Üzeyir Hacıbəyli

Ordan-burdan

Bizim yerlərdə qumar oynamaq elm oxuyub adam olmaq kimi çətin bir şey deyildir.
Bir çox atalar elə ki, görürlər oğlanları oxuya bilməyirlər həmin saat məktəbdən çıxardıb qumarbazlığa qoyurlar.
Qərəz, sözüm bunda deyil, onu qandırmaq istəyirəm ki, ən məşhur qumar bizim yerdə "dördaşıq"dır; bu "dördaşıq" üstündə yaxşıca sərmayə qazanıb "adam" olanlar və həmin "dördaşıq" üstündə atadan qalma sərmayəni fənayə verib əli qoynunda qalanlar burasını yaxşıca bilirlər ki, "dördaşıq" oyunda da iki şey var: "toxan və alçı".
Hərifin biri həmişə istər ki, aşıqlar "alçı" dursun, o birisi də gözünü dikib "toxanlara" müntəzir olar.
Bəzi vaxt olur ki, həmin "alçı" atmaq arzusunda olan hərif ümidini ələlxüsus baş aşığa bağlayıb aşıqları hündürdən tullar, amma aşıqlar yerə düşəndə gözləri pər-pər çalar. Görər ki, aşıqların üçü də "toxan" durub, baş aşıq da bir az əgri durubdursa, amma yenə də "toxana" oxşayır. Onda həmin hərifin əhvalı bizim indiki hökumətin əhvalına bənzər. Çünki hökumət dəxi bu ikinci duma üstə camaat ilə "dördaşıq" oynayırdı, aşıqlar dəxi duma vəkillərindən ibarət idi.
Hökumət tamam səkkiz ay səy və təlaşda idi ki, ikinci dumanın vəkilləri "alçı" dursun, yəni hökumət nökəri olsun.
Amma nə fayda, görünür ki, qumarbazlıqda hökumətin əli gətirə bilməyir, çünki necə ki, indi məlum oldu, duma vəkillərinin hamısı "toxan" durubdurlar və Peterburq ilə Moskva vəkillərindən ibarət olan "baş aşıq"lar da hərçənd bir qədər əyri düşübdürlər, amma yenə də "toxana" hesabdırlar.
İndi, ey "alçıya" ümid bağlayıb "toxan" atanlar!
Görünüz hökumət nə haldadır!
Hələ hökumət o yana dursun, bir baxın görün, Tiflisə gedən Bakı vəkili cənab Qarabəyov nə haldadır ki, buradan oraya qarpız ümidi ilə gedib, orada heç şorpa xiyarı da tapmayıblar. Görünür ki, cənab Qarabəyovu, yəni bütün Bakı camaatını teleqram vasitəsilə aldadıbdırlar və bunları aldatmağa məcbur olan şeyxülislam cənabları olubdur. Şeyxülislam cənablarını da aldadan canişin həzrətlərinin dəftərxanası olubdur. Canişin həzrətlərinin də dəftərxanasını aldadan erməni "daşnaqsaqanları" olubdur. Erməni "daşnaqsaqanları"nı aldadan da onların ürəklərini özünə paytaxt etmiş şeytani-rəcim olubdur.
İndi məzəli burasıdır ki, görək əsil yalançılara nə cür tənbih olunacaqdır.
Əgər baxıb görsə ki, bu cürə qırmızı yalançılığı zarafata salıb gülürlər, onda bəd olmaz ki, biz də işimizi irəli aparmaq üçün o cürə "hiyləyi-siyasi"lərə əl ataq, çünki gündə on dəfə yediyimiz "hiyləyi-şər" ilə günah hesab olmayan halda, "hiyləyi-siyasi"lər bu günlərdə lap savabdır.

                                                                                                                                             Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 267-268.