Üzeyir Hacıbəyli

Osmanlıda inqilab qovğası

Mədəniyyət cəhətcə Osmanlıdan neçə mərtəbə aşağı olan İran millətinin kəsbi-hürriyyət edib də vəkaləti-milliyyə tərzi-idarəsi ilə dolanmağa şüru etməsinə və bu idarəni saxlamaq üçün onu pozmaq istəyən şah hökuməti ilə müharibə və müqabiləyə çıxmasına osmanlı milləti nə qədər etinasız baxsa da, yenə də İranda olan bu böhrani-siyasidən mütəəssir olmaya bilməz. Çünki İran inqilabı hər nə tövr olmuş olsa, təhti-təzyiqi-istibdaddan xilas olmaq üçün edilən böyük bir təşəbbüsdür. Binaənileyh, daha bedtər bir istibdad altında çürüyən türk milləti üçün bir ibrətdir.

Zənnimizcə, bu ibrəti-siyasidəndir ki, indiyə qədər tək bir uzaqdan-uzağa Əbdülhəmid hökumətini söyməkdən başqa özgə bir təşəbbüsdə bulunmayan Cavan Türk firqəsi indi, yəni İran faciəsi başlanandan sonra, bir hərəkət və fəaliyyət göstərməyə başlamışlardır.

İndi Cavan Türklər firqəsi tərəfindən intibahnamə paylamağı və mümkün olan yerlərdə icrayi-təşviqat etmələrini və bu üsullar ilə əhalini qiyama sövq etmək əməllərini eşidirik. Lakin bunlardan başqa Osmanlıda özgə bir hadisələr vüquunu dəxi yazırlar. Bu da əsgər və zabitlərin fərarı və paşaların zabitlər tərəfindən öldürülməsidir.

... Sultan üsuli-idarəsi elə məharətlə qurulmuşdur ki, onun vücudu ilə Osmanlı daxilində cüzi də olmuş olsa bir qüvvətə malik olan firqənin təşkili imkan xaricindədir, çünki Sultan öz məmləkətində o qədər xəfiyyə dağıtmışdır ki, indi ata oğuldan, oğul atadan, qardaş qardaşdan bədgüman olub, bir-birlərini xəfiyyə zənn edirlər. İki türk bir- birinə rast gəldikdə o bunu, bu da onu xəfiyyə hesab edir, Halbuki çox ola bilər, bunlar ikisi də hürriyyət tərəfdarıdırlar və habelə məmləkəti-Osmaniyyə daxilində olan hürriyyətpərəstlər arasında batini bir irtibat mövcudiyyəsinə bunlar zahirdə muvəffəq olmağa cürət edəmirlər. Sultan istibdadının bu qədər zaman davam etməsinə də ümdə səbəb iştə budur. Deməli, orada hər kəs özünü yalnız hesab edir və "Yalqız əldən səs çıxmaz" məsəlinə tabe olub, sükut ixtiyar edir.

İndi isə bir tərəfdən Rusiya, digər tərəfdən İran məmləkətlərinin istibdad ilə pəncələşmələrini görüncə Osmanlı hürriyyət tərəfdarlarının qəlbi cuşə gəlib, müsaid yerlərdə öz-özlərini büruzə verib, laən şüur birləşməyə başlayırlar. Və çox zaman keçməz ki, bunların cürətsizlik və etimadsızlıqları aradan götürülüb, Osmanlı da öz- özünə qəvi bir firqə təşkil edər ki, məçlisi-məbusanın bəqasına və qəsb olunmuş hürriyyətin geri alınmasına əvvəldən müvəffəq olar.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 91-92.