Tədqiqat "ikinci il"
Bu günlərdə çapdan təzə çıxmış "İkinci il" adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitabla çapdan qabaq dəxi aşina idik. Çünki keçənlərdə, müsəlmanlar məktəbi üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşdular, burada mövcud mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi bədində məclisi-ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu "İkinci il" idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surətlə biz haman kitabı hələ çap edilməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, - bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik. Məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi.
İştə haman kitab, komisyon göstərdiyi nöqsanların təkmili ilə çap edilib satılmaqdadır. Bütün müəllim arkadaşlarımızı bu kitab ilə aşina etmək üçün onun haqqında bir neçə söz yazmağı lazım bildik.
"İkinci il" məkatibi-ibtidaiyyənin ikinci şöbəsində və məkatibi-edadiyyənin ibtidai siniflərində oxunmaq üçün tərtib edilibdir. Bu kitabın sair mövcud kitablara tərcih və təfəvvüqünü aşikar və aydın göstərmək üçün mövcud kitabların nöqsanlarını bir-bir tedad və təzkar etmək lazım idi. Lakin qəzetimizin həcmi buna müsaid olmadığından, yalnız burasını ixtar edəlim ki, "İkinci il"in aşağıda göstərdiyimiz mükəmməliyyəti mövcud dərs kitablarının heç birində yoxdur.
Pedaqoqların məlumu olduğu üzrə, hər bir dərs kitabında havi olduğu dərslərin müəyyən bir üsul ilə bir-birinin ardınca düzülməsi iqtizaati-pedaqojiyyədən biridir. O üsul isə müxtəlifdir. Lakin hamısından yaxşısı məşhur pedaqoq Uşinski qəbul və təklif etdiyi üsuldur ki, buna "Dərslərin üsuli-təbii üzrə düzülməsi" demək olar. Bu üsul uşağın təvəllüdündən sonra öz mühitini nə yolla tanımağa başladığını təqlid edər kimi bir üsuldur ki, bu səbəbdən də ona "təbii" sifəti vermək caiz görünür. Uşaq təvəllüdündən sonra əvvəlcə ən yaxın şeyləri, yəni ev-eşiyi, həyəti və bunlarda olan məxluqatı tanımağa başlayıb, bəd, bilik dairəsi getdikcə tovsi edilməyə başlayır.
İşdə Uşinski kimi pedaqoqlar da lazım bilmişlər ki, uşağın təlim və tədrisi də haman "yaxından uzağa" və "məlumdan qeyri-məluma" getmək üsulu ilə olsun və özləri tərtib etdikləri kitablarda da dərslər bu üsul ilə düzülmüşdür.
"İkinci il"in müəllifləri də bu üsulu tamamilə qəbul edib, dərsləri o üsuli-təbii üzrə düzmüşlər, odur ki, birinci dərsləri məktəb və məktəb şeylərinə dair olub və sonra evə, külfətə, ev heyvanlarına, quşlarına, həyətə, sonra bağa, bostana və ondan sonra meşəyə və çöl heyvanlarına, sonra cücülərə, sürünən heyvanlara dairdir. Axırda dörd fəslin tərifi, bu fəsillərdə görülən işlər və sairədən sonra yazı dərsləri və sonunda da lüğətdir.
Söz yoxdur ki, yuxarıda zikr olunmuş şeylər quru bir tedad və təzkardan ibarət olmayıb, bəlkə gözəl söhbətlər və hekayələr şəklində yazılıb. Hər hekayənin axırında da orada zikr edilmiş şeylərin adları tedad olunubdur. Unutmayalım ki, hər bir dərs yazıb oxumağı öyrətməkdən başqa, bir də uşaqların tərbiyəsinə xidmət etməlidir. Tərbiyəedici dərs isə heç bir vaxt quru öyüd-nəsihətdən ibarət olmamalıdır. Bəlkə, elə bir keyfiyyət halında yazılmalıdır ki, uşaq özü o keyfiyyətdən nəyin yaxşı və nəyin pis olduğunu anlasın. "İkinci il" də olan dərslərdə tamamilə bu qaydaya riayət olunmuşdur. Xüsusiyyətə gəldikdə, "İkinci il" tərbiyə işlərində uşaqların həm qəlbini, həm ağlını və həm də zövqünü tərbiyə edəcək dərslər intixab etmişdir. Məsələn, hekayələr vardır ki, uşaqlarda riqqəti-qəlb, sədaqət, məhəbbət və bu kimi hisslərin tərbiyəsinə xidmət edir. Məsələn, yoldaşlıq, pinti uşaq, növbətlə məktəbə getmək və s. Bəzi hekayə və söhbətlər var ki, uşaqların biliyini artırıb, ağlını tərbiyə edir. Məsələn, kitab, kağız və s. Bəzi hekayə var ki, uşaqlarda gözəl zövq tərbiyə edir ki, burasına indiyə qədər diqqət yetirən bir müəllif olmayıbdır. Məsələn, "Bizim ev" hekayəsi gözəl bir evin nümuneyi-timsalını göstərir, planı dəxi çəkilmişdir.
Kitabın dilinə gəlincə, demək olar ki, rus və ya farsdan götürülmüş üsuli-ifadə və ifadeyi-kəlamdan tamamilə azad olub da, sırf türk dilinə məxsus qayda ilə yazılmış kitab yalnız həmin bu "İkinci il"dir. Halbuki mövcud kitablar bir çox yerlərində türk dilini xarab edib, uşaqları və müəllimləri qarıxdırdığı məlumdur. Yazısına gəlincə, o dəxi böyük bir tədbir və təhsinə layiq surətdə yazılıb, çox asanlıqla oxunur. Çünki kəlmə nasıl tələffüz olunursa, elə də yazılıbdır və çünki tələffüz, türk dilinə məxsus bir qaydaya görə olmalıdır,- ona görə haman qayda da tamamilə saxlanıbdır və bununla qələt tələffüzümüz də təshih olunubdur. O qayda isə Osmanlı üdəbalarından Nəcib Asim bəyin bu sözləri ilə bəyan edilibdir ki, həmin sözlər "İkinci il"in üst yarpağında bir tiraz (deviz) şəklində yazılmışdır: "Türkcədə gözəl bir hal vardır ki, haman hal heç bir lisanda bulunmaz. O da lisanda bulunan ahəngdir. Yəni türkcədə bir kəlmənin ilk hecası nasıl bir səs ilə başlarsa, ondan sonra gələn hecalar da ona uyğun olur. Məsələn, ilk hecanın səsi incə isə, ötədəkilərin də səsi incə; qalın isə, qalın olur".
Kəlmələri çocuqlar dürüst və asanlıqla oxumaq üçün "İkinci il"in müəllifləri bir də bəzi türk kəlmələrində zəbər əvəzinə "ə" və zir əvəzinə "i" yazmağı lazım görübdülər, Məsələn, "gözəl", "öyrənəcək", "bir", "sənin", "ortasında" və s. Söz yoxdur ki, bu cürə yazı tez və asan oxunar, lakin bütün kitabda çox az təsadüf olunan ərəb və fars kəlmələri təğyir edilməmişdir. Bu kitabda bir çox türk kəlmələri idxal olunubdur ki, o kəlmələr məəttəəssüf unudulub, ərəbcə və ya farsca ilə əvəz edilməkdədir. Məsələn, kirvə, hənək, qaxsımaq və s.
Kitab müsəvvərdir. Şəkilləri çox aydındır. Şayani-diqqət burasıdır ki, bir çox şəkilləri əsl Qafqaz kəndli məişətini təsvir edir ki, o biri kitablarda bu yoxdur.
Kitabın əvvəlinci hissəsi böyük və ikinci hissəsi də bir qədər xırda, lakin çox aydın hüruf ilə düzülübdür. Axırda kitabda təsadüf edilən çətin əcnəbi və ya türk sözlərinin lüğəti vardır.
Biz bu kitabı məktəblərimiz üçün təkid ilə tövsiyə edib, ümidvarıq ki, müəllim arkadaşlarımız bununla tez istifadəyə çalışarlar. Çünki bu cürə kitab bizim bu halımızla göydəndüşmə bir şeydir.
Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 239-241.
