Üzeyir Hacıbəyli

Ordan-burdan

Urusca heç zad bilməyən və müsəlmancadan tək bir "Gülüstan"ın mətnini oxuyub, mənasını anlamayan rəfiqlərimdən bir neçəsi məni görüb həmişə şikayət edirlər və deyirlər ki, biz çox istəyirik ki, görək Dövlət dumasında nə olur, nə tövr danışıqlar olur?
Amma heyf ki, savadımız olmadığına görə oxuduğumuzu anlamırıq, aya, olmazmı ki, sən öz " Ordan-burdan"nında bir tövr eyləyəsən ki, Dövlət dumasından bari bizə bir nümunə göstərəsən.
Deyirəm: Olar. Nə tövr olar? Bu tövr olar!
Dövlət duması, sədri-məclis, sağ, sol, vəzir.
Sədri-məclis. Hə, məclis açıqdır, indi, hər kəs nə danışacaq danışsın, ancaq təvəqqe eyləyirəm ki, "at getdi, örkən apardı" olmasın.
Sol. Hanı o dünən burada mənəm-mənəm deyib, döşünə döyən vəzir, buyursun, çıxsın meydana, ona bir-iki sözüm var.
Vəzir. Mən buradayam; buyur sözünü de!
Sol. Bircə mənə deyin görüm, bu xalqı tutub bit-birə kimi qırmaqda sizin məqsədiniz nədir?
Vəzir. Aranı sakit eləmək istəyirik.
Sol. Aranı sakit eləmək istəyən oğlan camaatı tutub top ağzına qoymaz.
Sağ. Bəs nə qayırar?
Sədri-məclis (sağa). Bircə sən dinmə!
Sol. Nə qayırar? Bunu qayırar ki, bu gün məsələn, camaatı çağırıb soruşar ki, ay adam, ay camaat, sən nə üçün fərağat oturmayırsan. Onda camaat deyəcəkdir ki...
Sağ. "Ərdəbil bir şəhərdir, hər kəs də öz vəkili!"
Sədri-məclis (sağa). Təvəqqə eləyirəm ki, dilxorçuluq eləməyəsiniz.
Sol. Xeyr, o sözləri camaat deməyəcəkdir. Camaat bu sözləri deyəcəkdir ki, bəs nə tövr fərağat oturum ki, sən məni fərağat qoymayırsan.
Vəzir. Nə qayırıram?
Sağ. Kim onlara nə qayırır?
Sədri-məclis. Əşi, biriniz danışanda, biriniz qulaq asında!
Sol (bərk gülür). Ha-ha-ha-ha... Vəzir deyir ki, nə qayırıram?.. Əşi, necə nə qayırırsan ki, xalqın tutub yerini əlindən alıbsan - bu bir; üstlərinə xərc qoyubsan bu iki; ağzın açıb, söz deməyə qoymayırsan - bu üç; başlarına min cürə "Tənbəki oyunu" açırsan - bu dörd; xalqın pulunu keyfin gəldiyi yerə xərcləyirsən - bu beş; keşişləri yemləyib salıbsan camaatın canına - bu altı; söyürsən - bu yeddi; döyürsən - bu səkkiz; öldürürsən - bu doqquz...
Sağ. Neçəyədək sayacaqsan?
Sədri-məclis. Lənət sənə şeytan, dayna, balam, sənə nə?
Vəzir. Dinməyin görək ta nə deyir!
Sol. Hələ bircə sən mənim bu sözlərimə cavab ver, sonra daldan "ucu güləbətinli" sözlə deyəcəyəm!
Vəzir. Heç sən anlayırsan ki, nə deyirsən?
Sol. Mən anladığımı on il bundan irəli anlamışam, sözün var, söz danış!
Sağ (sola). Bilirsən adama nə qayırarlar?
Sədri-məclis. Təvəqqe eləyirəm bir-birinizin üstünə igidləşmiyəsiniz!
Sol (sağa). Sən nə quyruğunu bulayırsan?
Sədri-məclis. Əşi, elə sözlər lazım deyil.
Sağ (sola). Bax, mənim dəli cinim var ha!..
Vəzir (sola). Sən heç bir zad oxuyubsan?
Sol. Yaxşı, bunun mətləbə nə dəxli var?
Vəzir. Mən imanım, sən heç hələ bilməyirsən ki, "hir" nədir, "pir" nədir?
Sol. Təvəqqe eləyirəm ki, o barədə lap arxayın olasınız və zəhmət çəkib, mənim sözlərimə cavab verəsiniz!
Sağ. Yaxşı! Bircə de görüm sənin dediyin nədir?
Sol. Sən kimsən?
Sağ. Mən kim olduğumu sənə bildirərəm!
Sol. Əlindən gələni beş boşqaba çək!
Vəzir (sola). Mən də ona sonra layiqli cavab verərəm.
Sol. Bütün bu camaatın içinə bu şuluqluğu salan siz sağlar ilə siz vəzirlərsiniz!
Sağ. Yalançının?
Sol. Olsun!
Vəzir. Atasına!
Sol. Olsun!
Sağ. Babasına!
Sol. Olsun!
Vəzir. Min lənət!
Sağ. İki min lənət!
Sol. Ey olsun, ey olsun!
Sədri-məclis. Balam, indiki belə oldu, məclis tamamdır. Durun, gedin işinizə, siz ilə danışan gərək əvvəlcə "bat-bat" kökü yesin.
Buyurun, bu da Dövlət dumasının məclisi.

                                                                                                                                                      Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 307-309.