Gözəl bir təşəbbüs
Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.
Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədə- bəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.
Dərs kitablarına gəlincə, onların da yoxluğu əşəddi surətdə hiss olunmaqdadır.
O ki qaldı camaat kitablarına, yəni camaatın qiraət edəcəyi və edib də o kitabdan bir mənfəət alacağı kitablar isə heç yoxdur və bu yoxluğun da nə qədər zərər və ziyanı olduğu barəsində aşağıda danışarıq.
Məqsədimiz də bunu ərz etməkdir ki, mosuq mənbədən xəbər aldığımıza görə şəhərimizdə mövcud olan "Nicat" maarif cəmiyyəti bu yolda öhdəsinə böyük və gözəl bir təşəbbüs götürüb, istər məktəb və mədrəsələr üçün, istər camaat qiraəti üçün mənfəətli kitablar nəşr etmək fikrindədir və bu fikrin qüvvədən felə çıxarılması üçün sürətlə çalışmaqdadır.
"Nicat" cəmiyyəti istəyir ki, onun nəşr edəcək olduğu kitabların məktəb və mədrəsələr üçün təyin edilən qismi (pedaqojiyə), yəni üsuli-tərbiyə və "didaktika", yəni üsuli-tədris sənətlərinin iqtiza etdiyi tələblərə müsbət surətdə müvafiq və mütabiq olsun. Camaat üçün təyin edilən qiraət kitabları isə camaatın tərəqqisinə, yəni ağlın artmasına, daireyi-nəzərin geniş olmasına, hissiyyati-hüsnün nəşvü nümasına və müxtəlif elmlərdən böyük bilik və təcrübə qazanmalarına xidmət etsinlər. Bundan əlavə mövcud olan kitabların qələt və qeyri-müəyyən bir imla və inşasına rəğmən "Nicat"ın nəşr edəcəyi kitablar səhih və müəyyən imla və inşa ilə yazılır, ümumcamaatın anlayacağı və onunla belə ədəbi dildə olacaqdır.
Şübhəsizdir ki, belə gözəl kitablar nəşr etmək üçün "Nicat" cəmiyyəti pedaqoqlarımızın, yazıçılarımızın, alimlərimizin ən müqtədirlərini bu işə cəlb etməkdən başqa, "premya" dəxi təyin edəcəkdir, yəni hər kəs filan elmə dair, ya filan məzmunda əgər gözəl bir kitab yaza bilərsə, o zatə birincilik mükafatı verəcəyini elan ilə yazıçılar arasına həvəs və rəqabət salacaqdır ki, hər kəs öz kitabının qəbulə keçə biləcəyinə çalışsın və olduqca hər bir barədə yaxşı yazsın.
Bundan əlavə, belə kitabların qiyməti də çox ucuz olacaqdır.
"Nicat" cəmiyyətini belə bir gözəl təşəbbüsdən dolayı təbrik edib, müvəffəqiyyətini kəmali şövq və həvəs ilə arzu edirik. Doğrudan da əgər "Nicat" cəmiyyəti bu fikrini əmələ gətirə bilsə, ümum əhalimizin tərəqqisinə böyük-böyük xidmətlər göstərməklə öz yaxşı adını baqi qoyar.
Söz yoxdur ki, bu qədər böyük işi icra etmək üçün "Nicat" cəmiyyətinə pul lazımdır. Cəmiyyətin öz mədaxili isə bu işə kafi deyildir.
Ona binaən eşitdiyimizə görə "Nicat" cəmiyyəti bu günlərdə böyük bir doklad - ərzihal hazırlayıb şəhər idarəsinin məkatib komissiyasına verəcəkdir ki, haman komissiya şəhər idarəsində "Nicat" üçün hər il müəyyən miqdar pul verilməsini istəsin.
İndi bu yolda "Nicata" kömək eləmək lazımdır, yoxsa lazım deyildir?
Əlbəttə, əlif əlbəttə lazımdır.
Əvvəla, məkatib komissiyasının doğrudan-doğru vəzifəsidir ki, bu yolda "Nicat"a var qüvvəsi ilə kömək etsin. Çünki "Nicat"ın çalışdığı - məkatib komissiyasının külli pullar töküb açdığı məktəblərin uşaqlarına kitab sarıdan kömək etməkdir, yəni təlim, tədris və qiraət üçün lazım olan kitabları hazırlamaqdır.
Bundan əlavə, duma əzalarının özləri də məkatib komissiyası vasitəsilə "Nicat"a yardım göstərməyə borcludurlar, çünki şəhər idarəsinin borcu, əhalinin rəfahi-halı ilə dolanmasına çalışmaqdır. Belə rəfahi-hal ilə dolanmanın bir səbəb və vasitənin də camaatın elmli və bilikli olmasıdır ki, bunun üçün də lazım olan kitablar vacibdir. Biz əminik ki, duma əzalarından bila-təfriq millət, cins və sinif heç biri "Nicat"ın belə bir gözəl təşəbbüsünə qarşı danışmağı rəva görməz, bəlkə bu məsələnin şəhər idarəsində qəbul edilməsinə çalışarlar. Camaata hifzi-səhətdən, təbabətdən, təmizlikdən və cürbəcür mənfəətli elmlərdən mükəmməl bilik verən kitabların hər nəşrinə kömək etməməyə heç bir həqqi olmasın gərək.
İştə dumanın köməyini "Nicat"ın müvəffəqiyyətini arzu edib gözləyirik.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 148-149.
