Üzeyir Hacıbəyli

Tələbələr məsələsi

Qəzetimizin dünənki nömrəsində ədib və müəllimi-möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşgül halından bəhs edib, onlara bir çarə arayırlar.

Edadi məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan belə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşgüldürsə, student namı ilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşgüldür.

Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə az-çox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur. Odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda "Kaspi" qəzetində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianəyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən mümaniət görməsinlər.

Binəva cavanlarımız yeddi-səkkiz il realnı və gimnaziyalarda çalışıb ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə girməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə, illərlə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur-olsun, deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalara düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar.

Realni və gimnaziya qurtarmış tələbələrdən başqa, bir də başqaları vardır ki, məsələn, müəllimlərdən və ya məmurlardan və ya xüsusi cavanlardan iki-üç il gecə və gündüz zəhmət çəkib yəhudi, erməni, gürcü, rus cavanları ilə müsabiqə imtahanlarına girib, öz elmi və qabiliyyətləri sayəsində "attestat zrelosti" adlanan şəhadətnamə ala bilirlər. Bu şəhadətnaməni ala bilən cavanların universitetə və darülfünunlara qəbul edilməyə haqları olur; amma yenə də pul işi aralıqda olduğuna görə, bu binəvaların zəhmətləri özlərinə qalır.

Bu cavanlardan bir çoxu olur ki, fövqəlzikr şəhadətnaməni aldıqdan sonra, öz qulluğundan əl çəkib təhsili-ali dalınca gedir; lakin yenə də pulsuzluq ucundan darülfünundan əl çəkib, əvvəlki qulluğunu əlindən itirir.

Söz yoxdur ki, bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq.

Bu sözlər boş sözlər deyildir, acı həqiqətdir. Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir, ona binaən indidən çarə axtarmalıdır ki, tələbələrimizin oxumaq şərtləri təmin edilsin ki, onların də ədədləri ildən-ilə artsın. Oxumuşlarımız çox olsun. Bir çox dəfə cəmiyyətlərdə və qəzetlərdə "Tələbələr sandığı" barəsində danışıqlar olmuşdu və hələ elə bir "sandıq" dəxi təşkil olunmuşdu, lakin biz bu günlərdə bir tələbənin ağzından eşitdik ki, "sandıq" sınıq düşübdür, daha mövcud deyildir.

"Tələbələr sandığı" çox gözəl bir şeydir. Əlbəttə, əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir. sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmali-təhsil etmiş olan tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injener və sair olmaqla, yaxşı maaş sahibi olarlar. Ona binaən, haman tələbələr özlərinə "sandıq" tərəfindən sərf olunan məbləği qism-qism "sandığa" iadə edə bilərlər və bununla "sandığın" pulu da azalmaz, sandıqdan sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar.

Söz yoxdur ki, öz dolanacaqlarına kifayət edən puldan başqa, fəzlə pulu olan adamlarımız əgər o puldan cüzi bir şey çıxarıb sandığa daxil edərlərsə, haman sandıqda külli pul əmələ gələr ki, onunla bütün müstəhəqq tələbələrimizə kömək etmək mümkün olar. Belə bir sandıq təşkili barəsində dəfələrlə qəzetlərdə və məclislərdə sözlər olub, amma içindən bir şey çıxmayıbdır. Həmin məsələni təkrar yada salırıq, zatən belə bir işin əmələ gətirilməsinə ən əvvəlcə mövcud cəmiyyətlərimiz baş qoşmalıdırlar.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 134-136.