Hürriyyəti-mətbuat
Məlumdur ki, Rusiyada sair tayfaların mətbuatı bir hökumət senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların mətbuatı iki senzur əmrlərinə tabe olmağa məcburdur ki, onlardan biri hökumət və digəri camaat senzurudur və sairələri yalnız bir hökumətin yaxasından tutub, hürriyyəti-mətbuat zühur etdiyi zaman, biz gərək bir əlimiz ilə hökumətin və o biri əlimiz ilə də camaatın yaxasından yapışıb azadi-kəlam istəyək.
Lakin həqiqətdə hürriyyəti-mətbuat və azadi-kəlam nədir və nədən ibarətdir?
Bu məsələni anlamaq üçün biz əvvəlcə bunu bilməliyik ki, görək hürriyyəti-kəlamın xalq üçün mənfəəti nədir?
Hürriyyəti-kəlamın, yaxud azadi-mətbuatın ümumxalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümum əhalinin və ya məlum bir camaatın mübtəla olduğu dərdini şərh edib müalicəsi üçün tədbirlər axtarmaq mümkündür. Məsələn, fərz edəlim ki, hökumət tərəfindən vəzd olunmuş bir nizam və ya qanun bir vaxt ümumi əhalinin rəfa və asaişlə məişət sürməyinə mane olur.
Bu məmaniətə qarşı ümumi və qəti bir etiraz edib, rəfini tələb etmək üçün ancaq mətbuati-şafi bir vasitə ittixaz etmək mümkündü. Və yaxud tutalım ki, bir məmur öz zülm və təəddisi ilə bir güruhi və bir camaatı cana gətirməyə başlayıbdır. Bu məmurun rəftar-zülmkaranəsini yerinə yetirib, xilasına çalışmaq dəxi, yalnız bir mətbuat vasitəsilə ola bilər.
Bəs bunun üçündür ki, mətbuat dəxi bu vasitəlik vəzifəsini layiqincə yerinə yetirmək üçün mütləq hürr və azad olmalıdır.
Vaxti ki, "senzur" idarələri bu gunə fəqərələrin mətbuata səbt olunmasını qoymayır, onda məlum olur ki, həmin "senzuru" təyin etmiş hökumət öz əhalisinin yaxşı və yaman gün keçirməsinə heç bir əhəmiyyət verməyib, ümum əhali mənafeyini öz əmrinə qurban edir, yəni əhalinin, məmləkətin qeydinə qalmayıb, ancaq hökm sürmək, hökm- fərma olmaq və bilaxır, əhalinin boynuna minmək arzusunda bulunur.
Bizim camaatın dəxi hüriyyəti-mətbuata düşmən olan üzvləri yenə də fəna fikirdə olub öz şəxsi mənfəətlərini ümumcamaat mənafeyindən artıq bilirlər və ikincisini birincisinə fəda etməyə çalışırlar.
Lakin bainhəmə, hürriyyəti-mətbuata düşmən olmayanlar dəxi bu sözlərin mənayi-həqiqəsini anlamayıb, azadi-kəlamı və hürriyyəti- mətbuatı öz şəxsi və camaat mənafeyinə heç bir dəxli olmayan işləri üçün bir alət bilib, onunla sui-istifadəyə çalışırlar və bir çox vaxt qəzetəçilərin hürriyyətpərvərliyi ilə nəfbərdar olub, onları zəlalətə salmaq üçün öz şəxsi işlərini ümumi bir rəngə boyayıb, mətbuat vasitəsilə camaat mühakiməsinə vagüzar edirlər. Lakin bu gunə həriflər, əksər ovqat, bir şey qazana bilməyib, bəzi vaxt özlərini dəxi el mühakiməsi qabağında fəna və tənbihə layiq bir surətdə göstərirlər.
Mətbuatın vəzifəyi-müqəddəsəsinə ehtiram və əhəmiyyət nəzərilə baxanlar hürriyyəti-mətbuat və azadiyi-kəmalın mənayi- həqiqisinə layiqincə vaqif olub, qəzet sütunlarını öz şəxsi mənfəətinə alət etmək təşəbbüsündən hər vaxt ictinab etməlidirlər.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 277-278.
