Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun!: [24 iyul 1922-ci il]

Salam-duadan sonra bizlər hamımız, əlhəmdullah, sağ və salamət varığ. Əvvəlcə onu deyim ki, Bəhram bəy Axundovun "İttihad"çılara məxsus xainanə hərəkəti məni çox pərişan etdi. Getməkdən bir gün qabaq mənlə görüşüb gedəcəyi həqqında bir söz də mənə söyləmədi ki, bəlkə birdən mən ona kağız verəm deyim ki, bunı Ceyhuna ver. Mən sənin yerinə olsam ona nəinki hörmət etmərəm, heç qapıma da qoymaram. O cürə namərdlər hörmətə layiq degildirlər.

İndi keçək öz işlərimizə.

Yay yetişdi, hər kəs daça fikrinə düşdü. Fəqət mən bu xüsusda heç bir fikirə dalmadım, çünki əsl fikrim Parisə gəlmək idi. Amma indi yay gəldi, daçaya gedən getdi. Fəqət mən nə daçaya gedə bildim, nə də Parisə, çünki Paris səfəri o qədər-o qədər pul istəyir ki, evimin bütün əşyasını satsan genə də öhdəsindən gəlməz. Ona görə mən neçə gündür ki, başlamışam əlimə düşən pulları qızıla verirəm ki, qızıl yığıb Paris pulunu xərcini düzəldim. Zatən əgər "Arşın mal alan" fəqərəsinə sən yazdığın tyatronun böyük bir əhəmiyyət vermək ciddi olsa idi o tyatro mənə yol xərci kimi avans pulu göndərə bilərdi və mən də o surətdə hökumətdən məzunuyyət alıb, bir-iki aylıq gələ bilərdim, pulu İran səfarəti vasitəsilə göndərmək olardı. İndi, hər halda bu mümkün isə bu barədə sən çalış. Mümkün olmayan təqdirdə bir qədər gözləmək lazımdır ki, ta mən pul tədarükü görüm.

Buradakı məişətimizə qaldığda biz çox yaxşı dolanırıq. Heç bir şeydən korluğumuz yoxdur. Bacımgil bu günlərdə Buzovnaya köçdülər və Kəmalı da apardılar. Kəmal çox intiresni olubdur, yeriyir və danışmağa başlayır, özü də siz göndərən paltarları geyir və təşəkkürlər edir.

Biz isək, yəni nənəm. Məleykə və mən hələ ki, şəhərdə də qalmışıq. Emiş dəxi bizimlə olur və mənə yalvardı Zöhrəyə və uşaqlara ondan çox-çox salam-dua yazım. Abhəyatdan sağ və salamatlıq xəbəri gəldikcə yüzümüz də güləcəkdir. Aişə xanım neçə vəxtdır ki, Mustafanın yanına gedibdir. Zülfüqargil və uşağları salamatdırlar. Qərəz hər nə nigarançılığımız varsa, yalnız siz- lərdəndir. Hər halda təki sağlığ olsun. Baqi nənəm, Məleykə və mən daha qohum-əqraba və dost-aşna sizlərə çox-çox salam- dualar göndərib, üzlərinizdən öpürük.

Baqi əddua.

Bəradərin Üzeyir. 24 iyul, 1922

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 335-336.