Üzeyir Hacıbəyli

Ordan-burdan

İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:
- Aləm şair oldu!
Biz soruşduq:
- Necə?
Müdir dinməyib, kənara qoyduğu kağızlara işarə edir. Baxıb görürük ki, hamısı şeirdir.
Çox gözəl, heç sözümüz yoxdur və bunu da bilirik ki, şairlik böyük bir vergidir və şeri oxuyan da gərək bundan bir ləzzət anlasın və ya özündə bir hüsn hissi oyandığını bilsin.
Bu əhvalatı nəzərdə tutub başlayırıq şeirlərdən bir-bir oxumağa. Görürük ki, biri belə yazıbdır:
Ey olan qanına qəltan İran,
Hansı zalım etdi səni belə viran?
Yoldaşlarımızdan biri deyir:
- İran padşahı?
Biz də təsdiq edirik ki, bəli, İran şahı və görürük ki, bu sualın heç mətləbə dəxli yoxdur.
Sonra dalısını oxuyuruq, görürük "şair", "İran", "viran" kəlmələrinə bir qafiyə tapıb: can. Və bu qafiyəni şerə salmaq üçün belə deyibdir:
Gör necə oldular qurban neçə can
Yoldaşlarımız bir-birinin üzünə baxıb və başını bulayır.
Dalını oxuyuruq, "qurban" sözü tapıb və yazıbdır:
Tiqi bürranilə oldular qurban!
Baxırıq ki, bizdə heç bir hiss oyanmır. Ancaq yadımıza nədənsə Rüstəm pəhləvan düşür.
Dalısını oxuyuruq:
Qırdılar hamını tamam yeksər,
Qaldı orda bircə pədər.
"Şair" burasını yazdıqda yəqin güman edirmiş ki, oxuyanlar ağlayacaqlar. Amma, sözün doğrusu, bizi gülmək tutur və yoldaşlarımızdan biri deyir:
- Yəqin dalı da olacaq - dərbədər.
Doğrudan da görürük yazıbdır ki:
Övrət, uşaq oldu dərbədər.
Çığırdı qundaqda tifli südəmər.
Burada yoldaşlarımızdan biri təvəqqə edir ki, izn verək, şerin dalısını o desin və heç dayanmayıb bir nəfəsalmaya deyir:
Səyin oldu, ey şair, lap hədər
Bu cürə şeirlər səbətə gedər.
Şeir yazmaq da çox hünər istər,
Səndə də yoxdur bir belə hünər.
Sən get bu dərsi bir elə əzbər və de:
Əlif, bey, püş, dü zəbər, dü-zir!
Doğrudan da şairlərimiz bunu yadlarından çıxarmasınlar ki, şerin hər bir fərdi məlumdur, hissin tərcümani olmalıdır ki, oxuyan kəsdə də o hiss oyansın. Yoxsa qafiyəbazlığa qalsa, aşıq Pəri xala da şairdir ki, deyibdir:
Ay doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi.
Gedib canana deyin ki,
Bu qəlb o qəlbnəndi.

                                                                                                                                            Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 7-8.