Üzeyir Hacıbəyli

Ordan-burdan: [Müəllimlər ictimainə dair]

Təvəqqe eləyirəm ki, bu yazdıqlarımı elə tez-tez və tələsə-tələsə oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır və əgər mümkün olsa, bunu oxuduqda gözlərinizi bərəldib, ağzınızı köpüklədin.
Ay molla inteligent, bilirsən nə var!? Bilmirsən? Ba! Yazıq sənin halına, ədə, müəllimlər istəyirlər ki, yenə bir yerə yığılıb "syezd" qursunlar. Orada millət dərdini danışsınlar, camaatın diqqətini cəlb eləsinlər, sənin şöhrətinə toxunsunlar, özləri şöhrət qazansınlar, hər yerdə tərif alsınlar, səni yaddan çıxartsınlar, sənin kimi xalqı aldadıb yalançı pəhləvan olmasınlar, məclis qurub iş görsünlər, sənin kimi tullanıb düşməsinlər. Ədə, nə durmusan? Tez ol donos ver, yoxsa ki, işin xarabdır! Tez ol, hökumətə xəbər elə, yoxsa ki, pəşiman olarsan! Gəncəyə getsələr qoyma! Tiflisə getsələr qoyma! Bakıya gəlsələr qoyma! Şəkiyə qaçsalar qoyma! Heç yerə qoyma, qoyma, qoyma... Əyyam xarab olubdur, qoyma, aləm aləmi digər olubdur, qoyma. Bax, mən dedim, bundan sonra özün bil.

                                                                                                                                             Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 318.