Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun və Zöhrə!: [11 iyul 1923-cü il]

Salam-duadan sonra çox şükürlər olsun ki, sizə kağız yazmaq mümkün oldı. Bizim əhvalımız bu günədir ki:

Əvəlla, mən hökumət qulluğunda varam musiqi şöbəsinin müdiriyəm. İşlərimi baqayda aparıram və Maarif Komissarı Dadaş Bünyadzadə məndən razıdır. Bütün musiqi işlərini mənə həvalə edibdir. Halbuki, əvvəlcə bu işə başqaları dəxi müdaxilə edib, işə xələl yetirirdilər. Mən onlar ilə böyük mübarizələr etdim və axırda müvəffəq oldum. Maaş və məvacib işlərinə gəldikdə hər çənd burada ələlümum maaşlar çox azdır, bu qədər az ki, heç bir günün xərcini ödəməz, fəqət, mənə başqa müdaxilələri, yəni aftorski qonorar və sairəni dəxi aldığıma görə, demək ki, nəinki özümüz dolanırıq, hətta Cəmala da əl tuturam. Buranın xərci çoxdur, yəni pulun, kağız pulun qiyməti xeyli düşdügünə görə bir külfəti saxlamaq üçün hər ay bir milyon yarım və ya iki milyon manat pul istər. Mən bu pulu qazana biliyoram. Təlif və təsnifatlarıma gəldikdə yeni bir şey yazmışam, fəqət Şərq və Azərbaycan musiqisi əsası həqqında tətəbböatda bulunub bu xüsusda böyük bir daklat hazırlamışam, məzmunu o qədər calibi-diqqətdir ki, onu Paris məhafili-musiqisində dəxi oxuya bilərəm. İnşallah, nəsib olsa, orada da oxuyaram.

Məleykə müəllimlik edir, özü də bu günlərdə musiqi dərsi ögrənməyə başlayubdur. Fəqət heyf ki, can bir o qədər salim degildir, əməlli bir tədaviyə möhtacdır, halbuki, o da burada mümkün degildir, bunun üçün sanatoriyalar lazımdır, onların da ki, yaxşısı məmaliki-əsnəbiyyədədir. Görək sağlıq olsun bəlkə sonra düzələr.

Nənəm sağ və salamətdir, ancaq siz tərəfdən çox nigaranlığ çəkir, özü də qocalığ əsri olaraq baş gicəllənmə, ürək döyünmə kimi hallara düçar olur, əmma genə ayaq üstədir və ev işinə məşğuldur, nənəmi bu günlərdə yəni beş gün bundan əvvəl bacımgil ilə bərabər Buzovnaya göndərdim. Orada uşaq baxçası açılıb Məhbub və Ayulduz qulluğ edirlər, bundan istifadə edərək hamısını oraya göndərdik.

Bacım da salamətdir, fəqət oğlu Cəbbar sarıdan çox nigaran olduğuna görə dərd və qəm çəkir, çünki Cəbbar həqqında sərih bir xəbərimiz yoxdur, kimi deyir ki, Ərdəbil ilə Lənkəran arasında Şahsevənlər ilə müharibə olub öldürülübdür, (Cəbbar plemyot zabiti idi) kimi deyir ki, yaralanıb, sonra itibdir, kimi deyir ki, sağdır. Özü də İrandadır, qərəz bu xüsusda doğru bir xəbər yoxdur. Mən öldürülməsinə daha artıq inanıram.

Cəmal isə sağ və salamətdir, özünün bir oğlu olubdur ki, adın Kəmal qoyubdırlar. Çox yaxşı uşaqdır, beş aylığdır. Bacım əlindən yerə qoymur və ondan Cəbbarın təsəllisini alır.

Cəmal özü də sənayeyi-nəfisə şöbəsinin baş katibidir. O da bir həftə bundan əvvəl Sarabski ilə bərabər Şamaxıya getdi ki, həm tyatrolar qoysunlar və həm də bir az dincəlsinlər.

Sehra dəxi ərə gedib, onun da bir oğlu oldı, əmma qarnında öldü. Sehra da nənəgil ilə bərabər Buzovnaya getdi. Məhbub böyüyüb və özü də müstəqil bir adam olubdur, həmi dərs oxuyur, həmi oxudur, böyük həvəsi musiqiyədir, onu nəğmə müəlliməsi etmək istiyoruk.

Gəlinimiz Ayulduz bir od parçadır, əmma işləməkdən əriyib çöpə dönübdür, özü çox danışır, xəbərçiliklə böyük həvəsi vardır, qərəz zirək qızdır.

Zülfüqar ki bildir səninlə bərabər bir-iki ay işsiz qalmışdı, indi çoxdandır ki, işdədir, özü də işi yaxşı aparır. Qulluq elədiyi hərbi dairədə yaxşı hörməti vardır. Boylə ki bunun sayəsində nənəmi Buzovnaya gedərkən vağzala qədər avtomubil ilə apardı. Böyükxanım və uşaqları dəxi salamətdir, yalnız bir Zümayradan başqa ki, yazıq qız ehtiyatsızlığ nəticəsi olaraq qızılcadan sağala bilmədi...

Aişə xanımgil həqqında bir söz dəxi yazmıram, çünki özü məktub göndərdi. Yerdə qalan qohumlarımız Məleykənin anası və Məryəmin oğlu Raufdan başqa sağ və salamat olub, duaları vardır. Abhəyat əri ilə bərabər Zaqataladadır.

Bu gün bizi bərk düşündürən şey sizinlə görüşmək imkanı bulmağdır. Mən boylə qət etmiş ki, sentyabr aylarına yaxın bir vəxta buradan izn alıb İstanbula gedim ki, Şərq aləti-musiqiyəsi gətirəm. Əgər bu iş mümkün olsa, yəni İstanbula gələ bilsəm, o halda oradan Parisə dəxi gedib sizin ilə görüşərəm və sizi və siz ilə bərabər Ceyçik ilə qardaşını görüb, qayıdanbaş hamıya nəql edərəm. Çünki Ceyçikilə qardaşını hamı bizimkilər ağızlarında əzbər edibdirlər. Baqi hələki salamət olasınız. Əgər gəlib-gedən olsa, əlbəttə əlif-əlbət özünüzdən bizə bir əhval yazasınız. Nənəmin, bacımın, Məleykənin ağzından hamı azı birbəbir öpüb hamının səlam-duasını göndərirəm.

Bəradərin Üzeyir. 11.VII. (1923).

Tarix düz qeyd olunmayıb.

Кəmаl 1921-ci ildə anadan olub. Məktub Kəmalın beş aylığında yazılıb.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 344-346.