Üzeyir Hacıbəyli

Ordan-burdan: [Əli aşı və Vəli aşı]

Qafqaz maarif popiçiteli yerli camaat məktəblərindən ötrü tazə proqram göndərib və bu proqrama görə həman məktəblərdə ana dili həftədə 6 dərs, rus dili də həftədə 12 dərs olacaqdır.
Popiçitel cənablarının bunu belə etməkdən mənzuru budur.
"Yerli ibtidai məktəblərin məqsədi yerlilərin mənəvi və əqli tərəqqilərinə kömək etmək və habelə onların zindəganlığını yaxşılatmaq üçün yol açmaqdır, o biri tərəfdən də onların arasında rus dilini yaymaq və ümumi vətənpərəstlik yolunda rus milləti ilə yaxınlaşdırmaqdır".
Çox gözəl, indi görək aya, ibtidai məktəbdə ana dilinin altı və rus dilinin 12 dərs olmağı ilə popiçitel cənablarının bu qəşəng sözləri "çin" olarmı? Görürsən ki, bir çox adamlar, 15-20 il rusca oxuyurlar, sonra əllərinə qələm alıb rusca bir şey yazırlar və bir rus qəzetəsi idarəsinə göndərib təvəqqe edirlər ki, çap olunsun. Qəzetə müdiri məqaləni oxuyub, cırır və deyir ki, çox bisavad yazılıbdır.
Bəs məlum olur ki, rus dili çox çətindir və onu bir millət arasında "yaymaq" üçün və o adamları rusca savadlı eləmək üçün əqəllən 8-9 klaslı məktəblər açmaq lazımdır.
Halbuki ibtidai məktəblərdə 3-4 il oxunur və uşaq nə qədər səyli olsa da, 3-4 ilin ərzində o qədər rusca bilir ki, axırda bir gün bir rus ilə danışsa, onun da başına mənim başıma gələn iş gələr. Mən ibtidai məktəbdə 4 il oxuyub, hər il "naqrad" ilə klasdan-klasa adlayırdım və o məktəbdə ki, "hürriyyət" zamanından irəli idi, gündə bir saat öz dilimizdə və qalan saatları da rus dilində oxuyurduq. Məktəbi qurtardım, bir gün atam məni götürüb dedi ki, gedək bir rus ilə danışacağam, mənə dilmanclıq elə. Getdik. Atam dedi, mən tərcümə elədim. Rusca bildiyim sözləri müzayiqə eləmədim. Rus qulaq asdı, asdı, axırda dedi ki, "neçeqo ne ponyal", yəni heç zad anlamadım. Bir-birimizə baxa- baxa qaldıq. Axırda atam bir erməni çağırdı, gəlib bizə dilmanclıq elədi. Evə qayıdarkən atam mənə deyirdi: heyif sənə xərclədiyim pullar!
O ki qaldı ana dilinin azalmasına və 6 dərs olmasına, onda da yenə gündə uşaq bir saat dərs oxumaqla axırda ancaq öz adını və bir də atasının adını yazmaq bilər və bir gün olar ki, onun başına mənim başıma gələn iş gələr. Məktəbi qurtardıqdan sonra bir gün qonşumuz mənə müsəlmanca bir kağız yazdırdı və göndərdi. 15 gündən sonra qonşumuz mənə bir kağız verdi ki, oxuyum. Mən kağıza bir qədər baxıb, bunu oxudum ki, əvvəla səlamət olasınız və saniyən bu tərəfin əhvalını... burada dayandım və gözümü kağıza zillədim və gördüm ki, dalını oxuya bilmirəm. Ha səy elədim, ancaq tək bir "yaxşı" sözünü oxuya bildim. Sonra bir dükançı haman kağızı oxuyub, bilmişdilər ki, kağız yazan şikayət edib deyir ki, yazdığınız kağızı oxuya bilmədim. Kağız yazanda da bir savadlı adama yazdırın ki, yaxşı oxumaq olsun.
Bu əhvalatdan sonra atam az qalmışdı ki, məni başmaqçı yanına şagird qoysun, amma mən qaçdım.
Bu proqramı popiçitel cənablarına təlqin edən maarif nəzarətini inandırıram ki, camaat məktəbində rus dilinin artması və ana dilinin azalması ilə yerli əhali mənən və əqlən tərəqqi edib zindəganlıqlarının yaxşılaşması üçün yol tapmazlar və "ruslar" ilə də yaxınlaşıb "ümumi vətənpərəst" olmazlar, bəlkə, Əli aşından da, Vəli aşından da olub, axırda avara və bədbəxt olarlar.
Həqiqət hali nəzərə almayıb, qəşəng-qəşəng sözlər demək çox asandır.

                                                                                                                                                 Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 57-58.