Üzeyir Hacıbəyli

Şayiələr münasibətilə

“Denikin gəlir”, deyə camaət arasında dövran edən şayiələr Bakı əhalisinin rus, yəhudi və sair qismini həyəcanlara salmaq üzrədir. Baxüsus rus qisminin həyəcanı bir dərəcəyə qədər şiddət etmişdir ki, Bakı rus milli komitəsi dabravol komandanlarına müraciətlə əksəriyyən Petrovski tərəfindən nəşət edən boylə şayiələrin nəşri mənini-sülh və müsalimət namına rica etmişdir. Zənn edilirdi ki, “Denikin gəlir” şayiələri Azərbaycana tabe olmaq istəməyən və “Vahid Rusiya” tərəfdarı olan rusları sevindirəcək, ruhlandıracaq və yalnız Azərbaycan türk və islamlarını əndişələrə salıb mütəhəyyic edəcəkdir. Halbuki boylə şayiələrin təsiri əksinə olur. Azərbaycan türk və islamları bu şayiələrdən heç də mütəəssir və mütəğəyyir olamayıb, “Denikin gəlir-gəlsin qabağına çıxmağa hazırıq” mənasını ifadə edən bir vəziyyət alıb kəmali-asudəlik ilə öz iş və güclərilə dəvam etməkdə, əmma rus və qeyri-müsəlmanlar həyəcanlara düşüb çox əndişələr biruzə verməkdədirlər.

Bu nədəndir?

Nəzdikbin adamlar bu əhvalata özgə bir təfsir verib belə izah edirlər ki, guya rus və şairələrinin qorxduğu Azərbaycan türk və islamlarının qəhr və qəzəbindəndir. Yəni Denikin Azərbaycan üzərinə hücuma başlarsa, müsəlmanlar acıq üzərinə Azərbaycandakı rusları kəsib tələf etməgə başlarlar.

Əlbəttə, rusların ürəyinə boylə şeylər gələ bilər, çünki işə səthi nəzərlə baxıldıqda boylə hadisələrin vüqui ehtimal daxilində bir şeydir.

Fəqət əgər rusların xof və əndişəsi yalnız bu ehtimaldan əmələ gəlmiş olsa, o surətdə ruslar məmləkətimizdə əyləşibdir “ax” müsəlmanlar bizi kəsəcək” qorxusu ilə qara-qara fikirlərə düşmək əvəzində şeylərini yığışdırıb buradan köçər və dabravol əlində olan şəhərlərə daşınmaqla başlarını bəladan qurtarardılar.

Halbuki biz bunu görmiyoruz. Ruslar yerlərində möhkəm oturub, heç kəs qaçaqaç və ya köçə-köç fikrində deyildir.

Ona binaəndir ki, durbin adamlar rus həyəcan və əndişəsini başqa çürə təfsir edirlər.

Hər kəsə məlumdur və məlum olmayanlara da məlum oldu ki, Azərbaycanda türk və islamları hər bir işdə nizam və qaydaya riayət edən, intizam tərəfdarı olan “distiplina”ya mail bir xalqdır. Bu gün Azərbaycan ilə Denikin arasında müharibə başlanarsa, Azərbaycan türk və islamları heç bir vaxt etidallarını əldən verməyib, hökumətimizin əmrinə tabe olub, hökumət vətən və millət müdafiə və mühafizəsi yolunda hər kəsə hər nə vəzifə verərsə, hər fərdimiz öz vəzifəsinin icrasına məşğul olacaq və heç bir kəsdən xudsər işlər baş verməyəcəkdir.

Bu üzdən müsəlmanların “intiqamından!” qorumaq fikrinin əsası o qədər də möhkəm degildir. Rusların və qeyri-xaricilərin əsaslı qorxusu bundadır ki, bəlkə Denikin ilə Azərbaycan müharibəsində Denikin qalib gəldi, o halda nə olar? O halda ümumazərbaycanlılar istər rus olsun, istər müsəlman, istər yəhudi hamısı nizamsız quldur, oğru, əyrilər dəstələrindən ibarət olan və heç bir əsgəri qaydalara riayət-etməyən vəhşi və yırtıcıların əlində qalıb canı da gedər, malı da. Çünki Denikin qoşununun boylə vəhşilərdən və dərədən-təpədən yığılmış quldur və oğrulardan ibarət olduğunu bizdən yaxşı ruslar bilirlər. Denikin qoşununun ayaq basdığı yerlərdə sakitlik və asayişdən heç bir əsər qalmayıb, orası olur bir cəhənnəm bucağı.

Bundan əlavə Azərbaycanımızda istirahətlə yaşamaqda olan rusları, nə qədər bizi istəməsələr də Denikinin vəhşi kazakları “xain" cümləsindən hesab edib, “siz rus ola-ola Azərbaycana qulluq edib, Rusiyaya xəyanət göstərdiniz!” deyə beduni sorğu-sual kəsib tələf edəcəkdirlər.

İştə bura rusların qorxduğu dəxi əsl bundandır, nəinki müsəlman intiqamından...

Fəqət bu əndişələr hamısı nahaqdır. Əgər qəza Denikini dolaşdırıb da Azərbaycan üzərinə saldırmaq istərsə, onda görünür ki, Denikinin alnında yazılan “sənin ölümün Qafqazda” ibarəsidir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 283-284.