Üzeyir Hacıbəyli

Dövlət şurası

İndiyə qədər Dövlət şurası sandan heç bir səs-soraq yox idi. Guya bu məclisin özü Dövlət duması qabağında öz lüzumsuzluğunu düşünüb səs çıxarmağa utanırdı.
Lakin hər nə tövr olsa Dövlət duması ilə bir zamanda təşkil olunmuş bu məclis dəxi hərəkət etməyə, danışmağa məcbur idi. Dövlət duması iş görüb qərardadlar, qanun layihələri hazırladığı halda, bu gunə qərardadlar və layihələr tərtib etməyə ixtiyarı olan Dövlət şurası dinməz otura bilməzdi. Dövlət duması ilə müvafiq olduğu və ya zidd olmasını bildirməli idi. Ya əl çalıb dumaya "afərin" deməli idi, ya razı olmayıb etiraz etməli idi.
Dövlət şurasındakı adamlar bürokrat və zəngin adamlardan ibarətdir. Şübhə yoxdur ki, bürokratiya və burjuaziyanın ziddinə çalışan Dövlət dumasının qərardadları Dövlət şurası əzalarına xoş gələ bilməzdi. Bununla belə dumada elə bir "bitərəf" məsələlər keçir ki, Dövlət şurasının ona heç bir sözü ola bilməz.
Əlbəttə, şuranın hərəkətə gəlib, deyib danışmağı duma üçün bir o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli olsa da ancaq, o səbəbdən ola bilər ki, həmin şura danışıb öz təşəbbüsatnıı bəyan etdıkdə, duma onun özü üçün bir mərtəbə böyük bir maneə təşkil etdiyini anlayıb, rəfinə ciddi tədbirlər arayar...
Bu günlərdə Dövlət şurası hərəkətə gəlib, danışmağa başlayıbdır. Dumada çoxdan bəri müzakirə olunmuş məsələlərdən edam cəzası (ölüm tənbehi) xüsusunda Dövlət şurasının müzakirəsi olubdur. Rus qəzetələrinin müxbirləri bu məclisin iniqadlarını yazırlar: bunlardan məlum olur ki, bu məclisin və dumanın hərəkətində böyük fərq vardır.
Dumada olan şənlik şurada tapılmaz, burada, guya, hamı əzaları kəsalət basıbdır. O hirs, o zövq ki, duma əzaları izhar edirlər, şura əzalarında bilmərrə yoxdur. Əvvəlki iniqadlarda əzalar hətta yığılmaq da istəmirmişlər. Dumada olan kimi, şurada da əzalar üç tərəfə bölünübdürlər.
Məlum olduğu üzrə, Dövlət dumasında edam cəzası xüsusunda qanun layihəsi tərtib olunub, bütün duma bir səslə qərar qoydular ki, daha bundan sonra Rusiyada edam cəzası fəsx olunsun. Dövlət şurasının sol tərəfi bu xüsusda duma tərəfindən tərtib edilmiş layihəni bəyənib, başdan-ayağa qəbulunu tövsiyə edibdirsə də sağ tərəf buna razı olmayıbdır. Və edam cəzası baqi olsun - deyə təkid edibdir. Bəçiləri isə edam cəzasının ancaq bir-iki istisna olunan ittifaqlarda icrasını və sair ittifaqlarda da fəsxini lazım bilibdir. Hər halda, bu məsələnin həllini öz aralarında təşkil ediləcək bir komisyona həvalə edib, layihəni mübahisəsiz qəbul etməyibdirlər. Görək komisyon nə qərar qoyacaq. Və şuranın özü də sair məsələlərdə duma ilə nə yolda ittifaq edəcəkdir. Dövlət şurasında bir nəfər də müsəlman üzvü yoxdur.
Şuranın əhəmiyyəti artarsa, bizə lazımdır ki, orada bir müsəlman üzvünün də olunmasını iltimas edək.

                                                                                                          Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 243-244.