Üzeyir Hacıbəyli

Siyasiyat

İngilislərin Qafqazdan getməgi və əvəzində italyanların gəlməgi müxtəlif göftgulara səbəbiyyət verməkdədir. Bu siyasiyat dəyişiklikligini hər kəs bir cürə təfsir edir. Bunu italyanlara müttəfiqlər tərəfindən bir güzəşt surətində anlayanlar ingilis nüfusinə qarşı bir hədd qoyulmaq məzmununda tələqqi edənlər və sair bu kibi mənalarla təfsir verənlər vardır.

Bizcə bu əhvali-siyasiyat yürüşünün proqramını bu gün əllərində tutmuş olan müttəfiq dövlətlərin proqram dəyişikliklərini anladan əhvallardan degildir. Bu müzəfəriyyət və qələbələrindən mümkün mərtəbə, böyük istifadələr qazanmaq hərb əsnasında çəkmiş olduqları, zərər və ziyanları mənfəətilə qaytarmaq və Almaniyanı zərərsiz bir halə salmaq işlərilə məşğul olan müttəfiqlərin əsgəri manevrasıdır ki, qoşun hissələrinin istirahəti nöqteyi-nəzərindən ittxaz edilməsinə lüzum görülmüşdür.

Qafqaz cümhuriyyətləri üzərində "protektorat" təyin etmək və həqqi-himayənin kimə verilmək məsələsinin hələlik həll olunmadığını zənn edirik.

Ümumiyyətlə, bunu demək olar ki, müttəfiqlərin Qafqazda dolaşması əvvəlcə zənn olunduğu kimi Rusiyanı diriltmək və əski hüdudları dairəsində yenidən bərqərar etmək niyyətilə olmiyub, bəlkə alman ayağı dəymiş olan yerlərdən alman nüfuzunu bilkülliyyə məhv etmək və bolşevikliyin yayılmasına bir hədd qoymaq qəsddədir.

Həqq-himayə məsələsi gələcək məsələlərdəndir. Mehmannəvazlıqla məşhur olan qafqazlılar və baxüsus Azərbaycan türk və islamları, rəftar və hərəkati ibtidadə xeyrxahlığa dəlalət etməyin ingilisləri boylə bir mehmanə layiq olan hörmətlə qarşıladığı kimi dost və xeyirxah olacaqlarını ümid etdigimiz italyanları dəxi kəmali-mehmannəvazi ilə qəbul edəcəklərdir.

Vaxtilə istibdad və əsarət acılığını dadmış olan italyanlar bu istibdad və əsarət cəngindən yenicə can qurtarmış olan azərbaycanlıların halım gözəlcə anlarlar, əlavə türklik ilə italyanlar arasında qədim və yeni tarixlərdə bir o qədər dərin bir xüsumət və düşmənçilik olmadığını və bu gün italyanlar ilə Osmanlı türkləri arasında mövcud olan ülfət və məvəddəti mülahizəyə alırsaq, italyanlardan mənfəətdən başqa bir zərər görməyəcəgimizi indidən qəviən ümid etmək olar.

İngilislərin getməginə gəlincə yuxanda zikr etdigimiz üzrə bizdən bizim adat, əxlaq və rəftarımızdan doğru xəbərləri olmayan və düşmənlərimiz tərəfindən haqqımızda yalan-yalan xəbər və məlumat əxz etmiş olan ingilislər ibtidai-əmirdə bizə bir qədər yan-yan baxmaq istədilərsə də sonra bizimlə yaxından tanış olub da məlumatlarının yalan və yanlış olduğunu dərk edib hər münasibat və müamilatlarını dəgişdilər və bizim xeyirxahımız olmaqla düşmənlərimizi başı aşağı etdilər. Hökumətimizi təsdiq etmək, daxili işlərimizə qarışmamaq bizi və bilümum Zaqafqasiyanı bolşeviklər hücumundan qorumaq, Biçeraxov kazaklarını rədd etmək, Denikin və prijevalskilər qaragürahunu paytəxtimizdən çıxartmaq, Qarabağ məsələsində bizə kömək kimi rəftarlar ilə Azərbaycan türkləri arasında rəğbət qazandıqlarından çıxıb getmələrinə heyfsilənməmək qabil degildir. İngilislərin burada olmağından biz istifadə edib də yenicə təşkil etmiş olduğumuz dövlətimizin mövqeini bərkitdik. Ümuri-mülkiyyə və əsgərlərimizi qaydaya salıb gücləndik və özümüzü düşmən hücumundan lazımınca və layiqilə müdafiə və mühafizə edə biləcək bir halə gətirdik. Ümidvarıq ki, dostluqlarını intizar və arzu etdigimiz italyanların vürudundan dəxi böyük-böyük istifadələr edib hər bir nöqsanatımızı təkmilə fürsət bulacağıq.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 168-169.