Üzeyir Hacıbəyli

Məktəb məsələsi və F.A. cənabları

"Məktəb məsələsi" ünvanı ilə yazdığı bu ikinci məqaləni əvvəlincisinə mabəd surətində yazacaq idim. Çünki dərmiyan etdiyim məsələyi-mühimmə xüsusunda öz təsəvvüratımı izhar etməyi vəd etmişdim. Lakin (F.A.) rəfiqimizin "Yüz ildir getdik və əlx" məqaləsi bizi bu məsələdən bir haşiyə çıxarmağa məcbur etdi.
Həmin bu "məktəb" məsələsinə bihəqqin aşma olan (F.A.) rəfiqimiz kimi mühəmrlərimizi biz qaldırdığımız məsələ xüsusunda öz təsəvvürati-qiymətdaranələrini yazacaqlarını biz kəmali-intizar ilə gözləyirdik. Lakin bu "Yüz ildir getdik və əlx" kimi məqaləni heç gözləmirdik, hətta yuxumuza da girməyirdi. Amma doğru deyirlər ki, "İş olanda olur".
Bizi artıq məyus və mükəddər edən odur ki, (F.A.) rəfiqimiz yazdığımız məqaləni dürüst oxuyub, fikrimizi anlamaq əvəzində, məqaləni nə səbəbdən isə təhrif və fikrimizi təğyir etməyi səlah görübdür. Məsələn, mən yazmışam ki, "Dilimizin heç bir imtiyazı yox və kəsbi- ruzi vasitəsi də yalnız, bir rus dilidir... Aşikardır ki, bütün camaatı ana dilində olan məktəblərə təşviq və tərğib etmək üçün o məktəblərdən gözlənicək maddi təminatı indidən təmin etmək lazımdır. Bu bir çox mühüm məsələdir ki, mərifət və mədəniyyətimiz, zənnimcə, yalnız bir bundan asılıdır". Amma (F.A.) rəfiqimiz mənim bu sözlərimi dəyişdirib, əvəzində bunu yazıbdır ki, guya mən böylə demişəm: "Dilimizin heç bir imtiyazı yox və kəsbi-ruzi vasitəsi də yalnız bir rus dilidir... ki, mərifət və mədəniyyətimiz, zənnimcə, yalnız bir bundan asılıdır. İnsaf yahu! Bu, buna bənzər ki, məsələn, birisi bir məqalə yaza və o məqalənin bir yerində qeyd edə ki, "namaz qılmaq vacibdir" və haman məqalənin digər bir yerində yaza ki, "adam öldürmək haramdır", sən də binəvanın "namaz qılmaq" ilə "haramdır" sözlərini bir-birinin yanına yazıb deyəsən ki: Ay camaat, filan adam yazır ki, namaz qılmaq haramdır!
Və sonra da bir qədər istehza yazıb "oxucu qardaş"ı da köməyə çağırasan...
"Oxucu qardaş" özü gördü ki, (F.A.) bəradərimiz haman bu tövr edibdir. Ancaq bilmirəm ki, bunu "oxucu qardaş"ları güldürmək üçün edibdir, yoxsa bu cürə anlayıbdır. Hər halda özgələrin rəy və təsvirinə qarşı bu ehtiramsızlığı mən heç vaxt özümə layiq bilməzdim... Hələ bu dursun.
(F.A.) bəradərimizin bir hərəkəti məni hamıdan artıq təəccübləndirir ki, rəfiqim mənim məqaləmi təhrif elədiyi bəs deyilmiş kimi, məqalədə ifadə etdiyim bütün fikrimə də təğyir verib üstündən də bir etiraz yazır və kəmali-yəs ilə bu sözləri də axırda deyir:
"Xülasə, məqalədən boylə anladım ki, (??) indiyədək qəzetələrdə yazılan "milli məktəblər", "ana dili" və qeyri sözlərin hamısı boş-boş sədalər imiş, bürokratların əlindən xilas olmuş məktəbləri yenə dübarə onlara vermək istəyirlər (!) və əlx". Lap aşikar görünür ki, bəradərim (F.A.) özgənin fikrini bu gunə təğyir edib mətbuata salmağı bilmərrə muğayiri-ədib hesab etməyir.
Mənim məqaləmdə ifadə etdiyim fikrim budur ki: "Əlan rus ibtidai işkolalarında oxuyan uşaqlar oranı ikmal etdikdən sonra sair böyük işkolalara girib, təhsillərinə davam edə bilərlər və yaxud haman ibtidai məktəblərdə oxuduqlarına iktifa edib rus dilinin bərəkətindən bir iş tapıb kəsbi-ruzi edə bilərlər. Amma müsəlman ibtidai məktəbi olsa, onu ikmal etmiş şagirdlər nə böyük işkolalara girə bilərlər, nə də bir iş tapıb kəsbi-ruzi edə bilərlər. Ondan ötrü indidən fikir etmək və çalışmaq lazımdır ki, gələcəkdə açmaq fikrində olduğumuz müsəlman məktəbləri, axırda şagirdlərə maddi bir kömək verəcəyindən xalqı ümidvar edə bilsin ki, camaatımızın hər bir sinfi uşaqlarını müsəlman məktəblərinə qeyd etməyə şövqmənd olsunlar", vəssəlam. Mənim fikrim budur ki, əvvəlimci məqalədə yazmışam və müsəlman məktəblərindən axırda kömək çıxartmaq məsələsi xüsusunda da öz təsəvvüratımı söyləyəcəyimi vədə vermişəm. Məktəblərin bürokratlar əlinə verilməsini arzu etməmişəm, "milli məktəb" və "ana dili" boş- boş səda olduğunu söyləməmişəm. Rəfiqimiz (F.A.)nın bu gunə nalayiq sözləri mənə isnad verməsi çox təəccübdür.
Şayani-diqqət burasıdır ki, (F.A.) əfəndi yazdığı məqaləsində ana dilini və milli məktəbləri guya müdafiə edib, axırda ana dilinə və milli məktəblərə dair kutahbinanə və təəssüf ediləcək dərəcə dairəsi təng olan nəzərini dəxi meydana çıxarır.
Rəfiqimizin ağzı dolusu söylədiyi "ana dili" və "milli-məktəbi" və bu xüsusda qopardığı qiyamətlər və hay-huylar, bilirsiniz nədən ibarətdir? İçində müəllim olduğu russko-tatarski işkoladan ki, orada həm rusca və müsəlmanca oxunur!..
Əfəndim, bəradərim! Əgər "ana dili" və "milli bir məktəb söyləməkdə muradınız vaqe"də yalnız russko-tatarski işkolalardırsa... bu əqidənizə də şərik deyiləm, çünki bu mühüm məsələyə mən vase nəzər ilə baxmaq istəyirəm.
Mən milli məktəb ona deyərəm ki, orada bütün elmlər öz ana dilimizdə tədris olunur. Rus dilinin bu elmlərə dəxli, təsərrüfü yoxdur. Rus və müsəlman işkolasını ibtidai ana dilli məktəb hesab etmək, zənnimcə, dilimiz və millətimizi təhqir etməkdir.
Əfəndim, əgər siz bu məsəldə ermənilərə təqlid edirsinizsə, siz də gərək bu əqidədə olasınız. Çünki ermənilərin nəinki, yalnız ibtidai milli məktəbləri, hətta üç kilisa da ali məktəbləri dəxi vardır. Gələcək məqaləmizdə ana dili və milli məktəblər xüsusunda bir qədər vəsi surətdə yazmağı dəröhdə edib də əlan bunu kəmal heyrət və təəccüblə əlavə edirəm ki, (F.A.) rəfiqimizin "ana dili" və "milli məktəbi" (ki onu müdafiə etmək üçün, hətta həqiqəti gizlətmək istəyir) yalnız bir russko-tatarski işkolalardan ibarət bilməsi hamısından bədtərdir!
Çox təəssüflər olsun! Rəfiqimizin bütün məqaləsi başdan-ayağa "subyektivno" yazılmış bir şeydir.
Rəfiqimiz ana dilini və milli məktəbləri, guya, müdafiəyə qalxır, bunun üçün bu vasitəyi-nicatımız olan dilə məktəbə dair mənim ifadə etdiyim fikir və nəzərimi kəmali-ehtimam ilə giçlədib, əvəzində mənim başıma vəhşiyanə və divanələrə mənsub bir əqidə soxub onu da xalqa bildirir və özü də tənqid eləməyə başlayır, yəni məni dəli ələ salır və bu hərəkəti də özünə layiq bilir. Lakin o bir tərəfdən də ana dilinə və milli məktəblərə dair həqarət ilə baxdığı nəzərini ifadəyə məcbur olur.
Rusca bilməyin kəsbi-ruzi üçün bir mənbə olduğunu rəfiqim inkar edir və halonki özü rus dilinin sayəsində kəsbi-ruzi edir. Bu həqiqəti danıb da özünü bir maska altında gəzmək üçün köhnə tərzi-idarənin pisliyindən dəm vurur. Daha bunu bilməyir ki, rus dilinin kəsbi-ruzi mənbəyi olduğu bir ayrı məsələdir və köhnə tərzi-idarənin də pisliyi özgə bir məsələdir. Qafqazın imtiyaz və istiqlalına gəldikdə rəfiqim uşaq kimi danışır, deyir ki, Qafqaz kəsbi-imtiyaz etsə də yenə rus dilinə möhtac olacaqdır. Mən bunu inkar etməyirəm. Ancaq Finlandiyada da rus dili istemal olunur, bainhəmə bütün müəssisələrində, divanxanalarında, dəftərxanalarında öz dilləri işlənib bir o qədər də əmələlər üçün mənbəyi-ruzidir...
Qərəz ki, (F.A.) rəfiqimizin bu gunə baş-ayaq və ayaq-baş vurmasından məqsədi nə olduğunu anlamadım.

                                                                                                       Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 253-256.