Üzeyir Hacıbəyli

Halımız

Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik - bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən "millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz" kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə "ahu-zarına" istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz "öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.
Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və "ahu-nalə" da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.
Fəqət əsil mətləb burasıdır ki, bizlər nə bədbinlərdənik, nə də nikbinlərdən. Zatən biz bədbinlik və nikbinlik nə olduğunu da bilmirik. Bir hissəmizin də halımızdan şikayət etməsi bədbinlik əlaməti dəyildir. Bəlkə boş-boşuna vayıldamaqdır. Uşaq ağlamağıdır. Digər hissəmizin də nikbinanə davranması qeydsizlik və yaxud qəflət əlamətidir. Hal-hazırda biz bir ailənin balaca əzalarına bənzəyirik. Yəni uşaq kimi bir haldayıq. Uşaq bir ailə nə olduğunu nədən anlaya bilər? Ailənin xeyir və zərəri nədə olduğunu mülahizəyə ala bilərmi? Uşaqdan ötrü hər bir şey qızıl rəngində görünür. Uşaqdan ötrü keçmiş yaxşı imiş, indiki hal daha yaxşıdır. Və gələcəkdə yaxşı olacaqdır. Ailələrinin həqiqətən nə halda olduğunu, digər ailələr arasında hankı mövqeyi işğal etdiyini, özgələrin bunlar ilə olan münasibəti və ailənin gələcəyi - bunlar hamısı uşaqdan ötrü məchuldur. Zatən o xüsuslərdə fikir etmək belə uşağın xəyalına gəlmir. Çünki bu cürə nöqtələri anlayacaq hiss və düşünəcək ağıl hələ nəşvü nüma edilməyibdir. Amma elə ki, uşaq böyüməyə başlayır, təcrübə sahibi olur, əqli artır, o halda ailə nə olduğunu düşünür. Öz ailələri ilə digər ailələr arasında mocud olan hüdudu gözü seçir. Ailəsinin digər ailələrə nisbətən hankı mövqeyi işğal etdiyini anlayır. Sonra ailələrinin gələcək qeydini çəkməyə də başlayır...
Bu gün bizim millətimizi təşkil edən camaatın əksəri də haman ailə çocuqlar halındadırlar. Onlar bizim halətimizi aydın və aşkar surətdə təsəvvürlərinə gətirə bilmirlər. Hankı mövqedə olduğumuzu seçmir və hansı mövqeyə keçmək lazım olduğunu da düşünməyə qadir dəyillər.
Odur ki, hər bir əfal və hərəkatlarında ümum millət mənafeyi nöqteyi-nəzərindən faydasızdır...

                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 45-46.