Nuri-didə Ceyhun, Zurya va Ceyçik!: [13 yanvar 1919-cu il]
Salam-duadan sonra bugünki 13 yanvardır, Azərbaycanınsa təsdiqi bayramına məşğuluq. Bu əhvalata hamıdan artıq nənəm söyündi, çünki dedim ki, indi Ceyhun, Cəlil gərək tez qayıtsınlar, Filhəqiqə yəqin sizə xəbər olacağdır ki, tez qayıdasınız.
Siz göndərdiginiz beş yüz franq yetişdi və mən onu Azərbaycan puluna dəgişib on min manat hasil etdim və o puldan iki min beş yüzün nənəm ilə Səyyadə, üç mini Abhəyatə və iki mini də Məhbubə verdim. Franqlar özümdədir. O ki qaldı Parisə, truppa aparmaq işinə, mən bu barədə Nəsib bəy ilə danışdım, o da tapşırdı ki, mən İsmətə düzəldim. Mən də düzəldib, verdim. Ancaq Nəsib bəy demədi ki, əgər bizi təsdiq etsələr, o halda getməyə lüzum olmayacaqdır. Odur ki, indi artıq getmək əhvalatı hələ sonraya qaldı. Əvvəl siz gəlin görüşək, bəlkə sonra genə bir yerdə getməlı olduq.
Evdəkilər hamısı sağ və salamatdırlar. Həmçinin Aişə xanım və əqrəbası hamısı salamətdirlər. Bir neçə gün bundan qabaq Aişə xanım bizdə idi. O da sizlər barədə çox qüssə edir. Qəzetə işim, musiqi işlərimə çox xələl yetirir, odur ki, qəzetədən çıxmaq istəyirəm, lakin hələ ki, bir münasib müdir tapa bilmiyorlar. İndi mən sən gələni gözləyib, qəzetəni şaxlaram.
Sən gələndən sonra işə baxarıq. Baqi hələ ki, şayani- diqqət bir əhvalat yoxdur ki, yazım. İşdir, əgər siz orada qalmalı olsanız o halda mənə xəbər edərsən. Əmma gəlsəydiniz, çox yaxşı olardı ki, görüşüb söbət edək. Baqi hamımızın sizə çox-çox salam-duamız vardır. Zuryaya artıq salam-dua deyib, Ceyçikin üzündən öpərsən.
Bəradərin Üzeyir. 13 yanvar (1919)
Arxeoqraf tərəfindən tarix düz qeyd olunmayıb. Ceyhun bəyin Parisə səfər etməsi haqqında 9 yanvar 1919-cu il tarixdə "Azərbaycan" qəzetində müraciəti var. Yanvar ayının 13-də isə heyət Batum şəhərində olublar. Məktub çox ehtimal ki, 1920-ci ilə aiddir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 317.
