Ordan-burdan: [Zemstvo məsələsi]
Zemstvo məsələsinin (qoy urusca deyim) - "vajnılığını" biz hələ başa düşmürük. Axı bir baş ki onun içi təkfir, təlin, fitnə-fəsad, şeytanlıq, büxl, həsəd, mənəmlik və bu kimi şeylərin iğvası ilə dolu ola və yainki bilmərrə boş ola - o başdan nə ummaq?
Qərəz zemstvo məsələsi bir məsələdir ki, əgər onu biz də özümüzə, öz ehtiyacımıza yarayan bir surətdə həll eləsək əvvəla, məktəblərimiz artar, saniyən, yollarımız rahlanar, hər il minlərcə qoyun, qaramal və yüzlərcə adam aparan çaylarımıza körpü saldıra bilərik, salisən, hər kəsə, hər kəndliyə lazım olan su verilər ki, ta bir də insafsız mirabların, cüvarların, bəylərin bərəkətindən xalqın taxılı yanıb ac qalmasınlar. Rabiən, içimizə ya heyvanlarımızın içinə bir azar-filan düşərsə, tez qabağın kəsmək olar. Qərəz zemstvodan çox mənfəət almaq olar.
İndi, bu gün ermənilər, gürcülər haman məsələnin üstünə düşüb çox şirin-şirin həll eləməyə məşğuldurlar. Əlbəttə, erməni yuristi bu məsələyə ermənilərin ehtiyacatı nəzərilə baxacaq, gürcülər də həmçinin gürcü ehtihacatı nəzərilə.
İndi görünür ki, bunlardan başqa "visşi obrazovaniya" alanlarımız yoxdur.
Bəs bizim ehtiyacatımız nəzərilə kim baxsın və bu gözəl nemətdən məhrum olmağımıza razı olmasın? Heç kim yoxdur... Biarlığımıza salıb dinməz-söyləməz oturmuşuq. Genə bir cürə işlərdə üzümüzü ağardan və haqqımızın pay-bəşik olmasına namus millisi yol verməyənlərimiz var idisə, o da Əhməd bəy idi. Onu vətəndən qaçırtdılar... Əhməd bəydən keçəndən sonra doktor Qara bəy Qarabəyov idi. Onu da vətəndən qaçırtdılar. Bunlardan başqa, Əlimərdən bəy Topçubaşov idi, onu da vətəndən qaçırtdılar. Bunlardan savayı doktor Nəriman Nərimanov idi, onu da qazamata saldırıb bir bölük külfətini ac qoydurdular.
İndi böyük arsızlıq burasıdır ki, millətimizin qeydin çəkən və bu gün üçün bizə hər bir şeydən lazım olan o millət namusu çəkənlərimizin vətəndən iraq düşmələrinə təəssüflər etmək əvəzinə - hələ dallarınca da daş atırıq... De, buyursun, içimizdən biri çıxıb onların birini versin! Onların burada olmağı şəxsi mənfəətin millət mənfəətinə tərcih verənlərin xoşuna gəlmirdi. Çox əcəb, indi onlar yoxdur, meydan da boşdur və meydana atılmağın çox yaxşı məqamı və hünər göstərmək həngamıdır.
İndi haman o "riyasət" fikrində olanlar buyursunlar meydana.
Gələn gəlsin, gedən getsin.
Buyur meydana, bismillah!
Bizdəcə gendən tamaşaçıyıq, əgər meydana atılanlar doğrudan da millət mənfəətinə bir iş görə bilsələr, onlara qiymət qoymayan xaindir.
Yoxsa əlindən başından bir iş gəlməyə-gəlməyə iş bilənlərə daş atmaq - sizi inandırıram ki, heç bir hünər deyil!..
Nahaq yerə atılıb düşməyin ki, durduğunuz yerdə biabır olarsınız və bir də heç fəramuş eləmiyəsiniz ki, camaat nə qədər cahil olsa, genə də onu əldə karastı və alət eləmək olmaz. Yoxsa birdən işdir camaat ayılar, sonra içindən xata çıxar. Məhəmmədəli ilə Əbdülhəmidin əhvalatı camaatın gücünü sizə göstərmədimi? Siz bu camaatın xeyri üçün sədaqət ilə çalışanları kənar edib sonra "riyasət" hirsi ilə camaatın başında dəlləklik eləmək istəyirsiniz. Bu yaxşı iş deyil, sonra peşman olarsınız. Əgər əlinizdən bir xeyir iş gəlirsə, buyurun meydana. Çox yaxşı vaxt və illa bacarıq yoxdursa, dinməz oturmaq məsləhətdir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 111-112.
