Üzeyir Hacıbəyli

Azərbaycanın musiqi həyatı

Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası ordenli respublikamızda incəsənəti inkişaf etdirmək sahəsində son illər nə qədər böyük iş görüldüyünü sübut etdi.

Sovet paytaxtında Azərbaycan artistlərinin ünvanına deyilən təriflər, müvəffəqiyyətlərimizə görə partiya və hökumətin bizi fəxri mükafatlara layiq görməsi Azərbaycan incəsənətini daha da inkişaf etdirmək və təkmilləşdirmək üçün bütün qüvvəmizi səfərbərliyə almağı öhdəmizə qoyur.

Nöqsanlarımızdan biri Bakıda rus operasının yarıtmaz vəziyyətdə olmasıdır. Biz həmişə rus yoldaşlarımızdan öyrənmiş, istedadlı rus dirijorları və aktyorlarının bizə göstərdikləri yüksək opera sənəti nümunələrindən nəticə çıxarmağa çalışmışıq. Lakin son zamanlar-Azərbaycan operası xeyli irəliləyib müvəffəqiyyət qazandığı halda, Bakıda rus operasının bədii səviyyəsi gözlənilmədən dözülməz dərəcədə aşağı enmişdir.

Bu, opera teatrımızın rus truppasında kollektivin bir sənətkar kimi etimad göstərə biləcəyi hörmətli bir rejissorun, teatrın səhnəsində oynanılan opera tamaşalarını düzgün interpretasiya etməyi bacara biləcək rejissorun olmaması ilə izah edilir. Rus truppasında elə bir nüfuzlu dirijor da yoxdur.

Təbiidir ki, ixtisaslı musiqi rəhbərlərinin olmaması tamaşaların keyfiyyətinə çox pis təsir göstərir və nəticədə Bakı tamaşaçıları, o cümlədən rus tamaşaçıları rus truppasının opera tamaşalarına getmir, salondakı yerlərin yarısı daim boş olur. Bakı mətbuatı, xüsusən "Bakinski raboçi" qəzeti bu opera tamaşalarını vaxtında tənqid etməmiş, belə bir qəribə fikrə gəlmişdir ki, həmin tamaşalar çox pis olduğundan onların barəsində yazmağa dəyməz.

Azərbaycan Dövlət Filarmoniyasının işində də xeyli nöqsan vardır. Vaxtı ilə mənə filarmoniyanın xorunu yaratmaq vəzifəsi tapşırılmışdı. Hazırda xor təşkil olunmuş və müvəffəqiyyətlə fəaliyyət göstərir. Lakin, zənnimcə, xorun düzgün səslənməsi üzərində ciddi işləməliyik. Xor ansamblının ümumi mədəniyyətini yüksəltmək də son dərəcə zəruridir. Bu sonuncu tələb Azərbaycan Filarmoniyasının dikər kollektivinə-rəqs ansamblına da aid edilməlidir. Ansambl qarşısında rəqsin Azərbaycan milli ünsürlərinə geniş yer vermək, Azərbaycan rəqslərinin plastiklik xüsusiyyətlərini daha bariz nəzərə çatdırmaq, balet trafaretlərindən əl çəkmək kimi çox ciddi vəzifələr durur. Mərhum İoannesyanın yaratdığı və bir çox illər boyu rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri də filarmoniya sisteminə daxildir.

Biz bu il ilk dəfə olaraq Azərbaycan simfonik orkestri təşkil etmişik, onun tərkibində 70-ə qədər musiqiçi vardır. Bacarıqlı rəhbər ixtisaslı və daimi dirijor həmin orkestri, şübhəsiz ki, yaxşı bir ansambla çevirə bilər. Təəssüf ki, burada da lazımi kadrların olmaması sarıdan korluq çəkirik: yay konsertlərində simfonik orkestr ancaq qastrola gəlmiş dirijorların rəhbərliyi altında çıxış etməyə məcbur olmuşdur.

Biz Azərbaycanın şəhər və kəndlərində yaşayan musiqiçilərə xüsusi fikir verməliyik. Respublikamızın şəhər və kəndlərində gözəl istedada malik minlərlə musiqiçi vardır; kütlənin bu qiymətli bədii özfəaliyyətinə qayğı göstərməli və rəhbərlik etməliyik.

İxtisaslı incəsənət kadrlarının qüsurundan danışarkən belə bir acınacaqlı vəziyyəti qeyd etməmək olmaz: Bakı konservatoriyası, zənnimcə, bu sahədə hələ də öz vəzifəsinin öhdəsindən gələ bilmir. Bakı konservatoriyasının məzunlarından Azərbaycanın musiqi mədəniyyətinin kadra olan ehtiyacını ödəmək üçün istifadə edilmir.

Bütün bu hallara Ümumittifaq İncəsənət İşləri Komitəsi ciddi fikir verməlidir. Komitə Azərbaycanın musiqi incəsənətinə təcili surətdə kömək etməli, bizə təcrübəli, yüksək ixtisaslı işçilər göndərməlidir.

Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 302-303.