Bir müəmma, yaxud sofizm
Osmanlı hökuməti günlərin bir günü məşrutəni oğurladı. Camaat dedi: "Məşrutəni bura ver!" hökumət dedi: "Vermirəm!" Camaat dedi: "Ver!" hökumət dedi: "Vermirəm!".
Vermədi və otuz iki il məşrutəni saxladı. Axırda camaat dedi:
- Sənə demirəm məşrutəni bəri ver?!
Onda hökumət qorxub dedi:
- Ala, daha neyçün acığın tutur?!
Qərəz, bunun ona dəxli yoxdu, bu heç! Bu bir aydın işdir. Amma İranın işi müəmmadır ki, o müəmmanı hər kəs həll edə bilsə, çox böyük hünər göstərmiş olar.
Haman müəmma budur: İran hökuməti məşrutəni oğurlayıbdır. Məşrutə isə camaata çox lazımdır. Onda İran hökuməti deyir:
- Bax, əhd qururam, əgər camaat doğru desə, məşrutəni verərəm.
Camaat deyir ki, İran hökuməti məşrutəni verməyəcəkdir. Onda hökumət deyir:
- Sənin bu sözün ya doğrudur, yaxud yalan. Əgər yalandırsa, məşrutəni verə bilmərəm, çünki əhdimiz var; yox, doğru olsa, genə verə bilmərəm, çünki versəm, sənin sözün ki, "hökumət məşrutəni verməyəcəkdir - yalana çıxır.
Adam elə bilir ki, daha hökumətin bu sözünə qarşı heç bir irad etmək olmaz. Halbuki camaat ona belə cavab verir:
- Mənim sözlərim yalan da olsa, doğru da olsa, sən gərək məşrutəni verəsən. Çünki sən özün iqrar edirsən ki, mənim bu sözlərim ya doğrudur, ya yalan. Əgər doğru isə, o halda sən məşrutəni əhdimizə görə verməlisən; Əgər yalan olsa, daha tez verməlisən, çünki verməsən, mənim doğruçu olduğumu özün isbat edərsən!!
İndi müəmma budur ki, aya hökumət məşrutəni verərmi, verməzmi?! Hər kəsin hünəri var, bu müəmmanı həll eləsin. Və həll edəndən sonra İrana göndərsin, çünki İran məşrutəsinin verilməməyi, daha doğrusu, gah verilib, gah verilməməyi və camaatın da məşrutəni gah istəyib, gah istəməməyi bu müəmmanın həllsiz qalmağındadır.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 100.
