Üzeyir Hacıbəyli

Mən nə yaradıram

Hər bir incəsənət xadimindən, o cümlədən birinci növbədə bəstəkarlardan sosializm quruluşuna müvafiq yaradıcılıq tələb olunur. Azərbaycan Dövlət Konservatoriyasında gecə-gündüz çalışacağıma baxmayaraq, mən yaradıcılığa xüsusi diqqət vermişəm.

Hal-hazırda "Koroğlu" operasını yazmaqdayam. Operanın mətni şair Məmməd Səud Ordubadi tərəfindən tərtib edilmişdir. Məncə, "Koroğlu" yeni üsulla yazılmış birinci türk inqilabi operası olacaqdır. Bu operaya aid təfsilat mətbuat vasitəsilə öz vaxtında veriləcəkdir. Operanı üzümüzə gələn teatr mövsümü üçün hazır etməyimə var qüvvəmlə çalışıram. Dövlət opera teatrı müdiriyyətinin yardımı ilə əsərin həmin mövsümün ortalarında tamaşaya qoyulacağı ümidindəyəm.

İllərlə üzərində çalışdığım işlərdən ikincisi tarın pərdələrinin düzəldilməsi məsələsidir. İndiyə qədər tar pərdələrinin müəyyən və elmi əsaslar üzrə qurulmuş yerləri yoxdur. hər tar çalan öz tarının pərdələri öz qulağının bələdinə görə düzəldir; ona görə də tarın tonları bir-birini tutmur. Bu isə tar çalğısı təhsilinə qarşı maniələr törədir, yüksək texnikanı mənimsəməyi çətinləşdirir. Burada öz qarşıma qoyduğum vəzifə tarın pərdələrindən çıxan hər bir səsin "akustika" elmi üzrə ölçüsünü təyin edib, müəyyən və həqiqi bir miqyas təyin etməkdən ibarətdir. Bu barədə mən konservatoriyada bir neçə dəfə məruzə etmişəm.

"Azərbaycan türk xalq musiqisi əsasları" adında yazmaqda və üzərində işləməkdə olduğum əsər ən mühüm məsələlərdən biridir. Bu əsər üzərində mən 10 ildən artıqdır ki, işləyirəm. Bu müddət içərisində həmin əsərimi əməlli tərcümə və sınanma nəticəsində bir neçə dəfə dəyişib yeniləşdirmiş və bir çox yerlərini təshih etmişəm. Əsər özü nisbətən kiçik bir şey olsa da, mündərəcəsində bəhs edilən məsələlər ümumi musiqi xadimləri üçün əhəmiyyətlidir və "Şərq musiqisi problemləri"ndən hesab edildiyinə görə elmi və əməli əsaslara müvafiq gəlməsini tələb edir.

Bu əsər türk və rus dillərində nəşr ediləçəkdir.

"Koroğlu" operasını bitirdikdən sonra vaxtımı "Konsert" və "Kamera" deyilən musiqi əsərləri yazmağa sərf edəcəyəm. Bu növ musiqi bizdə yox dərəcəsindədir və ona görə Azərbaycan bəstəkarları bu yolda ciddi çalışmalıdırlar. 8 ildən bəri Müdafiə Evində konsertlər verən simfonik orkestrdən istifadə etmək üçün meydana qiymətli "partitura" çıxarılmalıdır. Yaxın bir zamanda buna müvəffəq olacağıma heç də şübhə etmirəm.

Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 260-261.