Çörək bahalanması
Neçə vəxtdan bəri istər hökuməti, istər əhalini əndişələrə salmaqda olan çörək bahalanmasının ən ümdə səbəblərindən başlıcası aşkara çıxdı. Bu səbəbi nəzərə alarkən bir tərəfdən şükür etmək lazım gəlib, əmma digər tərəfdən qızmamaq mütəəssir və mütəğəyyir olmamağa qabil degildir.
Şükür etmək lazımdır ki, çörək bahalanmasının baisi qəhətlik və taxıl qəhətliyi degildir. Azərbaycanda mövcud olan taxıl sair cümhuriyyətlərə nisbətən boldur, o qədər boldur ki, bütün əhalini görər, münasib qiymətə çörək yedirdər və bu kimi, həyat və məişət üçün ən zəruri olan azuqədən kimsəyə bir korluq çəkdirməz.
O halda Azərbaycanda çörək bahalanması süni və qeyri-təbii bir haldır. Doğrudan da o boylə imiş. Ticarət nəzarəti tərəfindən qurulmuş şurada ki təfsilatı bugünkü nömrəmizdə mündəricdir bahalıq səbəblərinin ən başlıcası ehtikar olduğu aşkara çıxır.
İştə qızmaq və mütəəssir olmağımız da bu üzdəndir. Vətənimizdə öylə vücudlar var ki, pul-para qazanmağa əşədd dərəcədə həris olduqlarından vətən mənafeyini bu yolda qurban etmək tamahkarlığına qədər varır və qəlbində heç bir vicdan sızıltısı hiss etmədən boylə böyük bir xəyanət irtikabına cəsarət edirlər. Bir çoxları bədbəxtanə öz millətimizə mənsub olan bu vicdansızlardan ötrü heç bir əziz və əqdəs şey yoxdur. Məgər para, Vətən məhəbbəti, millət təəssubi, dövlət qeydkeşliyi bunların ürəklərinə yabançı və biganə olan hissiyyat qəbilindəndir? Çörək bahalığı cavan hökümətimizi onsuz da mühüm işləri çox olduğu halda yeni müşkülatlara sala bilər, fikri əhali üsrətə düçar olar, təsəvvüratı bunların başına girməz, çünki bu baş yalnız bir fikirlə məşğuldur ki, o da pullanmaqdan ibarət olsun.
İştə pullanmaq hərs və təmə sayğısilə vətənimizin öz əhalisi üçün mədari-məişət olan taxılını müxtəlif hiylələrlə yığıb vətəndən dışarı çıxarıb, özgələrə satıb mənfəət görürlər. Müştəriləri də düşmənimiz olsun, dostumuz olsun, kim olur-olsun təfaüt yoxdur, təki para verən olsun.
Vətən mənafeyini paraya satan, əhalimizi üsrətə düçar edən və bu yol ilə məmləkətimizdə müşkülat törədən ehtikarçılara “dövlət xaini” deyə hökm vermək caizdir. Ona görə belələrinin cəzası da xəyanət cürmini içab etdiyi cəzadan ibarət olmalıdır. Azərbaycanda heç bir şeyin bahalığı çörək bahalığı kimi fəna nəticə verməz. Çünki cəmaətimiz baxüsus kənd əhli və füqərayi-kasibə sinfi məhz çörək ilə dolanmağa adət etmişdir. Bəzi yer var ki, dügü, kartof və peyğəmbəri ilə də dolana bilər, halbuki Azərbaycan xalqı ancaq taxıl çörəyinə öyrənmişdir və mədari-məişəti ancaq budur. Azərbaycan füqərayi-kasibəsi ətsiz dolana bilər, əmma çörəksiz dolanmaq mümkün deyildir. Odur ki, baha qiymətə çörək almağa qadir ola bilməyən cəmaət qarın toxluğu görməyib, yarımac qalacaqdır. Bu hal isə yəni qəzanın kifayətsizliyi cürbəcür naxoşluqlara səbəbiyyət verib, əhalini fəlakətlər və hökuməti də təzə müşkülat qarşusında müztərib qoyar.
Fövqülzikr şuranın çörək bahalığını rəf etmək ehtikarə qarşı şiddətli bir mübarizə açmaq və hökumət əlində çörək ehtiyatı tədarükünə mubaşir olmaq kimi qərarları məqul və vacib tədbirlərdir. Bu tədbirlər mütləqən qəbula keçməli və bilatəxir icrasına şüru edilməlidir. Bu xüsusda əhali dəxi bacara bildiyi köməgi bu mühüm işlə əlağədar olan hökumət əzalarından müzayiqə etməməlidir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 270-271.
