Təskinlik
Bundan bir neçə gün qabaq yetişən teleqram ki, - Səttarxan Eynüddövlə tərəfindən mühasirə edilibdir - bizi və cəmi hürriyyətpərvərləri böyük bir əndişəyə salmışdır.
Hər kəs "Aya görəsən nə olacaq?" - deyə kəmali iztirab ilə teleqram gözləyirdi.
Lakin minlərcə şükürlər olsun ki, bu gün qəzetəmizdə dərc olunmuş Təbriz teleqramı əndişəmizi bir dərəcəyə qədər təskin etdi.
Bəli, Eynüddövlə bir o qədər hədə-qorxu gəlmədən sonra şəhəri topa tutubdur.
Və üç gün top atəşi davam edibdir. Lakin "Dövlətin gözünün" bu bombardmanı heç bir nəticə verməyibdir. İndi aşkardır ki, Eynüddövlənin (ayıb olmasın) qoşunundan ibarət nə imiş, hətta rus teleqraf agentəsi kəmali bədbini ilə deyir ki, Eynüddövlənin qoşunu vəhşi və qeyri-müntəzəm dəstələrdən əmələ gəlib, heç bir şeyə lazım deyil.
Bir məsəl var deyərlər ki, "eşşəyə minmək bir ayıb, düşmək iki ayıb". İştə Eynüddövlənin bu "hücum və bombardmanı" haman eşşəyə minib düşməkdən ibarət oldu.
Bəli, amal və əfkar aliyə sahibləri əsnayi-mübarizədə böyük bir qüvvəti-mənəviyyəyə malik olurlar ki, o qüvvəti mənəviyyə onların cismani qüvvəsini ikiqat artıracaq dərəcə əhəmiyyətli və mənidardır.
Bu gün Səttarxan ilə tərəfdarlarının halı buna şahiddir.
Qoy indi Eynüddövlənin quldurları get-gedə artsın: heç bak yoxdur! Onlar yalnız quldurluqdan başqa bir şey bacarmazlar. Bu gunə müharibələr onların işi deyildir.
Lakin burada bizi məyus edən o xəbərdir ki, Təbrizdə çörək yoxdur və ətraf əknafdan Təbrizə heç bir şey buraxmırlar.
İştə bunun üçün bir tədbir və çarə bulmaq lazımdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 32.
