Muğamat və xalq mahnılarının ifası haqqında çıxışı
Yoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. "Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər, hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtı ilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.
Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.
Sizə məlumdur ki, arxada yaralı əsgərlərə verilən konsertlər nə qədər şən keçir, onları ruhlandırır. Cəbhə üçün çalışan fəhlə və kolxozçularımızın, ziyalılarımızın ruhla işləmək və istirahət etmək üçün musiqiyə qulaq asmağa ehtiyacı vardır. Deməli, musiqi xalqın bugünkü vəziyyəti ilə, müharibə ilə sıx əlaqədardır.
Biz hələ indiyə qədər istər cəbhədə, istər arxada verilən musiqi verilişlərinin tərtibi, onun yaxşılaşdırılması, bu işin nizama salınması haqqında xüsusi olaraq danışmamışıq. Məlumdur ki, konsertlər çox tez-tez verilir, odur ki, konsertdə iştirak edən yoldaşlar bir o qədər hazır olmur, onun nəticəsində bəzən lazım olan nəticə əldə edilmir. Qospitallarda verilən konsertlərdə elə musiqi çalınır ki, yaralının ağrısını azaltmaq əvəzinə onların əsəblərinə daha da pis təsir edir. Əlbəttə, belə musiqinin olmaması olmasından daha yaxşıdır. Konsertlərdə iştirak edən bədii kollektivlər və bu işin başında duran yoldaşlar öz vəzifələrini lazımi qədər başa düşməli və elə etməlidirlər ki, qospitallarda verilən konsertlər xəstələri razı salsın, onlara xoş gəlsin.
Səyyar briqadalardan başqa konsert verən bədii briqadalarımızın ən mühüm yeri filarmoniyadır. Konsertlər estradada və radio ilə də verilir. Bu təşkilatlar da öz işlərini yaxşı qurmalıdırlar.
Repertuarımız nədən ibarətdir? Bizim repertuarımız əsasən el mahnılarından qurulur. Xor kollektivləri və yaxud tək-tək oxuyan oğlan və qızlar el mahnıları və muğamat ifa edirlər. Bu gün el mahnılarına və muğamata daha artıq fikir verilməsi təbiidir. Lakin aşıq mahnıları və bəstəkarlarımızın əsərləri də repertuara daxil edilməlidir.
El mahnılarını seçmək lazımdır, çünki elə mahnılar vardır ki, bunları dinc vaxtında oxusaq zərər yoxdur, ancaq müharibə vaxtında, madam ki, bizim hər bir işimiz, hər bir çıxışımız cəbhəyə kömək etmək üçündür, onlara tənqidsiz yanaşmaq düzgün olmazdı. Hər bir şeyə tənqid nöqteyi-nəzərindən baxmaq lazımdır. Qeyd etməliyəm ki, radioda və filarmoniyada verilən konsertlərdən məlum olur ki, bu işə rəhbərlik zəifdir. Məsələn, belə olur: radioya bir nəfər oxuyan gəlir; ondan soruşurlar: - "Hə oxuyacaqsan?" O da deyir ki, filan havanı oxuyacağam. Oxuyan hazırlıqsız oxuyur, çox vaxt səsini tarla uzlaşdıra bilmir, xaric oxuyur, yaxud çaşır, ümumiyyətlə, xaltura əmələ gəlir. Vəziyyətimizin ciddi bir vaxtında, cəbhə mübarizəmizin kəskinləşdiyi, müharibənin bizdən daha artıq səy tələb etdiyi bir zamanda radiodan "Dedim bir busə ver" və s. sözlər eşidilir. Halbuki el mahnılarının insana ruh verən gözəl nümunələri vardır. Onları oxumaq lazımdır, onlardan bəstəkarlarımız öz yaradıcılığında istifadə etməlidir.
Cəbhə üçün şer yazan şairlərimiz çoxdur. Gözəl xalq havalarını indiki vəziyyətə münasib sözlərlə oxumaq olar. Şairlərimiz də bu cür havalara münasib yaxşı sözlər yaza bilərlər. Müharibənin gərgin bir vaxtında: "Dedim bir busə ver, dedi vermərəm" çalınıb oxunması yersizdir. Halbuki bizim sovet qızları müharibədə ciddi rol oynayır, bir çoxları hətta səngərlərdə vuruşur; belə olan vaxtda o hansı xanımdır ki, busə versin? Bu nəğmə görünür ki, ayrı bir vaxta aiddir. Busə keçmişdə çadra altında olan xanımlara qoşulan sözlərdir. İdarə başında duran, repertuar tərtib edən bir adam belə şeylərin oxunmasına icazə verirsə, deməli, o, öz vəzifəsini yaxşı başa düşmür və yaxud vəzifəsini başa düşür, amma buna əməl etmir.
Bugünkü günlə səsləşməyən sözlərdən yenə də göstərmək olar: "Nə durmusan dağ başında qar kimi" və yaxud belə bir xalq havasını yada salaq: "Şirvanın yastı yolu, su gəldi basdı yolu". İddia etmək olar ki, bu hava o sözlər üçün yaradılmamışdır. Həmin sözlərin əvəzində Qaçaq Nəbi haqqında qoşulmuş gözəl sözlər vardır, onları oxumaq olar, həm də gözəl bir hava itməz və belə bir havadan cəbhədə əsgərlər ilham alarlar.
Bir daha qeyd etmək istəyirəm ki, el havaları çox gözəldir, ancaq onların bəzisinin sözləri işi korlayır. Odur ki, o havaları başqa sözlərlə əvəz etmək lazımdır.
Bununla bərabər bilirsiniz ki, qospitallarda bir çox yaralılar yatır; odur ki, onların yanında "yaralıyam dəymə, dəymə" və s. oxumaq olmaz, çünki bu, yaralıya pis təsir edər. Dəfələrlə bu barədə ifaçılara tapşırılmışdır. Ancaq hələ bir yenilik yoxdur. Əlbəttə, bu işdə hamımızın təqsiri vardır. Bizə dəfələrlə göstəriş verilmişdir ki, radio konsertlərin proqramını nəzərdən keçirək. Lakin bu işə əməl edilmir.
Bir neçə söz muğamat haqqında! Dəfələrlə göstərmişik ki, "qatarı" oxumağın bu saat o qədər də əhəmiyyəti yoxdur, çünki düzgün və tamam oxumurlar. Bəs oxunan nədir? Görürsən ki, iki kəlmə söz deyir, dalısını ağlayır. Nədənsə bu havanı bütün oxuyanlar sevir. Əvvələn, muğamlar bir-birindən ayrılır. Məsələn, çahargahın bağışladığı təsir başqadır, o birisinin təsiri isə başqadır. Mən dəfələrlə demişəm ki, gərək bizim oxuyanlarımız muğamatın qədrini bilsinlər, elmi-təcrübi cəhətdən onları düzgün oxusunlar. Bunu bilməyənlər ya onun əhəmiyyətini başa düşmür, yaxud tənbəllikdən ürəklərində elə od yoxdur ki, onu öyrənsinlər və yaradıcılıq fantaziyasını bir az genişləndirsinlər.
Mən Yerevanda olanda qardaş erməni bəstəkarları üçün məruzə etdim və göstərdim ki, Avropa musiqisində 24 qamma vardır, bunun əvəzində bizdə 120 qamma vardır. Bu cür zəngin bir irsə malik xalq öz musiqi yaradıcılığını inkişaf etdirir. Ancaq çox təəssüflər olsun ki, el mahnılarını bəzi sözlər korlayan kimi, muğamatı da bəzi oxuyanlar korlayır.
Bizdə muğamat oxuyanlar iki cürdür: biri - çoxdan oxuyanlar, o birisi - təzə oxuyanlardır. Təzə oxuyanlar elə bilirlər ki, hər nə oxusalar axırını gərək segah ilə qurtarsınlar. Axırda məlum olur ki, bu "Rast" oxuyur, "Bayatı-Şiraz" və yaxud başqa bir şey oxuyur.
Bir gün mən Əlövsətə qulaq asırdım. Əlövsət "Bayatı-Şiraz" oxuyurdu. Yollarını bilmədiyi üçün muğamatı düz oxumadı. Sonra mən soruşdum ki, o, nə qədər qonorar alır; məlum oldu ki, çox böyük qonorar alır. Mənim buna çox hayıfım gəldi. Mənim nəzərimcə, bu cinayətdir.
Bəzi oxuyanlar xalq mahnısını - "Apardı sellər Saranı" düzgün oxumur. Sonra "Segah" oxuyanlar da onu elə uzadırlar ki, camaat da yatır. Konsertlərin repertuarını tərtib edərkən biz gərək yaddan çıxarmayaq ki, biz düşmən ilə gərgin müharibə aparırıq; odur ki, biz iradəmizi gərək daha da möhkəmləndirək. Bununla da mən demək istəmirəm ki, "Segah" oxumaq lazım deyil; ancaq bu cür "Segah" oxumaq üslubuna qarşı mübarizə aparmaq lazımdır.
Köhnə oxuyanlardan bizim hörmətli xalq artistlərindən Cabbarı çox az eşidirik. Buna da çox təəssüf edirik.
Qədim xanəndələrin bəzisinin oxumaq üslubu xüsusi məktəb görmədiklərinə görə belə idi: ağzını açdıqda elə bil ki, kimsə ölüb, onu aparıb basdıracaqlar. Çünki oxumaq üslubunda mədəni vasitələrin heç birindən xəbəri yox idi. Ata-babalarından necə eşitmişsə, eləcə də oxuyurdu.
Bundan başqa, şer oxuduqda onun daxili məzmunu ilə maraqlanmalıdır. Əvvələn, sizə məlumdur ki, şer misralardan düzəlir, cümlənin yarısını o biri misra tamamlayır. Sözlər musiqiyə qoşulduqda, buna fikir verib, şerin tələbinə görə oxunmalıdır. Bir də görürsən ki, xanəndə şeri bir-birinin dalınca deyir: bir misra bu şerdən, o biri misranı o biri şerdən. Beləliklə, bütün şer pozulur. Elə xanəndə olur ki, o, cümlələri layiqincə və öz yerində deməyə qadir deyil, ona görə də cümlələri bir-birinin dalınca deyir ki, tez qurtarsın. Bunların hamısı ondan irəli gəlir ki, indiyə qədər bizdə hələ elə bir məclis qurulmamışdır ki, orada bir nəfər muğamat oxusun və ona qulaq asılsın. Mən bunu əlbəttə ki, oxuyanları bir-biri ilə vuruşdurmaq üçün deyil, bir-birinə kömək etmək, bir-birindən öyrənmək məqsədilə deyirəm. Mənə belə gəlir ki, pis adətləri tərk etmək olar.
Bir dəfə mən radioya qulaq asırdım: "Rast" oxuyurdular. "Rast"ın "Zəminxara" yeri vardır; məlum oldu ki, onu yaddan çıxarıblar, onun yerinə "Şahnaz" oxuyurlar. Halbuki vaxtilə hələ doktor İoannesyan bunu orkestrin repertuarına salmışdır. Ancaq bizim oxuyanlar bunu yaddan çıxarmışlar.
"Rast"ın dinləyiciyə təsiri böyükdür. O, insanda mərdanəlik hissi oyadır. Ancaq bu da yaddan çıxıb gedir. Sonra "Segah"ın özünü də sızıldayaraq oxuyurlar. Təkrar edirəm: sülh vaxtı olsa idi, zərər yoxdur, ancaq indi sızıldamaq yeri deyil; "Segah"ı biz necə oxumalıyıq? Bunu ən gözəl bir surətdə, heç bir sızıltı etməməklə elə oxumalıyıq ki, "Segah" segahlığında qalsın.
Ən pis müamilə "Bayatı-Şiraz"la olur. Onu bu gün heç bir hörmətə layiq olmayan şeyə döndərmək istəyirlər. Halbuki onun xüsusi təsiri vardır. Müharibə vaxtında ondan istifadə etmək olar. O, yerində işləndikdə bizə nə qədər kömək edə bilər! Yersiz işlətdikdə, o, ancaq zəhlə tökə bilər. Görürsən ki, çalanlar da "Bayatı-Şiraz" arasında başqa bir şey çaldı.
Keçən dəfə Əlövsətin çıxışında tar çalan (deyəsən hacı idi) "Bayatı-Şiraz" arasında bir rus havası çaldı. Mən qorxdum ki, indi Əlövsət özünü itirəcək; yaxşı ki, tarzən sonra yenə "segaha" döndərdi və onunla qurtardı!...
Sonra, yoldaşlar, o gün bilmirəm kim isə deyirdi ki, filankəs 40 dəqiqə "Şur" oxudu. halbuki 40 dəqiqə içərisində operanın bir aktı gedir. İş bundadır ki, muğamat çalanlar və yaxud oxuyanlar həmişə musiqini tamam etmək üçün vaxt istəyirlər. Hə qədər vaxt lazımdır? Hədsiz vaxt olmaz! Muğamatı istədikdə 4 saat da oxumaq olar, istədikdə 5 dəqiqə içərisində də oxumaq olar.
Məsələn, belə olur: ifaçı "Rastı" başlayır, mayəsini çalır, sonra variantını üç dəfə çalır və keçir "Əraqa", bunda da yenə təkrarlara yol verir. Çalğıçı gəzişir, axtarır və müəyyən variantlardan sonra gedib mətləbə çatır. Beləliklə, bunu nəinki 40 dəqiqə, 2 saat davam etdirmək olar. Halbuki bütün dəstgahı az vaxt içərisində qurtarmaq olar. Məsələn, özünüz görübsünüz, 10 dəqiqə içərisində operanın müəyyən bir aktı gedir, burada böyük və müəyyən bir hadisə olur, özü də cəmi 10 dəqiqə vaxt aparır. Bir muğamatı saatlarla oxuyan adama bir deyən yoxdur ki, nə üçün belə edirsən? Odur ki, o da istədiyini edir. Misal vardır deyərlər "aşiqin sözü qurtaranda yarım-yarım deyər", onlar da buna oxşayır.
Siz bilirsiniz ki, Azərbaycanda musiqi Sovet hökuməti və partiyamızın qayğısı nəticəsində get-gedə inkişaf edir. Əvvəllər musiqiyə qulaq asmaq çaxır içmək kimi bir iş hesab edilirdi. Ancaq indi musiqi mədəniyyətimiz yüksəlmiş və tələbatımız da artmışdır. Aktyor səhnəyə çıxan kimi öz rolunu necə ifa etdiyi o saat hiss olunur. Mədəniyyət artdıqca musiqiyə tələbat da artır. Bülbül oxuyanda onun ifasından camaat razı qalır; çünki o, düzgün və təsirli oxuyur. Səhnəyə gərək usta çıxasan; xam çıxdıqda camaat konsertdən narazı qalır. Buna görə də işdə olan nöqsanı burada qeyd etmək lazımdır; bir çox yeniyetmə qız və oğlan radioda öz bildikləri kimi oxuyur, maneraçılıq edir, sözləri dəyişdirirlər. Onlara deyilməlidir: niyə belə oxuyursan? Nədənsə üzərlərinə böyük vəzifələr düşən idarə rəhbərləri bu yolda heç bir iş görmürlər. Bunun nəticəsində istənilməyən hərəkətlər əmələ gəlir.
Mən bir misal da gətirmək istəyirəm. Yoldaş Sarabski əvvəllərdə çıxıb oxuyurdu, heç kəs də deməz ki, o pis oxuyurdu. Bununla belə o heç vaxt özünü öyməmişdir. Ancaq indi görürsən ki, bir dəfə birinin adı çıxıbdır ki, yaxşı oxuyur, o, öz tərifini eşidən kimi o saat deyir ki, gərək mənim qonorarımı artırasınız. Bir sözlə "Arşın mal alan"da Soltan bəy dediyi kimi, "mənim adımı hamı əzbərdən bilir", - deyir. Çox təəssüflər olsun ki, belə adamları biz səhnəyə çıxarırıq; belə adamları səhnədən qovmaq lazımdır. Çünki əgər onda artist odu varsa, o gərək get-gedə öz üzərində çalışsın və ifaçılıq mədəniyyətini yüksəltsin. Hərğah o başqa şey dalınca gedirsə, onu qovmaq lazımdır.
Bəzən görürsən ki, bir aktyor məşq zamanı tarın səsi ilə öz səsinin uyğun gəlib-gəlmədiyinə heç fikir vermir. Odur ki, öz hörmətini bilən aktyor camaatdan hörmət tələb etməzdən qabaq, öz-özünə hörmət etməlidir. Qədimdə belə idi: bir dəfə məclisdə zənguləni pis vurduqda xanəndə utanar, bir daha məclisə gəlməzdi. İndi isə biri pis oxuduqda buna fikir verilmir, camaatın tələbi də yaddan çıxıb gedir.
Aşıq havaları. Aşıqları inqilabdan əvvəl elə hala salmışdılar ki, onlar ancaq kəndlərdə işləyirdilər. Ancaq bu gün aşıqlar musiqi təbliğatında bizə kömək edir və bu işdə böyük rol oynayırlar. Onların sənəti şəhər musiqisinə yenilik gətirir, onu zənginləşdirir. Axır vaxtlarda aşıq sənəti daha çox hiss olunur. Ölkəmizdə elə bir hadisə olmur ki, aşıq ona cavab verməsin.
Partiya, hökumətimizin rəhbərliyi altında cavan bəstəkarlarımız öz biliklərini artırır, məktəblərdə oxuyurlar. Biz onlardan böyük yaradıcılıq işləri gözləyirik. Bununla bərabər, onların içərisində öz sənətlərinə əhəmiyyət verməyənlər də vardır. Mən sizə çıxışımın əvvəlində dedim ki, mən tənqidi çıxış edəcəyəm.
Axır zamanlarda bir musiqi eşitdikdə heç bilməyirsən ki, bu haradandır. Bu barədə "Krokodil" jurnalında yaxşı bir şey yazmışlar: "Bəstəkar Volqakamski öz əsərinin mühüm hissəsini itirmişdi; onu axtarıb tapmaq üçün it gətirirlər, it də Çaykovskinin şəklinin qabağında durub "hürür", yəni şəkildə onu göstərirlər ki, bəstəkar Volqakamskinin əsərinin mühüm hissəsini Y. Çaykovski "oğurlamışdır". Bizdə də bir-birindən köçürmə, daha açıq desək oğurlama yox deyildir.
Aramızda çox pis adət vardır: bəstəkar hazırca el havasını görüb, ora-burasını dəyişdirib, altında yazır ki, filankəsin əsəridir?! Bu yaxşı iş deyil.
Hər bir həşəratın özünü qorumaq üçün özünəməxsus bir müdafiə nişanı vardır. Məsələn, xoruzun özünü müdafiə üçün dimdiyi vardır, qoçun buynuzları vardır, bəzi bəstəkarların da özünü qorumaq üçün istədiyin qədər dikbaşlığı vardır. Belələrinə söz demə, yanından keçmə!
Görürsən ki, şair zəhmət çəkib şer yazmış, bəstəkar onu musiqiyə salmaq istəyir, amma ondan istifadə etməyi bacarmır; o, şairin şerini qırıq-qırıq edir. Oxuduqda görürsən ki, söz yerində deyil. Məsələn "Bizim" sözünü uzadılmış şəkildə başqa cür eşidirsən.
Radio konsertlərinə gəldikdə, ən əvvəl bilməlisiniz ki, radio konserti bütün rayonlar üçün verilir, odur ki, buraya daha artıq fikir verilməlidir, ələlxüsus müharibə vaxtında bütün fikrimiz düşməni məhv etmək olmalıdır. Belə bir zamanda cəbhə işlərinə radio necə kömək edir? Bu nöqteyi-nəzərlə baxdıqda deməliyik ki, son zamanlar radio verilişlərində müəyyən dönüş yaradılmışdır.
Bununla bərabər radio konsertləri nümunəvi olmalıdır. Hər bir çalan və oxuyan öz işinə məsuliyyətlə yanaşmalıdır.
Musiqi təbliğində intizam daha artıq tələb olunur. Hərğah bir yerdə epidemiya varsa, həkimlərimizdən tələb edirik ki, tezliklə bunun qarşısını alsınlar. Biz də onlar üçün elə musiqi yaratmalıyıq ki, onlar istirahət etsinlər. Belə bir zamanda, Qızıl Ordumuz düşmənə qarşı hər bir dəqiqə vuruşduğu bir zamanda, biz də arxada öz vəzifəmizi bilməliyik.
Odur ki, hamınızdan tələb olunur ki, musiqidə hamilik və radio işlərində tezliklə dönüş yaradaq. Söz yox ki, bu dönüş bugünə müvafiq olmalıdır.
Yoldaşlar, mən əminəm ki, biz düşməni məğlub və rədd edib, nəinki şəhərlərimizi, kəndlərimizi, kolxozlarımızı düşməndən müdafiə edəcəyik, habelə öz işimizdə böyük dönüş yaradacayıq. Bu gün biz düşməni tamamilə məhv etmək üçün öz işimizdə, sənətimizdə olduqca böyük məharət göstərməliyik.
Burada müəllif tonallığı nəzərdə tutur.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- II cild.- S. 172-179.
