Üzeyir Hacıbəyli

Ordan-burdan

Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: "Qəzetə oxumaq müsəlmana haramdır".
Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisə və vaqiələri bilir. Ona görə: "Qəzetə oxumaq müsəlmanlara haramdır".
Qəzetə oxuyan müsəlmanın ağlı artır, dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona görə: "Qəzetə oxumaq müsəlmanlara haramdır".
Qəzetə oxuyan müsəlman öz dərd və ehtiyacını, qardaşının giriftar olduğu müsibət və bəlanı qəzet sütunlarında yazılmış görür, yaxud millətini təhdid edən müsibətdən xəbərdar olur. Ona görə: "Qəzetə oxumaq müsəlmanlara haramdır".
Qəzetə oxuyan müsəlman qəzetə sütunlarında dərdinə dərman, ehtiyaclarına əlac, işinə əncam tapır. Ona görə: "Qəzetə oxumaq müsəlmanlara haramdır".
Qəzetə oxuyan müsəlman qəzetədən təsəlliyab olur, qəm və kədəri dağılır, qəmabad könlünü kəskinlik tapır. Ona görə: "Qəzetə oxumaq müsəlmanlara haramdır".
Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar, ürəklərini deşən qəm və ələmdən xilas olub, təsəlliyab olmasınlar. "Bunlar hamısı həlaldır!"

                                                                                                                                               Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 194.