Ordan-burdan
Rus adamları Dövlət dumasında olan vəkillərindən tələb eləyirlər ki, onlar gedib, bilavasitə padşah ilə danışsınlar və ehtiyaclarını bilavasitə padşahın özünə desinlər.
Ay ruslar, bəs biz müsəlmanlar nə edək ki, Dumaya göndərdiyimiz vəkillər padşah oyanda dursun, öz duma yoldaşlarının yanında da danışmaq istəmirlər. Və elə dinməz oturublar ki, guya ağız açsalar qiyamət bərpa olar. Onlara bir deyən yoxdur ki, ay vəkillər, axı belə iş olmaz. Sizi bura danışmağa göndəriblər, yoxsa Dövlət dumasına Qafqazdan "Nobar" göndəriblər?
* * *
Rusiyanın ən müəzzəm bir məhəllində, yəni Darüssəltənə Peterburq şəhərində millətlər vəkilləri cəm olub, hamısı (bizimkilərdən başqa) danışırlar, tələb edirlər ki, əhaliyə olan polis zülmü yox olsun. Rusiyanın, bu cəsur Rusiyanın, kənar guşələrinin birində, yəni Cəbrayıl uyezdində Davıdov adlı bir polis adamı vəkillər tələbinə, filanına baxmayıb, əlindən gələn zülmü heç bir müsəlmandan əsirgəmir. Kişi burada əyləşib iş görür: komitet düzəldir, adam öldürtdürür, rüşvət alır, soyğunçuluq, basqınçılıq etdirir, qərəz, Araz çayının bu tərəfində oturub, o tərəfindəki İran xanlarını yamsılayır. Görünür ki, oralarda hakim adlanan adam bir bu Davıdovdur. Qubernator, naçalnik, Qoloşşapov, zad, heç biri yoxdur!
* * *
Lənkəranda vaqe olan "drama"lardan biri.
Pristav (kəmali istirahət ilə oturub). Ux!.. Nə yaxşı dincəlirəm, bax buraya gələndən bəri çox kökəlmişəm (qarnına vurur). Bah, bah, bah! Bir az da burada qalsam, lap cırılaram! Özümün kökəlməyim oyanda dursun, cibimin kökəlməyi məni çox... xa, xa, xa "uspakayevat eləyir".
Uryadnik (tələsik daxil olur, özü də qorxudan sapsarı saralıbdır). Barin! Razboyniki napali, çto nam delat? (Yəni quldurlar hücum edibdir, biz nə qayıraq?).
Pristav (lap arxayın). Poskarey vı i kazaki spryaçtes kuda nibud v podval. A musulmani qonite srajatsya s razboynikami! Pust ix!..
Yəni, siz və kazaklar zirzəmidə, zadda gizlənin, müsəlmanları da qovun ki, gedib, quldurlar ilə dalaşsınlar!? Habelə!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 241-242.
