Yaraşmaz hərəkətlər
Bugünkü nömrəmizdə dərc edilmiş olan Axsxa hadisələrinin mövsuq bir mənbədən yazıldığı bizcə məlumdur. Biz orada yazılanların doğruluğuna əfsus ki, inanırıq. Ondan ötrü əfsus çəkirik ki, bu yazılanlara inanmaqla dostumuz olan Gürcüstan hökumətinin rəsmi qoşunu tərəfindən Axsxa və Azğur müsəlmanları həqqində rəva görülmüş zülmlər icrasına dəxi inanmağa məcburuq. Bu əhvalatın ümum müsəlmanlara, baxüsus Azərbaycan türk və islamlarına fəna surətdə təsir edəcəgi şübhəsizdir. Bizim təəssüratımız isə oxucularımızınkından daha şiddətlidir, çünki bu yazılanların bir para yerləri vardı ki, məzlumların hali-cigərsuzunu və zalimlərin vəhşətini o dərəcə şiddətli göstərirdi ki, bir tərəfdən qarelərin əhvali-pərişanını bir daha pərişan etməmək, digər tərəfdən arada arzu edilməyən bir xüsumət ehdasına səbəbiyyət verməmək qəsdilə, idarəmiz daxilində bilinsə də, idarə xaricində bilinməsin deyə, o yerlərini pozmağa məcbur olduq.
Qafqaz türk və islam ünsürlərinin bir hissəsini təşkil edən axsxalılar həqqində bu qədər zülm və sitəmin gürcülər tərəfindən icra edildigini eşidərkən insanın əl-ayağı boşalır və heç bir şeyə və heç bir kəsə inanmamaq, hər kəsdən və hər bir şeydən rugərdan olmaq arzusu əmələ gəlir. Bu arzunu rəf etmək və gürcü qomşularımıza qarşı bəsləməkdə olduğumuz rəğbət və xeyirxahlıq hissini xələldar etməmək qəsdilə gürcü qoşunu vəhşətinin qəlbimizdə caygir olmaq istəyən fəna təsirlərini azaltmaq üçün bu hadisələrin səbəbi-vüqui həqqində gürcülər xeyrinə olaraq nə qədər fikirlər ediriksə də, o təsirləri kiçiltmək mümkün olmayır, çünki Axsxa müsəlmanlarının bu cürə zülm və sitəmlərə müstəhəqq olacaq dərəcədə günahkar olduğunu təsəvvürə gətirə bilmirik. Siyasi günahlardan ən böyüyü mətbu dövlətə qarşı xəyanət əməlidir ki. bu günaha mürtəkib olanları dəxi o cür cəza və intiqama layiq bilmək baxüsus bu halda və bu zəmanda əsla caiz degildir. Və halonki vəhşəti törədən səbəb xəyanəti- filan olmayıb, bəlkə gürcü məmurlarının yerli əhali həqqində rəva gördükləri sui-müamilatdan əmələ gələn bir vaqeədir.
Məlum olduğu üzrə, hökumətimiz Axsxa türkləri haqqında rəva görülmüş olan bu zülmü eşidər-eşitməz, gürcü hökumətinə bir nota göndərib bu xüsusda protesto etdi. Bu notaya cavab olaraq gürcü hökuməti bizim protestomuzdan incidiyini bildirir və hökümətimizin rəftarını Gürcüstanın daxili işlərinə qatışmaq deyə adlandırıb izhari- təəccüb edir.
Axsxa və ümumən Qərbi Qafqasiya toprağı məsələsi Qafqazda beynəlmiləl bir məsələ şəklini aldığı degil, Azərbaycan və Gürcüstanda, hətta Qafqazda olan müttəfiqlər nümayəndələri tərəfindən etiraf edilən bir vaqeədir. Oralarda baş verməkdə olan hadısat və hərəkatın ruhi həm Gürcüstanı, həm Azərbaycanı, həm Dağıstanı və həm də Ermənistanı bugün müstəqil bir hökumət şəklində bərqərar etdirən eyni ruhdur. Görünür ki, Gürcüstan hökuməti istiqlalından əvvəl bu ruhun pərəstişkar və sənaxani olarkən istiqlali bədində başqa bir neqteyi-nəzərə köçüb "Azad millətlər" məsələsində müəyyən görünən ümumi nəzərə şərik olmaq istəmiyor. Yəni gürcü hökuməti millətlər azadlığı degil, Gürcüstan azadlığı nəzərini iltizam edib, qədim Gürcüstanın tarixdə mövcud olan yerlərini təmamilə ələ gətirmək üçün qədim Gürcüstan yerlərinin bugünkü etnoqrafı dəyişiklərini nəzərə almayıb, "Azad millətlər" şüarını tapdalaya-tapdalaya mənzili-məqsədə tərəf yeriməkdədir.
Əvvəla, burası var ki, tarix məsələsi mübahisəli bir məsələdir. Əgər işə bu məsələ nöqteyi-nəzərindən baxmaq lazım gəlirsə, o halda degil, yalnız bir Gürcüstan tarixini araşdırmaq bəlkə başqa Qafqaz millətləri tarixlərinin də səhifələrini vərəqləmək lazım olar.
Və saniyən tarixə istinad edib də bugünkü Qafqaz millətləri vəziyyətini və Qafqazın etnoqrafı xəritəsini nəzərə almamaq buna bərabərdir ki, "özu yaşamaq istəyib də, özgələrə yaşamaq imkanı verməmək", halbuki biz indiyə qədər gürcü qonşularımızı bunun əks tərəfdarlığı ilə tanıyıb "özu də yaşamaq, özgəni də yaşamağa buraxmaq" mənasında olan arzularını daima alqışlardıq. Əgər bugünkü Gürcüstanın idareyi-ümuru mütəəssib millətçi bir hökumət əlinə tapşırılmış olsa idi, "Azad millətlər" şüan xilafına olan bu rəftar bizi bir o qədər təəccübləndirməzdi. Halbuki bu gunə rəftarın sahibi millətçi degil, bəlkə sosialist hökumətdir və bizi də təəccübləndirən və heyrətə gətirən bu sosialist hökuməti bir mütəəssib millətçi məsləkinə yaraşan hərəkət və rəftarıdır...
İştə biz azərbaycanlılar "Azad millətlər" şüarı tərəfdarı olduğumuz cəhətdən Qərbi qafqazlılar turk və islamlarının halına yanırıq və bu yanğımızı Gürcüstan hökuməti daxili işlərinə qarışmaq qəbili- hərəkətdən ədd etmərik.
Bundan əlavə Gürcüstan hökuməti bunu da bilməlidir ki, təhti-hökumətində olan türk və islamların hər bir ehtiyacat və diləklərinə cavab olaraq top və pulemyotlarla iş görəcəksə, Azərbaycan hökuməti bu cürə işə yəni, həmcins və həmdin olan məzlumların ah və fəryadına iğmazi-eyin edə bilməz. Bu hökumət bizimlə dostluq etmək istərsə bu dostluğun əlamətlərindən olmaq üzrə öz təhti-hakimiyyətində yaşayan müsəlmanlarla hüsni-müamilədə bulunmalıdır. Dostluğumuzu möhkəmləşdirəcək olan bu müamilə Gürcüstanın öz daxili işlərinə də hüsni təsir cdəcəgi şübhəsizdir.
Yoxsa bugün Qafqaz müsəlmanları arasında öz fəaliyyət millətpərvəranəsilə məşhur olan Faiq əfəndi kimi möhtərəm zatların Gürcüstan məclislərində təhqir edilməsini, o biri gün Axsxa müsəlmanlarının topa və gülləyə tutulduqlarını eşidəcək olarsaq, təbiidir ki, gürcülərə qarşı qəlbimizdə bəslədiyimiz olan meyil və rəğbət hissi get-gedə məhv olub özündə qeyri-məmul hisslər peyda olar. Bu isə Gürcüstanın və gürçülərin xeyri degildir, zənn edirik.
Ümidvar oluruq ki, bu günlərdə səmimiyyət ilə alqışladığımız olan Gürcüstan məclisi-müəssisanı bu hadisata dərin və geniş bir nəzərlə baxıb. Qərbi Qafqaz müəssisəsi həllində "Azad millətlər" şüarına riayətdən əlavə Gürcüstan təhti-hakimiyyətində olan müsəlmanların bütün ehtiyaclarını rəf edir və həqsız olaraq top-tüfəng istemalını öz hökumətinə tərk etdirər.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 123-125.
