Üzeyir Hacıbəyli

Ordan-burdan

Ha fikir edirəm, başa düşmürəm!
Bu saat mənim adıma bir kağız gəlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elədim və yenə eləyirəm, heç zad başa düşə bilmədim və yenə başa düşə bilmədim. Lap "Molla Nəsrəddin"in gününə düşmüşəm. Bu kağızda çox sərt sözlər yazılıbdır. Belə ki, mənim yerimə bir dəymə-düşər adam olsa idi, acığı tutub haman dəm götürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın məzmunu məni elə kərdəngir edibdir ki, heç cavab zad da yadımdan çıxıbdır. Elə bir onu fikir edirəm ki, ay Allah, bu kağızı mənə yazan nə demək istəyirmiş, bu kağızı yazmaqda onun məqsədi və "ideya"sı nə imiş, çünki bu saat heç bir kəs "ideyasız", məqsədsiz bir kağız yazmayır. Dükançılar köhnə qəzetənin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir "ideya" bükür. Lakin heç başa düşə bilmirəm ki, mənim adıma göndərilmiş bu kağızın içinə nə cür "ideya" bükülübdür. Qəribə budur ki, kağızı yazan məni söyüb də bir də yalandan yazır ki, guya mən onu görmüşəm və onunla bizim şeir xüsusda danışmışam, o da mənə cavab verirmiş; qərəz, nə baş ağrısı verim, kağızın məzmunu budur:
"Ay Filankəs, yadındadırmı ki, sən məni aldadıb, mənə nəql deyirdin ki, guya, sizin şəhərinizdə millətpərəst pəhləvan adamlar var. Heç bir vaxt milləti öz şəxsi mənfəətlərinə satmazlar və mən də sənə cavab verdim ki, a kişi inanma: onlar millətpərəst deyildirlər, məbləğ- pərəstdirlər və sözlərinə qulaq vermə yalançıdırlar. İndi gördünmi ki, mənim sözlərim doğru oldu, a Filankəs! Hərgah yenə mənə inanmırsan, get may ayının otuz birinə bax...
Ay Filankəs, yadındadırmı ki, sən yenə məni aldadıb deyirdin ki, bizim şəhərimizdə bir orqanizasiya sosialist vardır, çox əqidələri doğru və "ubejdeniyalı" adamlardırlar, "proletaria"nın mənafeyini gözləyirlər və mən də sənə cavab verirdim ki, a kişi inanma: onlar uşaqdırlar, uşaq da olmasalar oyunbazdırlar. İndi, gördünmü ki, mənim sözlərim doğru oldu, a filankəs, səni görüm... (burada mənə pis söz deyibdir, ancaq mən onu yazmıram); hərgah yenə mənə inanmırsan, get may ayının otuz birinə bax...
Ay Filankəs, a... (yenə pis söz deyibdir) yadındadırmı ki, sən məni ələ salıb söyləyirdin ki, bəli, şəhərimizdə camaat öz xeyir və şərini anlayıbdır, öz dost və düşmənini tanıyır və mən də sənə deyirdim ki, balam, vallah inanma, onlar hələ qoyun sürüsüdür. Hələ o məqamlar uzaqdır. İndi gördünmü ki, mənim sözlərim doğru oldu, ay Filankəs! Hərgah yenə mənə inanmayırsan, get yenə may ayının otuz birinə bax...
Ay Filankəs, belə "millətpərəst"ləriləmi meydana çıxıbsan, belə "sosialistlərin"ləmi fəxr eləyirsən. Camaatın belə ayıqlığımdanmı dəm vurursan, ay Filankəs?.. Sözün doğrusu, mən sənin yerinə olsam, qələmi zadı sındıraram, bundan sonra səs çıxarmağa utanaram, ölərəm, a kişi!..
Kağızın yerdə qalanı söyüşdür, imza, filan da yoxdur. Lakin bu nə olsun? May ayının otuz birinə bax, yəni nə? Mən bu kağızı oxuyandan sonra, gedib bir rus və bir müsəlman təqvimi tapıb, may ayının otuz birinə baxdım, lakin orada bu kağıza dəxli olan bir şey tapmadım. Rus təqvimində yazmışdı ki, filan "svyatoyun" ağaca çıxan günüdür, müsəlman təqvimi də yazmışdı ki, bu gün saat xoş deyil.
Daha bir şey yox idi, bu kağıza aid ola idi və tərs kimi, o gün şəhərimizdə də oylə bir qəribə əhval vaqe olmamışdı, yenə irəlilər adam zad öldürərdilər. O da olmamışdı. Tək bir o gün, yəni may ayının otuz birində şəhərimizdə Dövlət dumasına vəkillər seçilmişdilər. Lakin bunun millətpərəstliyə, sosializmə, camaatın ayıqlığına nə dəxli?
Qərəz, mən ki, heç başa düşmürəm ki, bu kağız nə olsun və bunun "ideya"sı nə imiş... Əlbət, əli dinc durmazın birisi imiş, yazıb mənə sataşmaq istəyirmiş, vəssəlam!

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 227-228.