Üzeyir Hacıbəyli

Ordan-burdan: [Bir müsəlman ilə bir şvesarhnın söhbəti]

                                                                                           (Keçən nömrənin axır-uxuru)
Müsəlman dedi:
- Siz biədəbsiniz, sizdən hər nə desən çıxar!..
Şvesarlı dedi:
- Ədəb nədir?
Müsəlman dedi: Ədəb odur ki, zəif gərək qüvvətliyə və kasıb da dövlətliyə itaət eləsin, nəinki ondan kömək gözləsin.
Şvesarlı dedi:
- Amma bizdə ədəb odur ki, insan gərək öz insanlıq şənini gözləsin.
Müsəlman dedi:
- İnsanlıq şəni nədir?
Şvesarlı dedi:
- İnsanlıq şəni odur ki, insan kasıb da olsa, dövlətli də olsa, gərək hər bir sıxıntıdan azad olsun.
Müsəlman dedi:
- O cür şeyə bizdə qudurğanlıq deyərlər, insan da var, insan da. İnsan var ki, heç kəsin cürəti ola bilməz ki, ona püf eləsin, insan da var ki, gündə başına min qapaz salsan, bir dəfə də sənə püf deməyə cürəti olmaz.
Şvesarlı dedi:
- O cür şeyə bizdə nainsaflıq deyərlər və ona da heç kəs razı olmaz.
Müsəlman dedi:
- Siz kafirsiniz və cəmi tutduğunuz işlərin də hamısı küfirdir.
Burada söhbət tamam olur.

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 323.