Üzeyir Hacıbəyli

İranda inqilab

Haman bu inqilab sözünün İran işlərinə dair istemal olunacaq məqamı əsil bugünkü gündür ki, bütün Tehran millət mücahidləri əlinə keçib, istibdad, İranın o qoca istibdadı gurultu ilə kökündən qoparılır. İran, hətta Osmanlı kimi məmləkətlərdə millətin birdən-birə təcdidi-həyat etməsi inqilabsız, yəni qanlı inqilabsız baş tutmazdı və tutmadı da. Buna şahid haman qansız inqilab idi ki, əvvəlcə İranda, sonra Osmanlıda baş verib də nikbinləri sevindirdi, lakin inqilabı anlayan və qansız inqilablara inanmayan şəxsləri daim duşündürməkdə və şübhələr içində buraxmaqda idi ki, İranda iyun və İstambulda 31 mart faciələri vüqu bulub nikbinləri məyus etməklə bərabər, bədbinləri də şübhədən çıxartdı.

31 mart hadisəsindən sonra Osmanlıda yenidən əsl inqilab vaqe olub, doğrudan da istibdad məhv edildi.

Bu gün isə haman əsl inqilab İranda baş verməkdədir. Odur ki, bu inqilabın nəticəsinə də kamali-etimad ilə inanmaq olar.

Ajans teleqraflarından qabaq bu gün idarəmizə və xüsusi adamlara teleqramlar gəlib, millət mücahidlərinin Tehranda vaqe olmuş fəth və zəfəri-qəhrəmanələrini bizə bildirmişdi ki, onun sonunda da ajans teleqrafları yetişib Tehranın mücahidlər əlində olduğunu və şahın əcnəbi səfarətlərinin birinə qaçmaq fikrini bizə bildirdi.

Əvət, bir bu qədər inadlıq göstərib də, təcdidi-həyat etmək arzusunda olan millətin yoluna sədd çəkməklə on milyonluq bir camaatı müstəbid əli altında əzmək istəyən şah bu gün özünə bir təriqi-nicat axtarır, pənah arayır... Bütün istibdad tərəfdarları bildilər ki, beylə bir gün də varmış. Ehtimal öz məsuliyyətlərinin ağır olduğunu indi hiss etməyə başladılar və "Nə eləyim, necə eləyim"—deyə qalıbdırlar.

Alınan teleqramlardan ən fərəhamiz və ümmidbəxş xəbər orasıdır ki, millət qoşunu bir çox adamların gözlədiyi kimi, qarət və bu kimi rəzil hərəktlərdən kənar olub, asudəliyi üçün çalışdığı, yolunda canını fəda etdiyi millətin asayişini gözləyib, zəbt və təsxir etdikləri yerlərdə nizam və qayda bərpa edirlər; o səbəbdəndir ki, əhali böyük bir şadlıqla öz nacilərini alqışlayırlar.

Məşrutəçilərin Tehranda bilkülliyyə müzəffər olduqları artıq şübhəsizdir. Çünki teleqramlardan anlaşıldığına görə, şahı qoruyanlar yalnız bir kazaklarmış. Deməli, sərbaz-filan deyilən ünsür olduqca fürsəti fövt etməyib, məşrutəçilərə tərəf keçibdirlər. Qəyur mücahidlər Tehrana daxil olub da, yalnız bir kazaklar ilə müharibədədirlər. Digər teleqramdan görünür ki, kazakların dəxi bir hissəsi məşrutəçilərin tərəfinə keçibdir, deməli, yerdə qalan dəxi ya məhv olub gediblər, yaxud təslim olarlar.

Yenə də teleqramda bir işarə vardır ki, Ingilis səfarəti yanında bərk atışma var idi.

Bundan aşikardır ki, müstəbid başçılarından kim imişsə, ən zorbası Ingilis səfarətində gizlənmək istəyirmiş. Mücahidlər isə buna mane olmağı lazım görüb, şiddətli atışma vüqu bulubdur. Heyf ki, teleqrafın burası açıq deyil və Ingilis səfarətinə qaçmaq istəyənin kim olduğunu bu gün bilmədik.

Dünən və bu günə qədər İranın gələcək günlərinə arxayınca və nikbinanə bir nəzərlə baxmaq çox çətin idi. Bəxtiyarilərin ağır hərəkəti, Sipəhdarın tərəddüdü, digər tərəfdən isə Osmanlının Krit məsələsinə məşğul olub da qonşusu İrandan sərfi-nəzər etməsi, rus qoşununun İran torpağına girməsi, Təbrizin "tətil işğalı", bunlar hamısı İranın bu yaxın gələcəyinə qarşı qara pərdə şəklində görünüb, mavərada nə olduğunu göstərmirdi. Lakin bu iki günü həvadisi haman qara pərdəni dəf etdi. İran işlərinin üzünə gün doğan kimi oldu.

Sərdar Əsəd və Sipəhdar həzrətləri rus və ingilis nümayəndələri ilə bir çox danışıqdan sonra hər bir tərəddüd və istər-istəməzliyi kənara atıb, qəti bir surətdə Tehran üzərinə yeridilər. Yeriyib də Tehranı aldılar. Və ümdə burasıdır ki, əcnəbi müdaxiləsinə səbəb ola biləcək hər bir vüquatı bərtərəf etməklə belə ağır, müşkül və məsuliyyətli işdə böyük bir tədbir və məharət sahibi olduqlarını bildirdilər.

Şübhəsiz demək olar ki, şahın bütün ümidi öz kazaklarına, sərbazlarına deyil, məhz əcnəbi müdaxiləsinə idi. Şah və tərəfdarları bu fikirdə idilər ki, millət qoşununun hərəkətləri əcnəbi müdaxiləsinə muntəc olub, o surətdə də heç olmasa, İran bədbəxtliyinin məsuliyyətinin yarısı onların üzərinə olacaqdır.

Lakin bu qüsur əmələ gəlmədi. İstər Peterburq, istər London mühafilində bunu iqrar etdilər ki, millətin şaha qarşı elan və icra etdiyi müharibə əcnəbilərin həyatını heç bir təhlükəyə düçar etmir. Rus hökuməti dəxi öz sözü üstündə durub, feli müdaxilədən çəkindi.

İndi bugünkü teleqramlardan anlaşıldığına görə, İranın ürəyi olan Tehran və binaənileyh bütün İran millət əlindədir. Bir iş qalıbdırsa, o da şahı ələ gətirib lazım olan şərtləri ona qəbul etdirməkdir. O şərtlərin də nədən ibarət olduğu hələlik müəyyən surətdə ancaq bir Sipəhdar ilə Sərdar Əsədə məlumdur. hər halda bu iki zati-möhtərəmin bu günlərdə göstərdikləri tədbir və məharət onların gələcəkdə də İranın xoşbəxtliyinə və hər kəsin məmnuniyyətinə səbəb olacaq işlər görəcəklərini təmin edir.

İran millət qoşunu Tehranı alıb da, orada icra etdiyi hərkəati-aqilanə və müdəbbiranələri ilə İstambulu alan Osmanlı hərəkət ordusunun gördükləri gözəl işləri yada salır. Lakin bütün bu qanlı müsadimələrin səbəbi-yeganəsi olan Məhəmmədəli isə öz qullənüması, yəni həmkarı olan Əbdülhəmidin yerişini yerimədi. Yerimədiyinə səbəb başqa bir şey olmayıb, bəlkə özünün Əbdülhəmiddən onqat səbükəqt olduğudur.

Məhəmmədəlidən ola bilsin ki, daha artıq cinayətlər icra etdirmiş olan Əbdülhəmid başdan ayağa qədər ağır günahlar içində olduğunu nəzərə ala-ala yenə də öz millətinə təslim olunmağı və öz həyatını millətin ixtiyarına tapşırmağı özgə dövlətlər himayəsində iltica etməyə tərcih verdi. Halbuki Əbdülhəmid millət tərəfindən öldürülməyəcəyindən heç də əmin deyildi.

Məhəmmədəlinin bu yolda Əbdülhəmidi təqlid etməməyinə iki səbəb ola bilər: Ya ola canının qorxusu və millətin mərdliyinə inanmaması və yainki öz millətinə qarşı qəlbində bəslədiyi nifrət. Bu barədə təfsilata girişməyə ehtiyac yoxdur. Hər halda Məhəmmədəlinin qəlbi böyük və alicənab adamlara məxsus hissiyyati-aliyədən bilmərrə boş olduğu təbyin etdi. Bu adamda zərrəcə də olsun padşahlıq sifəti yox imiş.

Bugünkü teleqramlardan anlaşıldığına görə, millət qoşununun Tehranın içini şah tərəfdarlarından təmizləmək vəzifəsi hələ qurtarmayıbsa da, artıq qurtarmaq üzrədir. Millət qoşunununa müqavimət edən Lyaxov kazaklarının bəqiyyətüsseyfdir. Onlar isə zatən özlərini qoruyurlar. Əgər bu gün Lyaxov təslim edildiyi surətdə canı salamatda qalmasına əmin olsa, haman dəm təslimi-silah edər.

O səbəbdəndir ki, bəzi ruslar Lyaxovun təslimi bədində sağ qalıb-qalmayacağını bilmək üçün Sipehdar və sərdar Əsəddən bu barədə xəbər bilibdilər. Onlar isə, cümlə mərdlərə mənsub bir tərzlə cavab veribdilər ki, nəinki Lyaxovun özü, bəlkə onun kazakları belə silah yerə qoyub da müqavimətdən əl çəksələr, əmniyyətdə qalacaqları şübhəsizdir.

Kazak məsələsi bitdikdən sonra mücahidlərin ən böyük işi məmləkətin tərzi-idarəsini təyin edib, ona müvafiq surətdə bir şah seçməkdir. Bu mühüm məsələnin nə tərəfə mail bir surətdə həll olunacağını indidən bilmək çətindir, çünki bu xüsusda hələ ki, heç bir məlumat yoxdur. Yalnız xüsusi müxbirimizin teleqramından anlaşıldığına görə, bunu bildik ki, Qacar nəslinin ən qədimlisi olan Müəzzidüssəltənə naibüssəltənə təyin olunmaqla bərabər, sərdar Əsəd daxiliyyə və Sipəhdar hərbiyyə vəziri təyin olunubdular.

Hər halda bu gün İranın iqbalı elə bir müdəbbir və müqtədir adamların əlindədir ki, məmləkətin gələcəyindən əmin olmağa hər kəs haqlıdır.

Bu gündən belə İran əhli öz milliyyətləri ilə iftixara haqlıdırlar. İran əhli XX əsrin səsinə səs verməklə, öz mürdə olmadığını isbat etdi.

Cahil mollaların dünya malına olan hirs və təməindən dolayı avam mütəəssiblərin himayəti-cahilanəsi sayəsində təxti-səltənətdə qərar tuta bilmiş olan müstəbid gurultu ilə yerə düşdü.

Onunla bərabər əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş olan çürük əqidələr dəxi puç olub getdi.

Bu gündən belə İranda təşəkkül etmiş olan yeni hökumətin vəzifəsi ən ağır vəzifələrdəndir. Lakin bu vəzifə yalnız vəzifeyi-icraiyyədən ibarət olacağından, ondan daha böyük vəzifə ki, qanunsazlıqdır, məclisin öhdəsinə olub, məmləkətin tərəqqi və rifah halından hökumətdən artıq məclis məsul olacaqdır. İranın zavallı birinci məclisi, doğrudur, öz vücudu ilə İran üçün böyük bir təsəlli idi, amma iş görməklikdə bir o qədər fəal deyildi. Çünki, əvvələn, haman məclisin iş görməsinə qarşı şah və həşəratı tərəfindən mümaniətlər ibraz olunurdu. Bundan başqa, məclis əhlinin bir çoxu öz vəzifələrini dürüst başa düşməmişdilər, amma bu gün İranda əsl məşrutənin nədən ibarət olduğunu bilməyən adamlar varsa da, onların idareyi-ümuri- məmləkətə heç bir dəxl və təsərrüfləri yoxdur.

Deməli, bu məclisə seçiləcəyi zənn olunan zəvatın hər biri öz və özgə təcrübələrilə idareyi-məşrutənin nədən ibarət olduğunu layiqincə bilirlər.

Məclis ilə hökumətin ən birinci və ən mühüm vəzifələri isə məmləkəti sakit etdikdən sonra əhali arasında ülum və maarifi XX əsrin təqazasına müvafiq surətdə böyük bir sürətlə müntəşir və təmim etməkdir. Xalq mütəməddin olduqdan sonra öz-özünü rifah-hal ilə dolandırmaq yolunu gözləyə bilər.

Bu günlərdə isə Sipəhdar və sərdar Əsədin borcu qanuni- əsasiyə qəlbən sadiq olan, olduqca zor və müntəzəm bir qüvvə əldə saxlamaqdır ki, bundan sonra üz verə bilən hər bir təcavüzati-irticaiyyəni bidayətincə məhv və nabud etmək mümkün olsun.

Bəli! İran tarixində qızıl xətt ilə yazılmağa şayan olan əhlini səmimi qəlb ilə təbrik edib, İranın qəyur mücahidlərinə mütəşəkkirdirlər.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 108-112.