Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun və Zöhrə!: [3 oktyabr 1924-cü il]

Salam-duadan sonra Cəmala yazdığınız məktub gəlib çatdı. Fəqət nədənsə mənim kağızlarıma cavab yazmırsan, ona görə də mən səndən kağız almamış sizin buraya köçməniz barəsində hələ lazım olan tədaviri görüyoram. Əlbəttə, mənə cavab yaz. Əlavə "Arşın mal alan"ın notlarını sənə göndərdim. Havalarını yəqin ki, sən bilirsən, sözlərini də kitabdan götürərsən, mən istədim ki, "Arşın mal alan"ın notlarını tazədən düzəldib və bəzi havalarını dəgişim, fəqət sən tələsdirdiyinə görə öyləcə göndərdim. Yalnız bir müqəddiməsini düzəltmişəm. Notların gəlib yetməsini yaz bildir. Hər halda "Arşın mal alan"dan sən ümüd etdigin nəticələr hasil olsa çox gözəl olar və mətbuata-flana düşərsə mənim oraya gəlməgim də asan olar.

Əlavə anamgil hamısı bağdan qayıdıb bizlərlə bərabər olurlar, hamısı sağ və salamətdirlər. Aişə xanım dəxi buradadır. Keçən gün gəlib bizdə qalmışdı.

Buraların əhvalı yaxşıdır. Mən genə öz musiqi məktəbimdə işləməkdəyəm. Baqi öylə bir əhvalat yoxdur ki, yazam. Ancaq səndən məktub gözləyirəm. Əlbəttə, kağız yazıb fikrini söylərsən. Hələki, xudahafiz, bizim hamımızın ağzından uşaqlan çox-çox öpərsiniz və salam-dua deyərsiniz.

Bəradərin Üzeyir. 3 oktyabr, (1924), Bakı

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 360.