Üzeyir Hacıbəyli

Zemstvo haqqında

Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllərdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təfsilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.

Şəhərlərimizdə qorodskaya duma deyilən şəhər idarələrinin mövcud olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.

O vaxtlarda şəhərin bütün işləri hökumətin məmurlarının əlində idi. O idi ki, şəhərin, məsələn, maarif işi, küçə-bazarın təmiratı, xəstəxanalar, su gətirtmək, şəhərdə araba hərəkəti və ümumiyyətlə şəhər abadanlığı hökumət məmuru əlində olub, bunların heç birində əhalinin iştirakı olmazdı. Lakin Qərb məmləkətlərinin şəhərlərində olan qaydaya imtisalən Rusiya şəhərlərində də 1892-ci sənədən etibarən şəhər idarələri təşkil olunmağa başladı. İndi o zamandan bəridir ki, hər bir şəhərimizdə şəhər idarələrinin mövcud olduğunu və bu idarələrin şəhər abadanlığı və məmurluğu üçün nə qədər kömək etdiklərini öz gözümüzlə görməkdən başqa bütün vüçudumuzla hiss etməkdəyik. Şəhərimizin hər bir mədaxilatı şəhər idarəsini təşkil edən öz seçilmişlərimizin əlində olub, onların məsləhət və səlahdidi şəhərin hər bir cəhətincə abadanlığına sərf edilməkdədir. Hökumət isə, bu işlərə nəzər yetirib, şəhər idarəsinin qərardadlarını təsdiq edir. Əlbəttə, şəhər idarələrinin, əvvəla, sərbəst iş görməkdə bir o qədər də əli açıq deyildir və saniyən, keçmiş işlərində də bəzi sıxıntılar vardır. Lakin bunlar başqa məsələdir. Hər halda şəhərlərimizin abadanlıq işi şəhər əhlinin öz iştirakı ilə icra edilməkdədir.

Bəs kənd-kəsəklərimizin abadanlıq işlərinə kim baxır? Məsələn, kəndlərdə məktəblər açmağa, yollar salmağa, çaylardan körpülər saldırmağa, xəstəxanalar tikdirməyə, su gətirməyə, yağınlığa və quraqlığa qarşı tədbirlər tökməyə və bir çox sair işlərə kim baxır?

İçəri Rusiyada bu cürə işlərə zemstvo idarələri baxır. Zemstvo idarələri yuxarıda qiyas üçün zikr etdiyimiz şəhər idarələrinin eynidir. Ümumiyyətlə, təfavüt bundadır ki, şəhər idarəsi yalnız, bir şəhər, zemstvo isə bütün uyezd və bütün quberniyanın işləri ilə məşğuldur. Zemstvo idarələri dəxi şəhər idarələri kimi, uyezd və ya quberniya əhalisindən seçilmiş adamlardan təşkil olunduğu üçün bayaq saydığımız işlərin hamısı uyezd və ya quberniya əhalisinin öz iştirakı ilə əmələ gəlib, şübhəsizdir ki, bu sayədə tamam uyezd və quberniyanın məmurluğu və abadanlığı tezliklə əmələ gəlir.

Lakin Qafqazda hələ zemstvo idarələri yoxdur. Bu idarələrin Qafqazda da lüzumu xüsusunda bir çox danışıb və çalışanlar oldu. İndi görünür ki, Qafqazda zemstvo idarəsi lüzumu hökumət tərəfindən də iqrar edilib, bu yaxınlarda ölkəmizdə zemstvo idarələri qurulması üçün lazım olan bəzi hazırlıqlara şüru edilməkdədir.

Məsələ qəti surətdə həll olunandan sonra Qafqaz müsəlmanlarını belə mühüm olan idarələrdə kəmalınca iştirak və istifadəyə hazırlamaq üçün zemstvo işlərinə yaxşı bələd olan yazıçılarımızın məqalələri ilə əhalimizi qəzetimiz vasitəsilə işlərdən xəbərdar etməyə çalışacayıq. Sayca sair millətlərdən çox olan Qafqaz və baxüsus Zaqafqaz müsəlmanlarının zemstvo işlərinə mükəmməl surətdə hazır olmaqları fərz və vacibdir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 162-164.