Macəraculıq
Bir var ki, rast məqul, sağlam bir politika yürütmək, bir də var ki, macəraculıq saiqəsilə meydana atılıb, işin aqibət və nəticəsini mülahizəyə almadan hər nə olur-olsun deməklə siyasət məntiqinə müqayir, mənafeyi-ümumiyəyə zidd, səlaməti-milliyə üçün qorxulu asayiş, məmləkət üçün zərərli olan hərəkət və təşəbbüslər icrasilə ümumi bir fəlakət hazırlamaq.
İnsanı boylə macəracu olmaq əməlinə vadar edən səbəblər çox ola bilər. Fəqət ümdələri üç qism səbəbdir.
Birinci cəhalət, ikinci sui-niyyət, üçüncü mənəmlik.
Bir cahilin siyasət işlərinə qarışması siyasət meydanında rol oynamaq təşəbbüsü, mənsub olduğu millət övladı olduğu vətən, təbəsi olduğu dövlət üçün böyük zərərlər turədə bilər. Boylə cahil bir adəm özü kibi qanmaz və anlamazları da başına cəm edib birdən-birə öylə qeyri-məqbul hərəkətlər çıxarda bilər ki, nəinki "qaş düzəldərkən göz tökər”, hətta başın özünü də cəhaləti yolunda fəda edib böyük bir bərbadlıq meydana gətirər.
Sui-niyyət ilə macəracu olmaq istəyənlər isə dəha təhlükəlidirlər. Çünki bunlar hər nə edirlərsə bilə-bilə edirlər. Aqilanə və səyli əllər ilə qurulmuş olan binaları, qəsd və təəmmüd ilə uçurmaq istiyorlər ki, əməllərinin nəticəsi olacaq bu xarabəlıqləri seyr və təmaşa ilə ləzzətyab olsunlar, iblis təbiyətli və şeytan ruhlu yaranmış olan bu macəracular üçün heç bir pak, heç bir müqəddəs şey yoxdur. Onlar üçün millət, vətən, istiqlal həpsi boş və biməni sözlərdir. Təqdis etdikləri bir şey varsa da, o da yalnız uçurub dağıtmaq əməli, sitayiş etdikləri bir Allah varsa, o da zülm və şər Allahıdır.
Bu iki əvvəlki qisim macəraculardan daha zərərlisi mənəmlik iddiası ilə meydana çıxanlardır. Bunların fikri milləti də, vətəni də, dövləti də və istiqlaliyyəti də öz şəxsi mənəmlik və şöhrətinə qurban etməkdir. Şəxsi "eqoizm” denilən möhlik bir mərəzə mübtəla olan bu şöhrətpərəstlər adına şöhrət qazandırmaq üçün bütün məmləkəti od və atəş içində yaxıb yandırmaqdan əl çəkməzlər.
Bu sadaladığımız macəracular öz məqsədlərinə çatmaq və məramlarını ələ gətirmək üçün əvam firib bir libasa bürünüb guya millətpərəst və vətəndustdur deyə safdərunləri, cahil və qanmazları nəşeyi-milli və təəssübi-dini iqaz edən sözlərlə aldadub, avamyanə bir təbirlə “başlarını piyləyib” öz əllərində kar və kor bir alət və vasitəyə döndərib ondan sonra bildiklərini edərlər. Yəni həqiqi millətpərvər, vətən sevgisi olan aqil siyasət sahibi olanların min zəhmət və məşəqqət ilə meydana çıxarmış olduğu hər bir xeyirli əməllərin mənfəətli nəticələrini pozub, dağıdıb, məhv və nabud edirlər. Boylə macəraçılara inanmış olan yazıq, safdil millət dəxi aldandığını, aləti-məsxərə olduğunu o vəxt başa düşür ki, daha iş-işdən keçmiş ola! Aldandığına, qandırıldığına əfsus edib peşiman olarsa da “sonrakı peşimanlıq fayda verməz” məfadincə yəs və naümidi qarşısında, əli qoynunda qalar.
İştə istiqlalını elan etmiş olduğumuz Azərbaycanımızı nəinki bir qara və qırmızı təhlükələrdən qorumalı, bəlkə boylə macəracuların “ağ təhlükələrindən” dəxi gözləməlidir.
Buna görə hər bir məsuliyyətsiz olan tanınmamış və bilinməmiş adəmlərin zahirdə nəzərə xoş görünən sözlərə genə inanmamalıdır. Zira ki, zahiri xoş isə də, batini və gizli tərəfi qorxulu və zərərlidir. Biləks, səy etmək lazımdır ki, boylə atılıb düşənləri yerlərində rahat oturtmaq və ya içimizdən tərd və təbid etmək, ağızlarını yummaq, əməllərinə qarşı sədlər çəkmək, “fitnə yatıbdır, allah lənət etsin onu durquzanlara” sözlərini yadda saxlıyub da zahirdə nəzm və nizam tərəfdarı, lakin batində fitnə və fəsad qovzamaq istəyən boylə macəraculardan çəkinməli və ehtiraz etməlidir.
Parlamanımızın təsdiqi ilə zimam hökuməti əlinə almış və məmləkət dolandırmaq və məmləkətimizi təhdid edən bir taqım sağ və sol təhlükələrindən millət və vətəni qan tökülməksizin qurtarmaqla öz iqtidarını, müdəbbirligini əzm və səbatını dürüst və sağlam siyasət təqib etməyini ümummillət əfradinə təsdiq etdirmiş olan bir hökumətimiz olduğu halda bu hökumətin siyasətini pozmaq istəyənlərə hökumətin razılığı olmayan bir taqım əməllər icrasına dəvət edənlərə qulaq asmaqlıq nə böyük xəta və nə fahiş bir qələtdir!
Millətimiz əfi-adini boylə macəracular təhlükəsində xəbərdar edib də hər bir əməlin aqibətini fikir etmək, qeyri- məqul hərəkətlərdən əl götürmək dərin fikirli, sağ və səlamət bir siyasət sahibi olmaq və hökumətimizə qarşı nəzm və nizam ehtiramını saxlamaq kimi düz və doğru yollara dəvət edirik.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 189-190.
