Üzeyir Hacıbəyli

Ordan-burdan: [Müsəlman kəndlisinin siyasi söhbəti]

- Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
- Əlbəttə, vəzir böyükdür!
- Yaxşı, indi söz gəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?
- Salar!
- Vəkil də, söz gəlişi, istəsə gobumatı salar, elə dəyilmi?
- Bəli!
- Gobumat da deməli, nəçənliyi salar?
- Bəli!
- Nəçəlnik də pristavı salar?
- Bəli!
- Pristav da yüzbaşını salar?
- Bəli!
- Yüzbaşı! da, deməli bizi salar?
- Bəli!
- Yaxşı,onda deməli, bu gün məsələn, vəzir istəsə vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da?
- Salmağına salar, amma qazamatda bir elə yer olmaz.
- Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur...

                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 320-321.