Üzeyir Hacıbəyli

Təəssürat (III)

Rus Məclisi-Məbusanı olan "qosudarstvennı" dumada heç vaxt eşitmədim ki, "inorodes" deyilən qeyri-rus və bunlardan baxüsus müsəlman məbusları nitq üçün kürsüyi-xitabətə çıxarkən onu təbrik edib əl çalsınlar.

Lakin biz, qafqazlıyıq, mehmannəvazlıq bizim yaxşı, ya fəna xasiyyətlərimizdən biridir. Odur ki, parlamanımızda qeyri-müsəlman məbusları nitq söyləməgə çıxarkən, müsəlman əzaları onlara heç olmasa bir "Allah saxlasın" edib əl vurdular, halbuki hələ məlum deyil idi ki, bunlar bizim xeyrimizə danışacağdırlar, yoxsa zərərimizə.

Zatən əziz dostumuz gürcülərin, həmdərdimiz polyakların, hörmətli almanların və aşinamız yəhudilərin məbuslarından zərərimizə danışılacaq sözlər gözləmirdik. Bizi maraqlandıran "Rus-islavyan"' cəmiyyəti-məbusının bəyənnaməsi idi.

Məbus Vinoqradov cənabları həman bəyannaməni oxudu, məclis diqqətlə qulaq asdı. Marağımıza toxunan yerlərinə də bir söz deyən olmadı.

Həman bəyannamənin xülasəsinin, xülasəsinin xülasəsi budur:

-Vahid Rusiya və azad Azərbaycan.

Yəni Rusiya dövləti əvvəlki kimi öz yerində qalsın və Azərbaycan da azad olsun!

Bu mətləb ki, adına "nazik" demək layiqdir, bir çoxlarını fikir dəryasına qərq edir.

Necə ola bilər ki, Rusiya dövləti əvvəlki yerində qalsın və Azərbaycan da azad olsun?

Əgər Rusiya dövləti əvvəlki yerində qalsa, Azərbaycan azad olmaz. Əgər Azərbaycan azad olsa, Rusiya dövləti əvvəlki yerində qalmaz. Həqiqət, bu bir müəmmadır!

Mən zənn edirdim ki, "Vahid Rusiya və Azad Azərbaycan" şüarı, bugün bir para sosialistlərin Rusiyada federativ bir cümhuriyyət yapmaq arzusuna işarədir ki, bir vaxt "Müsavat" firqəsi dəxi bu arzuda olub "türklük" ittihadına bu növ ilə bir yol açılar, zənn edirdi.

Lakin bu deyilmiş bəyannamədə "Rus Federativ Cümhuriyyəti" naminə heç bir işarə də yoxdur.

O halda, bəs müəmmanın açarı nərədə?! Şübhəsiz ki, "azad" sözündədir.

"Azad" sözü öylə bir "Allah bəndəsi" sözüdür ki, dartsan-dartılar, yıxsan-yıxılar, açsan-açılar, yumsan-yumular...

Bizə "Vahid Rusiya və Azad Azərbaycan" şüarı qərib və hətta məhal görünür.

Əmma "Rus-islavyan" cəmiyyətinə nə qərib görünür, nə də məhal. Çünki "azad" sözünü biz başqa bir mənada anlayırıq, onlar da özgə bir məzmunda, odur ki, bizə çətin görünən şey onlara asan görünür.

"Hər halda biz, vahid Rusiya qurmaq işlərinə heç bir vəchlə xələl yetirib mane olmarıq, bu şərtlə ki, bu işdən bizim istiqlalımıza zərər dəyməsin".

Bu sözləri parlaman məclisinin zəbani-hali diyordi...

Əvvəlcə adını da dürüst yaza bilməyən və İstanbula gedib bir il qalmaqla türk ədəbi lisanını və kitabətini mükəmməl deyiləcək surətdə öyrənmək istedadı göstərməklə bizi heyrətdə qoyan doxdur Qarabəy cənabları "İttihad" fraksiyasının bəyannaməsini oxudu.

Qosudarstvennı dumalarının sağ cinahında oturan fraksiyaların bəyannamələri yadımdadır ki, təqribən bu məzmunda idi:

Milliyyət məsələsində - şovinizm
din - təəssüb
kəndli - qamçı
fələ - yumruq
özgə millətlər - ruslaşdırmaq
qonşular - ədavət

Əmma bizim parlamanın sağ cinahında yerləşən "İttihad" partiyası, bəyannaməsinə görə o qədər hürrəndiş, o qədər azadi-dust və o qədər demokratikdir ki, dumanın solunun solunda da oturmağa layiqdir.

"İttihad" fraksiyasının, parlamanımızın sağ tərəfinə meyl və məhəbbəti o dərəcədədir ki, doxdur cənabları öz nitqini məclisin sağ kürsüsündən deməkdə dəxi israr edib, sədr cənabları ilə də bir balaca mübahisəyə girdi.

Qarabəy cənabları, fraksiyalarını vətən və millət yolunda niyə və nəyi müdafiə edəcəklərini bir-bir sayarkən əz cümlə möhtərəm Rusiya demokratiyasının əllə qazanılmış və bizə ehsan edilmiş qənimətlərdən danışdı.

O gündən bəri fikirdəyəm ki, görəsən o "qənimətlər" ki, möhtərəm rus demokratiyasından bizə "ehsan" edilibdir hansı qənimətlərdir ki, bizim ondan xəbərimiz yoxdur?

Bəlkə bizim "ehsan" payımızı özgələr yeyibdirlər ki, bizə çatmayıbdır!

Mənim yaxşı yadımdadır ki, möhtərəm rus demokratiyasının əlilə qazanılan "qənimətlər" hürriyyətlər idi. Və bu da yaxşı yadımdadır ki, o "qənimət"lərdən bizə nəinki "ehsan" etmədilər, hətta Nikolay zamanından bəri "dilənçi payı" olmaq üzrə əlimizdə qalan "qənimətlər"! də geri almaq istədilər.

Və burası da yadımdan çıxmayıbdır ki, (gərək doxturun da yadında olsun) ağzımızı açıb söz demək istədikdə möhtərəm rus demokratiyası naminə iş görən həriflər başımıza öylə qapazlar salmağa başladılar ki, yerimizi, yurdumuzu da qapaz vuranlara qoyub, hərəmiz bir diyara qaçmağı səlah bildik.

Sonrası hər kəsə məlumdur, təkrara hacət yoxdur. Ancaq bunu yetirmək istəyirəm ki, doğrudur, rus demokratiyası qan töküb, baş yaran rus istibdadından "qənimətlər" aldı. Biz dəxi o qənimətlərdən payımıza düşən hissəni almaq üçün qan da tökdük, can da verdik, baş da yardıq.

Boylə olan surətdə o "ehsan" hansı ehsandır?

Hansı "qəniməti" bizə "ehsan" verdi?

Qənimətdən məqsəd hürriyyət isə, haqq isə, biz ona malik olmaq üçün "ehsan" almadıq, bəlkə onminlərcə can qurban verdik, çaylarca qan axıtdıq!

Ola bilər ki, "bizə ehsan edildi" kimi təbirlərdən bir para safdərunlar xoşlana bilər, lakin deyərmi ki, bir taqım adamların "xoşlanmaq" xatirəsi üçün şəhidi-hürriyyət olanlarımızın ruhunu incidəcək? Məncə, dəyməz!

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 42-44.