Üzeyir Hacıbəyli

Yenə erməni-müsəlman: [Sülh komisyonu xüsusunda]

"İrşad"ın keçən nömrələrində "Halımıza dair" və "Bir tədbir lazımdır, ya yox" sərlövhəli məqalələrdə biz, canişini-Qafqaz hüzurunda təşkil olunmuş erməni-müsəlman sülh komisyonunun (üzvlərinin bir yandan tərəfgirlik və bir yandan hümmətsizliklərindən naşı) sülhçiliyə layiq olmadığını yazmışdıq və bu komisyonun islahı üçün öz tərəfimizdən bir para təsəvvürat izhar edib də sairələrinin də bu mühüm məsələyə iştirakını iltimas etmişdik; görünür ki, həmin bu məsələ xüsusunda məzkur erməni-müsəlman komisyonunun üzvü cənab Məhəmmədağa Şahtaxtinski imiş, lakin məəttəəssüf cənab Şahtaxtinskinin yazdığını (məqaləsi çap olunmuş qəzetə bağlandığına görə) biz görə bilməmişik.
İndi, cənab Məhəmmədağa Şahtaxtinski "Maddənin hal-hazırından", "Qafqaz müsəlman qardaşlarımıza məlumat verməyi" özünə borc bildiyindən "İrşad"ın 158-ci nömrəsində də bu məsələ xüsusunda bir məktub yazıbdırlar.
Cənab Məhəmmədağa Şahtaxtinskinin bu məktubu artıq əhəmiyyətlidir. Bu məktub doğrudan da "Maddənin hal-hazırından" bizi və "Qafqaz müsəlman qardaşlarımızı" xəbərdar etməklə bərabər, bizim erməni-müsəlman sülh komisyonuna qarşı ibraz etdiyimiz ittihamatın da həqq və səza olduğunu təkid və isbat edir. Məlum olduğu üzrə ittihamatımızın bir qismi də cənab şahtaxtinskilərin boynuna düşürdü və (məəttəəssüf) indi də düşməkdədir. Çünki cənab Məhəmmədağanın bu məktubu ondan ötrü bir töhmət ola bilməz zənn edirik.
Dürüst mülahizə edəlim:
Canişini-Qafqaz hüzurunda millət vəkillərinin daimi bir məclis qurmaqları bütün qafqazlıların şiddətli arzularından biri olmalıdır, çünki millət işlərində millətin öz vəkilləri vasitəsilə işə müdaxilə və iştirak etməkləri nə qədər millət üçün nəflidir - hamıya aşikardır. Cənab Şahtaxtinski özləri də bunu iqrar edib, bu məclisin lazım və əlzəm olduğunu söyləyibdir. Lakin təəccüb burasıdır ki, cənab Məhəmmədağa bu zühura çıxarılan, bütün bir milləti təhqir edəcək dərəcə narəva və insafsız hərəkətləri görüb də, bütün Qafqaza təsir edəcək mərtəbədə şiddətli etiraz edib, qiyamət qoparmaq əvəzində gedib, Tiflis müsəlmanlarına şifahən şikayət etməklə bərabər bir də "Qafkazski herold" qəzetində ki, müsəlmanların ondan xəbərdarlığı yoxdur, bir bəyannamə yazmaq ilə iktifa edibdir.
İndiyə qədər, məzkur erməni-müsəlman komisyonunun narəva işlər görməsi ucundan biz müsəlmanların haqqında olan zülm və zərərə cavabdeh kim olur? Haman o narəva işləri görüb də sükut ixtiyar edən adam kimdir?
Cənab Şahtaxtinski özləri yaxşı bilir ki, bizim millət erməni milləti kimi huşiyar deyildir. Milləti hümmətsizlikdə qınamaqdan əvvəl himmət göstərilməsinə möhtac olan bir əmrin nəfini camaata bildirməlidir. Bu da camaat işinə girişməyə qədəm qoymuş Şahtaxtinski kimilərin vəzifəsidir. Bizim millət ayılıbdır, yəni öz təhlükəli halını düşünübdür, lakin nicat yolunu tanımayır və özü də çaşmış qalıb, nicat ümidilə, iztirab ilə ora-bura baxır və bir qədər nicat işığı görünən yerə kəmal, etibar, etimad ilə hirsli-hirsli özünü atır; lakin görürsən ki, bədbaxtlıq üz verib, nicat işığı gələn yer özü də qorxulu bir uçuruma dönübdür... Millət bir xovf və həras ilə geri çəkilib, etibar və etimadını hər şeydən kəsir. Hər halda cənab Şahtaxtinskinin bu bəyannaməsi (razoblaçeniyası) camaatımızdan ötrü son dərəcə əhəmiyyətlidir; çünki, xalqımızın gözünü açır və bildirir ki, "hər millətpərəst", "hər millət başçısı" adlanan yalançı pəhləvanlara etibar və etimad edib, məişətimizin yüngüllüyü üçün ittixaz olunan böyük-böyük əmrləri onlara tapşırmaq olmaz və bir də hər böyük əmrdə camaatın öz həqiqi başçısına yardım və müavinəti lazımdır, çünki bu həqiqi başçı, məhz, camaatın xeyri üçün çalışandır.

                                                                                                        Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 245-247.