Nuri-didə Ceyhun!: [1923]
Salam-duadan sonra Zöhrənin kağızları və sən göndərən jurnallar gəlib yetişdi. Təəccüb burasıdır ki, bizimkilər tərəfindən sizə göndərilmiş kağızlar gəlib sizə çatıbdır.
Cəmal, Züllüqar və Aişə xanım sizə kağızlar yazıbdırlar, əmma Zöhrənin yazdığından boylə görünür ki, sizə yetişmiyibdir.
Hər halda bizimkilər hamısı və Aişə xanımgil sağ və salamətdirlər. O barədə də heç fikir etməyəsiniz. Nənəm dəxi qorağdır bu saət ki, mən bu kağızı yazıram nənəm ilə Məleykə qutab bişirirlər, Abhəyat dəxi Əzimin arvadı Sara ilə bərabər rus operasına tamaşaya gediblər.
Buraya iki kərə bərk qar yağdı, boylə qar ki, mən Bakıda öylə şey görməmişdim, küçələr hələ indiyə kimi qar ilə doludur. İndi isə havalar yaxşı keçib lap bahara oxşayır.
Bir neçə vəxt bundan qabaq məsul yoldaşlardan birisi mənimlə görüşüb səni soruşdu və çox təəccüb etdi ki indiyə kimi qayıtmırsan, dedi, hər gah bu xüsusda kağız-flan lazım olsa mən kağız verərəm. Dedim ki, mən bu xüsusda Ceyhuna kağız yazıb soruşaram ki, hərgah bu tezlikdə gəlmək istəsə nəsə o xüsusda lazım olan kağızları göndərərik ki, gəlsinlər. Sənin əvvəlki kağızlarından boylə anladım ki, sən buraya payızda qayıtmaq istəyirsən. Hərgah ondan qabaq buraya gəlmək fikrin olsa, mənə məlum et ki, mən bu xüsusda çalışım. Mənim də boylə fikrim var ki, bu yay özüm oraya gəlib səninlə bərabər yayı keçirib sonra payızı da hamımız vətənə qayıdağ. Hər halda sən bu barədə öz fikrini mənə yazıb məlum et.
Əlavə yaz görək "Arşın mal alan"ın tərcüməsindən nə hasil oldu. Sən göndərdigin jurnala mən Azərbaycan musiqisi həqqında bir çox qiymətli şeylər yaza bilərdim. Hərgah çap edilərsə mənə məlum elə ki, yazıb hazırlayım. O jurnalda Osmanlı musiqisi həqqında bir məqalə olduğunu anladım və jurnalı bir nəfər bizim qulluqçulardan firəng dili bilə nə verim ki, mənim üçün tərcümə etsin. Əlavə bir şeyə təəccüb edirəm ki, siz bizə kağız yazanda öz dolanacağınızdan heç bir şey yazmiyorsınız ki, görək orada nə ilə dolanırsınız. Bəlkə maddi ehtiyacınız var, burasını bizə məlum etməlisən ki, biz də bir əlac arayaq. Uşağların məktəbdə oxumaları və baxüsus musiqi ögrən- mələri bizi çox şad etdi. Onların burada bir sürü yeni-yetmə yoldaşları əmələ gəlibdir ki, onlar ilə görüşmək arzusundadırlar. İnşallah, payızda gəlsəniz hamı ilə görüşərlər. Vaqeən bu payızı dəxi nə tövr olmuş olsa gərək gələsiniz, çünki sizi hamının könlü istəyir və görüşmək arzusuna gəlirlər. Mən yayda oraya gəlsəm sizi nə tövr olsa payızda buraya gətirdərəm. Sağlıq olsun tezlik ilə görüşərik.
Aylar, günlər o qədər tez gəlib gedir ki, insan cürət etmir. Bizim hamımızdan Zöhrəyə çox-çox salam-dua deyib uşağların üzündən bir-bir öpərsən və bizə bir müfəssəl kağız yaz göndər. Kağızı da mənim öz adıma və öz adresimə yaz göndər. Baqi salamət olasan, bizdən də nigaran olmayasınız.
Bəradərin Üzeyir. (1923)
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 352-353.
