Üzeyir Hacıbəyli

Xəbərdarlıq

Keçən səfər müəllimlər barəsində işarə edib tərbiyəyi-ətfaldan bəhs açdıq. Doğrudan da uşaq tərbiyəsi çətin bir əmrdir. Uşağı nə tövr tərbiyə etsək, o tərbiyəyə görə də adam olar.
Bilümum uşaq xeylağı məktəbə girmədən qabaq öz valideyninin təhti-tərbiyəsində qalır. Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata-ananı övladın birinci xeyirxahı cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şərri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan əazim pedaqoqların tərbiyə haqqındakı mülahizat və təklifatından layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn bunca fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsiz və tərbiyəsizliyidir. Bu barədə möhtərəm Firidun bəy Köçərli cənabları şirin dilli məqalələrlə tərbiyə və təlimi-nisvanın lüzum və vücubunu qəzetəmiz səhifəsində vazeh surətdə bəyan buyurublardır.
İş bundadır ki, məktəbə qoyulan uşaqlarımızın əksəri tərbiyə görmədiyinə görə onları təhti-təlim və tərbiyəyə alan müəllim əfəndinin işi müşkül, daha ağır və binaən əleyh məsuliyyəti daha artıq olur.
Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə zəhmətdən və cavabdehlikdən qurtarsın... Qəlbində tərbiyə və təlimə heç bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəsbi-ruzi vasitəsi axtarsın.
Hal-hazırda müəllimə ehtiyacımız çoxdursa da, lakin bu ehtiyac bir o qədər şiddətli deyildir ki, yaxşı müəllim intixabına məcal qalmasın. Və bir də maarif işinə əyri baxmağa məcbur edilmiş əhalini bu işə alışdırmaq üçün müəllim seçkisində böyük diqqət lazımdır. Xalq ürkməsin və məktəb camaata mənfəət verməklə onları şövq və həvəsləndirsin. Bu halda müəllim hazırlamaq üçün hökumət tərəfindən açılmış məktəb Qori seminariyası ilə İrəvan seminariyalarıdır. Bu seminariyalardan çıxan müəllimlər, baxüsus Qori seminariyasından, müəllimlik sənətini yaxşıca bilirlər. Tədris və tərbiyə işlərini də müəllimlik nizamlarına müvafiq icra edir. Lakin bu seminariyaların müsəlman mərkəzlərinə yaxın olmaması buradan çıxan müəllimlərin əvvəl dəfələrdə camaata biganə görünmələrinə səbəb verir. Çox danışırdılar ki, Qoridəki seminariyanın müsəlman şöbəsi Bakıya və ya Tiflisə, yaxud Şamaxıya köçürüləcəkdir. Lakin bu danışıqdan hələ ki bir şey çıxmadı, görünür ki, bu məsələnin də dalına düşən olmayıbdır.
Əgər haman seminariyanın şöbəsi, heç olmasa Tiflisə də gətirilsə və orada türk dili dərslərinin proqramı tovsi edilsə söz yoxdur ki, müəllim sarıdan böyük arxayınlıq olar.
Bu halda camaat pulu ilə müəllim yetişdirməyə xidmət edən məktəblərimizdən isə yalnız bir Bakıda olan "Saadət" məktəbini bilirik. Gəncədə dəxi "Saadət"ə bənzər bir ruhani məktəbi vardır. Lakin o məktəbin işləri ilə məəttəəssüf bir o qədər aşinalığımız olmadığına görə, ondan bir söz deyə bilmərik. Məgərinki keçən günlərdə bizim qəzetədə haman mədrəsənin proqramı nəşr və elan olunmuşdu. O proqram bizə çox naqis göründü.
"Saadət" məktəbi isə gələcək üçün çox böyük ümidlər verir. Bu məktəbə əhalimizin iki əl ilə yapışması vacibdir. Çünki bu məktəbdə təhsil edən uşaqların hər yerə yolu açıqdır.
O ki qaldı müəllimə yetişdirəcək məktəblərə, bu yolda əhalimizə bir növ kömək edən bir məktəb varsa, o da Bakıda Tağıyev cənablarının təsis etdiyi "Aleksandrin" "Ünas məktəbi"dir. Lakin bu məktəbin kursu çox balacadır.
Və saniyən bu məktəb bahalıq cəhəticə bir adamın orada qız oxutmağına imkan verməyir. Əgər bu məktəbin də kursu ayrılıb və özü də hər kəsin qüdrətinə müvafiq bir icrətlə uşaq qəbul edərsə, o halda müəllimə sarıdan da bir növ arxayınlıq ola bilər. Lakin "hərgah" və "əgər" ilə iş getməz. Bu fikirləri qüvvədən felə gətirmək üçün lazımdır bu işlərin dalına düşmək gərək və illa işlərimiz bu növ ilə qalsa tərəqqimiz çox çətindir.

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 109-111.