Üzeyir Hacıbəyli

Ordan-burdan

Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı.
Tanışlarımdan birisi deyir ki, "Tərəqqi"ni alıb, gördüm ki, başdan "Osmanlıda qanuni əsasi" yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır. Amma sonra gördüm, xeyr, kitab elanı deyilmiş, bəlkə əsli qanunı əsasi elani idi.
Bu xəbər Osmanlının düşmənlərinə artıq təsir etmədi. Onlar güldülər və özlərini arxayın etdilər ki, bu bir boş sözdür ki, bu gün yazıb, sabah deyəcəklər ki, balam, yalan imiş, elə şey yoxdur.
Sabah oldu, yalan olmadı, bürsügün oldu, yalan olmadı. Bəlkə getdikcə bu xəbər doğrulaşıb hamını inandırmağa başladı.
Osmanlı düşmənləri bir qədər bikef oldular, sonra ümid elədilər ki, yəqin bu qanuni əsasidən sonra necə ki, qaydadır qırğınlar-filanlar başlar. Yevropada bir bəhanə tapıb Osmanlının içinə girib, beş-altı qapaz vurar və deyər ki, siz nəsiniz, qanuni əsasi nədir?
Düşmənlər gördülər ki, qırğın da olmadı. Təəccüb elədilər ki, aya bəs bunların xuliqanları, qara dəstələri, qırğın həvəskarlıları yoxdurmu? Gördülər ki, yoxdur. Çox bikef oldular. Hətta istədilər ki, bir dəstə xuliqan tərtib edib göndərsinlər! Amma baxdılar ki, ondan da kar olmayacaqdır. Dedilər: görək qoşun nə qayıracaq. Güman elədilər ki, qoşun qanuni əsasini qəbul etməyib camaatı gülləbaran edəcəkdir. Bir də gördülər ki, Qurana and içdi ki, qanuni əsasini mühafizə etsinlər! Zabitlər, jandarmalar qanuni əsasi haqqında nitqlər söyləməyə başladılar...
Düşmənlər lap bikef oldular və bu iş onlara çox giran gəldi, dedilər:
- Bir görün, dünən can verirdi, bu gün hamıdan səlamət oldu. Bari bir qədər qan da tökülmədi ki, yenə bizim üçün bir təskinlik olaydı.
Və başladılar ağlamağa. Bunların səsinə o qədər adam gəldi. Təəccüb elədi, dedi:
- Nə üçün ağlayırsınız?
Dedilər ki, Osmanlıda qanuni əsasi olubdur.
Buna lap təəccüb edib dedi ki, canım, siz gərək sevinəsiniz ki, Osmanlıda qanun əsasi olmuşdur.
Dedilər ki, nə üçün?
Dedi ki, Bəs siz həmişə deyirsiniz ki, qanuni əsasi məmləkəti xarab edər, milləti məhv edər!
Dedilər ki, ey binəva! Bər əks, qanuni əsasi milləti dirildər, əzəmətə mindirər.
Dedi ki, bəs yaxşı, siz ki, özünüzə vətənpərəst deyirsiniz, bəs nə üçün qoymursunuz ki, öz vətəninizdə də qanuni əsasi olub, millət dirilə və əzəmətə minə?!
Onlar buna bir söz demədilər, ancaq başlarını aşağı salıb daha bərk ağlamağa başladılar. Çünki bir tərəfdən də yalanları aşkar oldu.

                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 22-23.