"Yeni məktəb"
Türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı. Müəllifləri: M. Mahmudbəyov və Abbas Səhhət Mehdizadə. Birinci çap.
Məktəblərimizdə oxunmaq üçün birinci və ikinci ilin ana dili kitabları himmətli müəllimlərin çalışmaları sayəsində hazır edilib. Üçüncü il üçün kitab lazım idi ki, o da haman yolda işləyən Mahmud bəy Mahmudbəyov ilə şair Abbas Səhhət Mehdizadə cənabları tərəfindən tərtib edilib, öz vaxtında mövqeyi-intişara qoyulubdur.
"Yeni məktəb" kitabının möhtəviyyatı on qismə bölünübdür. Bu on qismin beş əvvəlinciləri uşaqların tərbiyə və təhzibi-əxlaqına xidmət edəcək hekayə və şerlərdən; beş axırıncı qisimlər isə uşaqlara mənfəətli bilik verən, ağlını artıran və nəzərlərini genişləndirən məqalələrdən ibarətdir. haman on qisim bunlardır:
1) Məktəb və ailə. Bu qisimdə uşaqları məktəbə çalışıb oxumağa maraqlandırmaqla bərabər, valideynə və yoldaşlara qarşı uşaqların qəlbinə məhəbbət salan hekayə və şerlər məcmudur.
2) Çalışqanlıq və bilik kimi bu qismin möhtəviyyatını təşkil edən məqalə və məcmuələr uşaqları zəhmət çəkib mənfəət hasil etməyə həvəsləndirməkdir.
3) Kömək və ittifaq. Ünvanından aşkar olduğu üzrə bu qisimdəki hekayə və mənzumələr uşaqları himmət və ittifaq ilə iş görməyə öyrədir (amma heyf ki, müəllimlərimizin özləri belə ali sifətlərdən kənardırlar).
4) El arasında. Bu qisimdəki nağıl, hekayə və şerlər uşaqları məişət və güzəran ilə aşinalandırıb, yaxşı məişətə tərğib və pis məişətdən tənfir edir...
Kitabın uşaqlarda gözəl hissiyyat tərbiyə edən bir hissəsi bu dördüncü qisim ilə qurtarıb, sair yerdə qalan qisimlər isə uşaqların məlumat və biliyini artırmaqla ağlın nəşvü nümasına kömək edir. O qisimlər bunlardır: insan, heyvanat, nəbatat, su-dəniz; bu qisimlər tarixi-təbii elminə dair olub, ara-sıra hifzüssihhədən də nafe məqalələr vardır. Bundan sonra coğrafiyadan ümumi məlumat verilib, əzcümlə ölkəmiz olan Qafqazdan və Bakı quberniyasından müfəssəl məlumat vardır. Lap axırda xüsusi bir qisim olmaq üzrə Lermontovun məşhur "Mtsıri"sindən Səhhət cənablarının bir böyük parça tərcüməsi mövcuddur.
Müəllif cənablar kitabın dilinə çox diqqət yetirib, asan, ədəbi, səhih, rus və fars lisanlarının nüfuzu xaricində olan türk dilimiz nümunəsini göstərməyə müvəffəq olubdular. Məqalələr içində olan əcnəbi sözləri haman məqalənin altında tərcümə və bəyan ediblər. Kitabın hürufatı və kağızı çox yaxşıdır. Kitab şəkillidir. İçindəki şəkillər çox aydındır. Qafqaz və Rusiyanın xəritələri dəxi mövcuddur.
Şübhəsizdir ki, müəllimlər, üçüncü şöbələrin şagirdlərinə bu kitabdan dərs verəcəklər. Kitabın qiyməti yarım manatdır. Bakının kitab mağazalarında satılmaqdadır.
Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 243-244.
