İsa bəy Aşurbəyli cənablarının son sözləri rəsmi ziyafət tamam olub, məclis əhli əziz qonağımız ilə xudafızləşib şad və bəxtiyar bir surətdə evlərinə övdət etdilər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 15-16.