Dünya mədəniyyətinin inciiləri: Ölməz Üzeyir əsərləri
Respublika. - 2025.- 23 fevral. - № 41. - S. 10.
Dünya mədəniyyətinin inciiləri: Ölməz Üzeyir əsərləri
Zümrüd Qurbanqızı
"Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir... O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır... Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlikdir...".
Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından.
Həyat göstərir ki, klassika heç zaman köhnəlmir. Bir anlığa gözlərinizi yumub "Sənsiz"i dinləyin:
Hər gecəm oldu kədər,
qüssə, fəlakət sənsiz.
Hər nəfəs çəkdim,
hədər getdi o saət sənsiz!
Nələr keçdi gözlərinizin önündən, xəyalınızdan. Təbii ki, cavab fərqli olacaq. Mən o qaranlıqda qəlblərə işıq saçan böyük sevginin yaratdığı möcüzələri gördüm. Bir bənzərsiz bəstənin, böyük ustadın qələmindən çıxan sözlərin, təkrarı olmayan ifanın qulaqlarımıza pıçıldadığı, damarlarımıza yeritdiyi, beynimizə həkk etdirdiyi qəhrəmanlıq dastanının, "Cəngi"nin döyüşə, mübarizəyə çağırış səslərini eşitdim. Kiçik bir vətəni ülvi məhəbbətlə sevərək böyük Vətənə əbədi bağlanmağın, tarixi qaynaqlara - kökə, soya bələd olmaqla xalqın taleyini anlamağın, doğma dili, mədəniyyəti ürəklərdə yaşatmağın mümkün olduğunu anladım. Anladım ki, Dədə Qorqud ləhcəsinə, Cavanşir comərdliyinə, Füzuli kədərinə, Nəsimi, Cavid taleyinə, Mirzə Cəlil, Sabir gülüşünə, Üzeyir musiqisinə... vurğunluqdur..., Vətənə sevgi. Qəhrəmanlıqları, yazıb-yaratdıqları ilə tarixiləşmiş, əbədiləşmiş Vətən övladlarına dəyər vermək, adlarını uca tutmaq isə mənəvi borcdur. Çünki dünya mədəniyyətinin inciləri sayılan o əsərlər həmişə təzədir, aktualdır, heç zaman köhnəlmir. Dahi Üzeyir bəstələri kimi...
1908-ci ildə Üzeyir bəy Yaxın Şərq aləmini lərzəyə gətirən "Leyli və Məcnun" operasını tamaşaya qoydu. Yanvarın 12-də Mailov teatrında ilk tamaşa uğurla keçdi. Bu mədəni hadisəyə sevinənlər də vardı, onu istəməyən bədxahlar da. Bütün diqqət Leyli rolunun ifaçısı Bakıda Hacı ağanın mehmanxanasında aşpaz işləyən Əbdürrəhim Fərəcova dikilmişdi. Qaragüruhçular ona elə toy tutmuşdular ki, bu, onun səhnədə ilk və son çıxışı oldu... Bundan sonra Üzeyir bəy və dostları Leyli rolunun yeni ifaçısının, yəni bu rolu oynaya biləcək kişi xanəndənin axtarışına çıxdılar. Çünki XX əsrin ilk onilliklərində azərbaycanlı qadın aktrisalar yox dərəcəsində idi. Xurafatın, geriliyin, fanatizmin hökm sürdüyü bir aləmdə bu, müşkülə çevrilmişdi. Nəhayət, böyük çətinlikdən sonra Üzeyir bəy bu rolu xalası oğlu Əhməd Bədəlbəyliyə (Əhməd Ağdamski) həvalə etməli oldu. Bundan sonra qadın rollarının ən gözəl ifaçısı kimi tanınan Əhməd bəy Üzeyirin "Arşın mal alan"ında da dəfələrlə Gülçöhrə partiyasını oynadı. "Arşın mal alan"dan söz düşmüşkən deyək ki, o, dahi bəstəkarın ən uğurlu və həm də başıbəlalı əsərlərindəndir.
"Arşın mal alan" bəstəkarın sonuncu operettasıdır. 1913-cü ildə Sankt-Peterburqda yazılan əsərin süjet xətti Şuşa şəhərində baş verən hadisələr üzərində qurulub. Rəşid Behbudovun qızı Rəşidə Behbudova "Arqumentı i faktı" qəzetinə verdiyi müsahibədə deyirdi: "... Mənim babam Məcid bəy Behbudalı, keçmişdə Behbudovlar nəsli belə adlanırmış, qeyri-adi səsə malik imiş, xalq mahnılarını mükəmməl ifa edirmiş və 30 yaşında artıq peşəkar bir müğənni olmuşdur. Bundan əvvəl isə atasına kömək edirmiş: bir qutu ipək yığaraq o vaxt yaşadıqları Şuşa küçələrini gəzir və yerli modapərəstləri mallara baxmağa səsləyirmiş: "Arşın mal alan, arşın mal alan...". Xırdavatçının ifadəli siması gələcək bəstəkar Üzeyir Hacıbəylinin uşaqlıq xatirəsinə o qədər həkk olunub ki, sonradan o, bu süjeti "Arşın mal alan" operettasında istifadə edib...".
1918-ci ildə Tağıyev teatrında ilk premyerası olan "Arşın mal alan" sonralar 75 dilə tərcümə edildi, 76 ölkədə 187 teatrda səhnəyə qoyuldu: Gürcüstan, Bolqarıstan, ABŞ, Polşa, Rusiya, Çin, Türkiyə... 1919-cu ildə İstanbulda tamaşa elə böyük uğur qazanır ki, Azərbaycan artistləri İstanbulun "Şərq" teatrını bir neçə aylığa icarəyə də götürməli olurlar. 1925-ci il iyulun 4-də Parisin "Femina" teatrında premyeradan sonra fransızların istəyilə müəllifin qardaşı Ceyhun Hacıbəyli əsəri fransız dilinə tərcümə edir və fransız aktyorlarının ifasında səhnələşdirir. Əsərin ekran taleyi isə qalmaqallarla doludur. Dəfələrlə ekranlaşdırılan "Arşın mal alan" 1937-ci ildə erməniəsilli Amerika rejissoru Setraq Vartyan tərəfindən müəllifin adını qeyd etmədən erməni dilində ekranlaşdırıldıqdan sonra Üzeyir bəy Stalinə etiraz məktubu ünvanlayır və 1945-ci ildə sonralar dünyanı fəth edəcək filmin çəkilişi başa çatır. Film o qədər sevilir ki, hətta "Stalin" mükafatına layiq görülür, dünyanın 136 ölkəsinin ekranlarında nümayiş etdirilir. Bu il 80 illiyini qeyd edəcəyimiz bu sənət incisi barədə ulu öndər Heydər Əliyev deyib: "Arşın mal alan" Azərbaycan mədəniyyəti tarixinin ən görkəmli nailiyyətlərindən biridir. Ona görə də bu film yaşamalıdır". Məhz ümummilli liderin tövsiyəsinə görə 2013-cü ildə Bakıdakı "Peachhline" şirkəti kadrları köhnəlməkdə olan filmin bərpası işini öz üzərinə götürdü. Film Hollivudda (ABŞ) nəinki bərpa olundu, həm də onun rəngli variantı da hazırlandı. Bu, Azərbaycan kino tarixinə ilk böyük hadisə kimi daxil oldu.
1937-ci il aprelin 30-da "Koroğlu" tamaşası səhnəyə qoyuldu və milli musiqimizin tarixinə qızıl hərflərlə yazıldı. Dünya xalqlarının opera inciləri sırasında özünəməxsus yer tutan tamaşa haqqında Üzeyir bəy "Bakinski raboçi" qəzetinin 1937-ci il 18 aprel tarixli sayında "Mənim opera üzərində işim" adlı məqaləsində yazırdı: "Koroğlu" operası üzərində işləyərkən mən müasir musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə ilə formaca milli opera yaratmağı qarşıma məqsəd qoymuşam". Müəllifin öz məqsədinə çatdığını təsdiqləyən ölməz şairimiz Hüseyn Cavid isə "Yeni yol" qəzetində çıxan məqaləsində haqlı olaraq belə qeyd edirdi: "Tar və kamança notlu orkestrdə vətəndaşlıq hüququ aldı. Teatrda Üzeyir Hacıbəylinin "Koroğlu" operası ilk dəfə səhnəyə qoyulmuşdur... "Koroğlu" operasında Azərbaycanın valehedici folkloru tamamlandırılmış, Avropa musiqi texnikası ilə uzlaşdırılmışdır".
"Koroğlu" da uzun illər səhnəmizdə zəfər yürüşü etdi, enişli-yoxuşlu yollar keçdi, Koroğlu rolunda çoxları özünü sınasa da Bülbülün Koroğlusunu heç kim təkrarlaya bilmədi.
Musiqi təbiətin dili, nitqi, ruhun qidası, aynasıdır deyirlər. Dahi Üzeyir yaradıcılığına, çoxcəhətli, möhtəşəm fəaliyyətinə yaxından bələd olduqdan sonra bu deyimi qətiyyətlə təsdiqləyirsən. Yaratdığı əsərlər Qız qalası, Şirvanşahlar kompleksi, Şəki xan sarayı və sair bədii-tarixi abidələrimiz kimi qorunmalı, gələcək nəsillərə çatdırılmalıdır. Dövlət başçısının imzaladığı Sərəncamda deyildiyi kimi: "Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mədəni-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir".
