Üzeyir Hacıbəyli

Hürriyəti-kəlam

Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictima, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan.

Həmin bu beş hürriyyətlərin üstündə bir çox qanlar töküldü, canlar güdaza getdi. Camaat dedi: "Alacağam". Hökumət dedi: "Verməyəcəyəm". Camaat dedi: "Öləsən də alacağam". Hökumət dedi: "Öləsən də verməyəcəyəm". Xülasə, elə indi də elə bunların üstündə camaatla hökumətin arası düzəlməyibdir.

Ancaq indi görək bu hürriyyətlər nədir? Məsələn, baxaq görək, hürriyyəti-kəlam nəyə deyirlər. Bunun üçün lap əvvəl baxaq görək hürriyyəti-kəlam nəyə deməzlər!

Bu gün bazara çıxıb və ya bir məclisə girib, xalqı söyüb biabır eləməyə hürriyyəti-kəlam deməzlər. İndi özünüz baxın görün, hürriyyəti-kəlam nəyə deyirlər.

Gecə vaxtı birisinin evini yarmağa və ya günün günorta çağı bir adamın cibinə əl salmağa hürriyyəti-şəxsiyyə deməzlər. İndi baxın görün hürriyyəti-şəxsiyyə nəyə deyirlər.

Bir urus arvadına bənd olub, birdən-birə mürtəd olmağa hürriyyəti-vicdan deməzlər. İndi baxın görün hürriyyəti-vicdan nəyə deyirlər.

Qəzeti həlim aşının qazanı bilib, ələ gələni içinə doldurmağa və ağzına gələni ona yazdırmağa hürriyyəti-mətbuat deməzlər. İndi baxın görün hürriyyəti-mətbuat nəyə deyirlər.

Hürriyyəti-mətbuat dedim, yadıma Osmanlı senzoru düşdü. Bir dəfə "Vəqt" qəzetini oxuduğum yerdə belə xəbərə rast gəldim: "Osmanlıda Aydın vilayətində bərk yağmur olub, əhaliyə xeyli zərər olduğunu Osmanlı senzoru qəzetlərdən pozmuşdur".

İndi bunu görüb mən də fikir eləyirəm: nə yaxşı olardı ki, Osmanlı senzoru Qafqaz qəzetlərinə də baxıb, Zəngəzur zərərdidələrinin əhvalatını pozaydı və bizim ürəyiyuxa dövlətlilərimizin qəlbini xarab eləməyəydi.

Zəngəzur dedim, yadıma bir nağıl düşdü.

  Günlərin bir günü bir zəngəzurlu müsəlman aclığa tab gətirə bilməyib, yerə yıxılıbdır və deyibdir ki: "Ay aclıq, sən nə güclüsən?!"

Aclıq cavab veribdir ki, balam, güclü olsaydım, çörək mənə əsər edə bilməzdi.

Zəngəzurlu deyib: "Ay çörək, sən nə güclüsən?!" Çörək cavab veribdir ki, balam, güclü olsaydım, məni pul ilə satın alıb yeməzdilər".

Zəngəzurlu deyib: "Ay pul sən nə güclüsən?!" Pul cavab veribdir ki, güclü olsaydım, dövlətli müsəlman məni sandığa basıb, ağzını da bərk-bərk bağlamazdı".

Zəngəzurlu deyib: "Ay dövlətli müsəlman, sən nə güclüsən!"

Dövlətli müsəlman cavab veribdir ki: "Ay balam, mən nə tövr güclüyəm, sən müsəlmanı orada acından ölən görüb, bir tikə çörək uzatmağa da ürəyim gəlmir!!!"

O yedi yerə keçdi, sən də ye dövrə keç!

Hacıbəyli, Üzeyir. Azərbaycan mətbuat tarixi antologiyası.- Bakı, 2010.- I cild.- S. 351-352.