Ordan-burdan
Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, "pasaj qabağı". O da o saat gedəcək "pasaj qabağına" və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, "iynə salsan yerə düşməz". Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar "naberejni" deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 319.
