Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun və Zöhrə!: [23 yanvar 1927-ci il]

Salam-duadan sonra çoxdandır ki, mən sizə kağız yazmıram. Səbəbi də odur ki, sizə pul göndərmək məsələsi təxirə düşdügindən başım onun həllinə məşğul idi. İş bundadır ki, sizə pul göndərmək üçün növbət gözləmək lazım gəlirdi və biz də bir neçə vəxt növbəti itirmişdik. Hər halda iki gün bundan qabaq hələlik igirmi beş dollar göndərdim, iki həftə sonra igirmi beş dollar dəxi göndərməgi vədə veribdirlər. Onu da vəxtində göndərəcəgəm, Aişə xanıma qaldıqda o hələ satdığı evin pulunu almamışdı, ona görə təvəqqe etdi ki, bu səfər pulu mən göndərim, sonra Aişə xanım özü göndərəcəkdir. Deməli, mən indi igirmi beş dolları göndərdim, igirmi beşi dəxi iki həftə sonra göndərəcəgəm, ondan sonra Aişə xanım sizə əlli dollar göndərəcəkdir. Hər halda bu pulların sənə yetəcəgini nəzərə alıb da ehtiyac zamanında borc dəxi edə bilərsən ki, sonra pulun gəldikdə borcları verərsən.

Bizim dolanacağımıza qaldıqda, şükür Allaha ki, biz də, ümumqohumlarımız da yaxşı dolanırıq, yeganə bir intizarımız varsa o da sənin için düşündügümüzdir. Hərgah siz də burada olsa idiniz vəxtimizi çox xoş keçirdərdik. İnşallah, əvvəla, bilin ki, yazda sizin buraya gəlməginizə izn verilər, o vəxt sağ və salamət gələrsiniz görüşərik və neçə sənədən bəri arzusunda olduğumuz Ceyçik ilə Timuçini görərik. İndi onlar yəqin ki, yekə oğlan olubdurlar. Salamət olsunlar, inşallah, görüşərik.

Mənim işlərimə gəldikdə, məni bu halda hökumət konservatoriyasının prorektoruyam. Zatən bütün işlərimin üzərimə töküldüyündən səhər saət 10-dan axşam saət 12-yə qədər koservatoriyada işlərlə məşğul oluram. Ondan əlavə tez-tez məktəb iclasları olduğundan bəzən saət 2-yə qədər işləməyə məcburam. Səhhətim öz yerində olduğundan işləməkdən qoxmuram, fəqət çox təəssüflənirəm ki, yeni opera yazmağa heç bir vəxtim olmiyor.Yayları bir aylıq istirahətə gedib, çox vəxt instrumantsız mənzillərdə olduğdan heç bir şey yaza bilmiyoram. Halbuki bu saət istər qərb və istər şərq musiqisini o qədərcəsinə gözəl ögrənmişəm ki, çox qiymətli bir opera yaza bilərdim. İndi istiyoram ki, heç olmasa "Leyli və Məcnun" düzəldib yeni sistem bir opera edəm, çünki indi konservatoriyada təhsil görməkdə olan opera artist və artistkalanmız dəxi əmələ gəlməyə başlayır, onlar üçün dəxi materyal və repertuar lazımdır.

Əlavə Maarif Komissarlığının təklifinə görə konservatoriya nəzdində bir komitə təşkil edə biliyor ki, bu komitə Azərbaycan el mahnılarını yığıb nota salacaq və sonra sözlər ilə, tarix ilə və musiqi təhlilylə bərabər çap etdirib bir neçə cild böyük kitablar buraxacaqdır. Bu komitənin sədri mənəm. Əzalari da bizim konservatoriyanın professorlarındandır. Hal-hazırda el mahnıları yığmağa məşğul varıq. Bu yaxın zamanda birinci cildi çap üçün hazır edəcəyik. Çıxan kimi birin sənə göndərərəm ki, oraların musiqi məhafillərinə göstərəsən. Məncə, boylə bir materyal onlar üçün çox maraqlı olar. Digər tərəfdən şərq musiqisinin əsasları həqqındakı böyük əsərimi düzəldirəm ki, bunun da Avropada əhəmiyyəti artıq olacaqdır. Bu əsərləri firəng dilinə tərcümə etmək sənə həvalə edəcəgəm. Mənim ali təhsilim məsələm dəxi növbəti məsələlərdən biridir, görək o nə tövr həll ediləcəkdir.

Baqi bizimkilər hamısı salamətdirlər. Bir az nənəm kefsizdir, o da zatən qocalığdandır, həkimlər yod verirlər. Bibim dəxi öylədir, o da yod içir. Nənəmə özüm müğayat oluram.

Bu günlərdə bizim külfət bir az da artdı, yəni Cəmalın bir qızı oldu. İndi onun iki oğlu, iki qızı vardır. Zülfüqargil dəxi salamətdirlər. Böyükxanım Moskvaya gedib orada təhsil alır. Onu Maarif Komissarlığı göndəribdir. Niyaz dəxi onunla bərabər Moskvadadır. Zülfüqar ilə Çingiz isə buradadırlar.

Nənəm, Məleykə və ümumqohumlarımız hamısı sizə çox-çox salam-dua göndərirlər. Bu saət Kəmal mənim yanımdadır. Özü də Ceyçik ilə Timuçinə xüsusi salam-dua göndərir və deyir ki, tez gəlsinlər görüşək. Baqi hamınız salamət olasınız.

Mənim və Məleykənin əvəzindən uşaqları öpərsən. Və Zöhrəyə çox salam-dua deyərsən.

Bəradərin Üzeyir. 23.1.1927

Bəstəkar məktubun ilk səhifəsində yazılma tarixi ərəb rəqəmləri ilə 23.01.1927-ci il yazdığı halda arxeoqraf nədənsə bu tarixləri gah 23.01.1927-ci il, gah da 28.01.1927-ci il kimi göstərir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 371-372.