Nuri-didə Ceyhun və Zöhrə!: [3 noyabr 1929-cu il]
Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtmaq məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezlik ilə buraya qayıtmağınız yaxşıdır. Bu xüsusda Zülfüqar sizə müfəssəl məktub yazıbdır, yəqin ki, alıb oxumuşsunuz. Əlbəttə, öylə edərsiniz, yəni SSSR səfarətxanəsinə müraciət edib, Azərbaycana qayıtmağa izn istərsiniz ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O xüsusda arxayın ola bilərsən. İzn aldıqdan sonra haçan çıxmaq istədiginizi bizə məktub ilə bildirərsən. Məncə, Moskva təriqi ilə gəlməginiz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır. Pul lazım olduğu cəhətdə bizə məlum edərsən. Pulu Moskvada istəsəniz də mümkündür. Yəni Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirsəniz tel vasitəsilə oraya pul göndərmək daha asan olur. Qərəz tezlik ilə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya gələndən sonra qulluğ barəsində heç fikir yoxdur. Qərəz o məsələni burada danışarıq. Vacib budur ki gələsiniz. Ona görə başqa fikirlərlə vəxtinizi itirməyib tezlik ilə səfarətxanəyə müraciət ediniz və təvəqqe ediniz ki, mümkün olsa teleqraf vasitəsilə buradan əhval istəsinlər. Müraciət etməyiniz xüsusində və nə cavab aldığınızı bizə məktub ilə bildiriniz. Xülasə çalışmağda olunuz. O ki qaldı buranın yaşayışına, təkrar yazıram ki, burada bizlər çox rahət yaşayırıq və getdikcə dəxi yaxşı dolanacağıq. Hər birimiz öz məxaricini ödəyəcək dərəcədə maaş alıb həmi hökumətimiz üçün çalışırıq, həm də camaətimizə olduqca mənfəət yetiririk. Bakı özü bır çox babətdən xeyli yaxşılaşıbdır, əvvəlcə gördüyün bir çox qəbih adətlər aradan götürülüb, hər kəs azadcasına yaşayır. Şəhərin özü də dəgişib. Tramvay, bağçalar və sair abadlığlar əmələ gəlibdir. Qərəz, inşallah gələndə görərsiniz. Qohumlarınızın da hamısı Bakıdadırlar. Cəmiyyətimiz çox böyükdür. Bir çox vəxt rajdeniyalar qurub günümüzü çox xoş keçiririk. Səni inandırım ki, əcnəbi qəzetələrində oxuduqlannız pis-pis xəbərlərdən burada heç bir əsər də görməzsiniz, gələndən sonra özün görüb təəccüb edərsən. Əlqissə, bizim hamımız uşaqların üzündən öpürük. Deyirsiniz ki, tezliklə Bakıya gəlib bir süri yoldaşlarını görərlər və onda görərlər ki, Bakı necə Bakıdır, onların Parisindən daha yaxşıdır. Əlbəttə, səfarətxanəyə tezlik ilə müraciət edib çalışınız ki, tezliklə gələsiniz. Yolunuzu gözləyirik.
Baqi salamət olasınız. Özünüzdən və uşaqlardan müqəyyəd olunuz, cəvab dəxi gözləyirik.
Bəradərin Üzeryir. 3 noyabr 1929, Bakı
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 375-376.
